Modern.az

Tanınmış bəstəkar: “Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən”

Tanınmış bəstəkar: “Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən”

25 İyun 2017, 14:48

“Uyğun adama verilməyən müsahibələr bizi xərcləyir”

 

“Müsahibə verməyi sevmirəm. Çünki əksəriyyətinin sonrası əsəb,gərginlik gətirir”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış bəstəkar Aygün Səmədzadə bildirib.

 

“Niyə ağrımayan başa dəsmal bağlayırsız ?”

 

Əksəriyyətini müsahibələrdən yaranan qondarma müsahibələr adlandıran bəstəkar, yenə də çoxsaylı xahişdən sonra müsahibə verdiyini deyib:

“İndi isə ünvanlara müraciət edirəm: Ay adam,efirdə gedəni təhrif olunmuş başlıqla "bəzəyib”  “yazı” düzəltmək nə vaxtdan iş sayılır? Sualınız var,özümə verin. Efirdən eşitdiyinizi də yaza bilmirsizsə, başlıq üçün çıxardığınız nəticə bu qədər yanlışsa, nəyə lazımsız, kimə lazımsız?

 

Əslində bu yanlış yazılar,uyğun adama verilməyən müsahibələr bizi boş-boşuna xərcləyir.Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən. Jurnalist oxucu ilə körpü yaradacaq adam olmalıdır. Sənəti öz yerində, qalmaqalı öz yerində görə bilməlidir. Bu hissiyyat yoxsa, get başqa sahədə qurdalan...

 

Niyə ağrımayan başa dəsmal bağlayırsız ki?... Mən sözü çəkinmədən demək qabiliyyətinə malik və dediyimin arxasında duran adamam.  Bu sənət aləmində çəkindiyim bir adam olmasa da, hörmətsizlik etdiyimi də görən olmayib. Flora xanım mənim ilk iki ən gözəl mahnımı gözəl oxuyan müğənnidir. Sevdiyim sənətkardır. Mənə qədər də var idi, məndən sonra da olacaq. Aygün Kazımovayla həmişə çox xoş münasibətim olub. Konsertimdə hərə müəyyən səbəbdən iştirak etməsə və mən bundan incisəm də sonralar mahnılarımı ifa ediblər. Hətta mənim son CD albomumda hər iki müğənninin ifası yer alıb. Mənim nə Flora xanım, nə Aygün Kazımova, nə də digər adları çəkilən müğənnilərlə qalmaqal və qadağalarım olmayıb. Heç bir vaxt onlara "mahnımı oxumayın” deməmişəm”.

 

“On iki il sonra məqsədiniz nədir?”

 

A.Səmədzadə qeyd edib ki, adı çəkilən müğənnilərlə siz-biz münasibətindədir:

“Və bu adamların heç biri mənim səsimi yüksəkdən eşitməyib. İstəməmək ayrı, qadağa etmək ayrı, inciyib susmaq ayrı. Hərənin öz prinsipləri var. Mən də bir adamı bir yerə bir dəfə dəvət edirəm. Və anlamıram ki, 2005-ci il konserti ilə əlaqəli ara söhbətlərini on iki il sonra ortaya atıb hansı məqsədə çatmaq istəyirsiz?

Məndən fərqli olaraq bu sənət adamları mətbuata daha açıqdırlar və istədiyiniz mövzuda sizə maraqlı həmsöhbət ola bilərlər.Və siz də "yüksək" intellektinizə söykənib mövzudan variantlar düzəldib daha maraqlı, qalmaqallı situasiyalar qondara bilərsiz”.

 

 

“Facebookda söyürlər, küçədə görüb şəkil çəkdirirlər”

 

Bəstəkar sosial şəbəkələrdə yazılan şərhlərdən narazılığıı ifadə edib:

“Burada oturan camaat üçün fərqi yoxdur, sən kimsən, hansı səviyyənin sənət adamısan. Təki atmağa daş olsun. Kimə gəldi atacaqlar. Kimi gəldi söyəcəklər. Onlar üçün alim, rəqqasə, millət vəkili, müğənni və ya uşaq oğrusunun fərqi yoxdur. Burada söyürlər, küçədə görsələr şəkil çəkdirirlər. Hərdən bu şərhlərə baxanda bilirsiz nə gəlir göz önünə? Kütlənin yaratdığı dairə -ortada bir adam və hər tərəfdən üstünə gələn daş-qalaq. Edam cəzası olan ölkələrdə qana susayan insanalardan fərqləri yoxdur. Sadəcə irtica vasitələri sosial şəbəkədi.

Bu qədər aqressiyanı, paxıllığı haradan yığır bu adamlar? Niyə öz həyatlarıyla məşğul deyillər? Ancaq neqativ, qiybət, yalan. Uğurlu insanları sevməyən bir mühitdə, insanların sevincinə ağlayanların əhatəsindəyik. Gözəl günlərə susan pisliklərlə bir ortamı bölüşməyə məcburuq. Amma vay o gündən ki, kimsə xəstələnə ya ölə. Onda o xəstəni də, ölünü də dağ başına aparıb az qala ilahiləşdirirlər. Diriləri sevməyən, ölülərlə təsəlli tapanlar öz çirkablarında boğularlar inşaallah. Onlardan bir də adam olmaz. Saytlarda çalışan və operativ tədbir görən bəzi dostlara görə saytların adını yazmıram.Ümid edirəm ki,bundan sonra paylaşdığınız yazıları diqqətlə oxuyub,sonra əlaqəli və yazıdan çıxan başlıqlardan yararlanarsız. İndi isə “İpək yolu” Beynəlxalq musiqi festivalında gözəl və ciddi bir konsertə hazırlaşıram. Necə deyərlər bayram bayrama qarışıb. Məni bu qədər narahat etməsəydiz ,sizi də dəvət edərdim”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?