Modern.az

Gömrükçülər külli-miqdarda qızılın ölkəyə gətirilməsinin qarşısını aldılar

Gömrükçülər külli-miqdarda qızılın ölkəyə gətirilməsinin qarşısını aldılar

24 İyun 2017, 20:10

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Balacayev Səməd Məhəmməd oğlu gömrük nəzarəti zonasına daxil olarkən hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan o, baqajının içərisindəki mallarının yoxlanılması və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı Səməd Balacayevə məxsus çamadanın içərisindəki paltarların arasından, kiçik həcmli parça və sellofan paketlərin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və yazılı formada bəyan olunmayan, bəzilərinin üzərlərində qaşlar olan 2 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzərində "POCCИЯ 50г золото 999,9 N M4.9365" sözləri həkk olunmuş külçə, 1ədəd üzərində "Tiffany 8 Co. 1995 İtaly" sözləri həkk olunmuş qolbaq, sırğa, üzük dəsti və 5 ədəd kolye aşkar edilib.

 

Aşkar olunan əşyalarla bağlı fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin olunub və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən, ekspertizaya təqdim edilən 1 ədəd üzüyün metal hissəsi 585 əyarlı qızıldan, 1 ədəd külçə 999 əyarlı qızıldan, digər zərgərlik məmulatlarının metal hissələri 750 əyarlı qızıldan hazırlanıb, ümumi çəkisi 519,32 qram təşkil edir və məmulatların qaşları brilliantdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir