Modern.az

Gürcüstan azərbaycanlıları Şuşanı anıblar

Gürcüstan azərbaycanlıları Şuşanı anıblar

8 May 2011, 19:09


Gürcüstanda fəaliyyət göstərən, Azərbaycanlıların Mədəniyyət Mərkəzində Şuşanın işğalının 19-cu ildönümü anılıb.

Tədbiri  açan AMM –in rəhbəri Fazil Həsənov Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların mədəniyyət evi olduğunu  bildirib.
``Tədbir iştirakçılarının əksəriyyəti Şuşada olmasalar da onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr, adlar, mədəniyyət nümunələri bizim fəxrimiz olaraq qalır və bizim hər birimiz Şuşanı doğma şəhər kimi sevirik. Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün  çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik``-F.Həsənov vurğulayıb.

Tədbir iştirakçıları Şuşa şəhidlərinin  ruhunu bir dəqiqəlik sükütla yad ediblər. Daha sonra Azərbaycan – Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva  qeyd edib ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi  olub. Mədəniyyətə  əvəzsiz  töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. “Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil,  hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və   tarixi abidələri  məhv edirlər və dünya buna göz yumur”.

Çıxış edən ziyalılar, gənclər və tarixçilər Şuşanın tarixi və işğalı ilə bağlı öz rəylərini bildirdilər və Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə qaytarılmasına ümid etdiklərini bildiriblər.

Daha sonra Qənirə Paşayevanın baş məsləhətçi, Etibar Məmmədovun  rejissorluğu ilə Şuşaya həsr olunmuş filmin nümayişi olub. Filmdə əslən Şuşalı olan şəxslər şəhərin tarixi və yetişdirdiyi insanlar haqqında danışırlar. Filmdə Şuşanın  yetişdirdiyi mədəniyyət xadimlərindən  və tarixi abidələrdən  bəhs edilir. Eyni zamanda, Şuşanın dünəni və bu günü təsvir olunur. İşğalçı Ermənistan dövlətinin  Şuşa şəhərini necə talan etdiyi, mədəni abidələri, qəbiristanlıqları, heykəlləri necə məhv  etdikləri  haqqında filmdə açıq-aşkar kadrlar göstərilir.

Filmin gürcü, ingilis və digər dillərdə də çıxacağını bildirən Qənirə Paşayeva bu filmin gənclər arasında  yayılmasını məktəblərdə nümayiş olunmasını və gürcü cəmiyyətində yayımlanmasını təklif edib.

Tədbirin sonunda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin çox böyük qüvvə  olduğunu bildirən  iştirakçılar öncə onların  öz tarixlərini öyrənib sonra cəmiyyətdə təbliğ olunmasını  tövsiyə ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür