Modern.az

İlham Əliyev bir neçə dövlət başçısını təbrik edib

İlham Əliyev bir neçə dövlət başçısını təbrik edib

24 İyun 2017, 18:26

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik inkişaf etməkdədir. Ümidvaram ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız bundan sonra da ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim sülh və rifah diləyirəm".

***

Dövlət başçısı həmçinin, Sloveniya Prezidenti Borut Pahoru da təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


***

Azərbaycan Prezidenti Cibuti Respublikasının dövlət rəhbərinə də təbrik ünvanlayıb:

"Hörmətli cənab Prezident,

Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Cibuti xalqına sülh və firavanlıq arzulayıram".


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir