Modern.az

Hitlerin müsəlman ordusu

Hitlerin müsəlman ordusu

Ölkə

9 May 2011, 11:16

İkinci Dünya Müharibəsinin ən qızğın dövründə Almaniya faşistlərinin lideri Adolf Hitler o zaman üçün son dərəcə qeyri-adi olan bir qərar qəbul edib. O müharibə illərində almanlar tərəfindən əsir götürülmüş müsəlman əsgərlərə Almaniya tərəfində vuruşmağı təklif edib.

Modern.az-ın məlumatına görə, BBC əməkdaşı Culian Ohalleran "Hitlerin Müsəlman Legionu" adlı oçerkində Hitleri bu addımı atmağa vadar etmiş səbəblərdən və müsəlman əsgərlərin niyə nasistlərin tərəfinə keçməsinin səbəblərindən bəhs edir:

"1941-ci ildə Hitlerin orduları zəbt etdiyi ölkələrin torpaqları üzərində nəzarətini genişləndirirkən, nasistlər öz sıralarına 10 minlərlə müsəlman əsgəri çağırdılar.
Ari irqinə mənsub alman əsgərlərin xidmət etdiyi bir orduya müsəlmanların cəlb edilməsi Hitlerin siyasətində kəskin dəyişiklik idi. İlk dəfə müsəlmanlar şərq cəbhəsində, Sovet İttifaqının ordusu ilə döyüşə atıldılar.
1941-ci ilin yayında 4 milyondan artıq Sover əsgəri almanlar tərəfindən əsir alınmışdı. Onların bir çoxu müsəlman idi. Onlara seçim verilmişdi: ya Almaniyanın tərəfində döyüşsünlər, ya da əsir düşərgələrində məhv olsunlar".

Hitler ordusunun yalnız almanlardan ibarət olacağı barədə vədinə hələ Yuqoslaviyada xilaf çıxmışdı. Vaffan SS-in üzvü olmuş şahidlərdən biri deyir ki, ən irqçi dünyagörüşünə malik almanlar nəinki 40 min müsəlmanı öz sıralarına qəbul etdilər. Onlar hətta müsəlmanların dini və mədəni tələblərini ödəmək üçün əllərindən gələni etdilər:

"Onların öz dini azadlıqlarını həyata keçirmək imkanı var idi. Müsəlmanların rasionundan donuz əti çıxarılmışdı. Namaz qılmaq üçün, ölənlərini adətlərinə uyğun olaraq basdırmaq üçün şərait yaradılmışdı. Sona kimi bu qaydalara əməl edilirdi".

Əlbəttə, müttəfiq qüvvələrin tərəfində daha böyük sayda müsəlman döyüşürdü. Ən çox da Şimali Afrika və Yaxın Şərqdə. Lakin müsəlmanlardan ibarət legionun yaradılmasına Hitlerin icazə verməsi İkinci Dünya Müharibəsinin ən müəmmalı və yaddaqalan hadisələrindən biri idi.

1941-ci ilin iyununda Almaniya Sovet İttifaqıyla müharibəyə başladı. Bu dünya tarixində ən irimiqyaslı hərbi kampaniya idi.

Ümumi hiss belə idi ki, müharibə altı aydan çox davam etməyəcək. Almanlar deyirdirlər ki, qapıya təpik vursan ev uçacaq.

Professor Norman Stoun deyir ki, Hitler və onun generalları olduqca böyük səhvə yol vermişdilər. Onlar alman ordusunun belə böyük itkilər verəcəyini gözləmirdilər.

“Onlar strategiya üzərində az düşünürdülər. Belə ki müharibənin yayın sonuna kimi bitəcəyinə arxayın idilər. Müharibə uzananda isə Hitler getdikcə artan sayda qüvvəni şərq istiqamətinə göndərməli oldu.
Almaniya ruslara qarşı hərbi kampaniyanın məqsədləri ilə müqayisədə ilk öncə çox az sayda qüvvə ayırmışdı. Beləki, almanlar Norveçdə, Yunanıstanda, Avropa və Asiyanın bir çox yerlərində əsgəri qüvvə saxlamalı idilər".

"Alman ordusunun əsir götürdüyü milyonlarla sovet əsgəri arasında müsəlmanlar çox idi. Əsirlərin saxlanılma şəraiti son dərəcə dözülməz idi. Ya qalıb əziyyətlər içində tələb olmalı, ya da Almaniya tərəfinə keçməli idilər" - deyə professor Stoun bildirir.

“Hitler və Gerinq rus əsirlərinin qidalandırılmasını pulu havaya atılması hesab edirdirlər. Təbii ki, əsirlər daima ac idilər. Onların arasında hanibalizm halları olurdu. Böyük hissəsi dəhşətli şəraitdə keçinirdi. Belə bir şəraitdə çoxlarına almanların onlara qoşulma təklifi cəlbedici görünürdü”.

Yeni rekrutlar Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi respublikalardan idilər. Nasistlərin tərəfinə 150 min müsəlmanın keçdiyi təxmin edilir. Münhendə yaşayan Səttar Babazadə Türküstan legionunun üzvü idi. O deyir ki, nasistlər onlara ölüm və dirim arasında seçim etməyi tələb edirdilər:

"Bizi sıraya düzdülər. Dedilər ki, kim bizim tərəfdə döyüşmək istəyir. Heç kim çıxmadı. O zaman əmr verdilər ki, sıramızdan 10-cu, 20-ci, 30-cu, 40-cı və 50-ci əsgər irəli çıxsın. Çıxdılar. Gözümüzün qabağında onları güllələdilər. Sonra yenə soruşdular: Kim isyətir? Cavan idik, yaşamaq istəyirdik...Ona görə razı olduq.
Düşərgədə almanlar hərəmizə bir buxanka çörək verdilər. Sonra dəmiryol stansiyasına qovdular. Bilmirəm neçə gün getdik. Yolda ölən də oldu. Axırı çatdıq. Dedilər ki, Polşadayıq. Hamını hamama apardılar, yuyunduq. Sonra bizə Polşa ordusunun formasını verdilər. Beləcə də, əsgər olduq...".

“Nasistlərin Müsəlman Əsgərləri” kitabının müəllifi Conatan Riq deyir ki, bu əsgərlər daha çox yardımçı rollarda çıxış edirdilər:

“Müsəlman sovet əsgərlərini almanlar ön cəbhədə yerləşdirirdilər. Onlar silah və yük daşınmasında iştirak edirdirlər. Lakin sonradan onları döyüş əməliyyatlarına da cəlb elədilər. Bəzi müsəlmanların Sovet rejiminə nifrət edirdilər.
Çünki 20 il ərzində kommunist rejimi dindarları təqib edirdilər. Onlara elə gəlirdi ki, Hitler və alman ordusu onları azad etməyə gəlirlər. Sovet ordusundan fərqli olaraq, burada onlara ibadət etmək, dini mərasimlərini həyata keçirmək imkanı yaradılmışdı”.

Buxarada yaşamış bir özbək qoca deyir ki, almanlar onların əlinə silah verib cəbhə xəttinə göndərməkdən ehtiyat edirdilər.

“Bizdən soruşdular ki, kim nə bacarır. Sürücüləri sürüclərə qoşdular. Traktorçuları traktorlara. Sonra hamımızı Polşadakı Loyerhammer şəhərinə apardılar. 3 ay bizə təlim keçdilər. Avtobatalyonda işlədik. Belə də işləyirdik. Hər maşında bir nəfər bizdən olurdu, bir nəfər də alman. Yük daşıyırdıq”.

Almanlar şərq cəbhəsində milyonlarla itki verirdilər. Müsəlman rekrutlardan yeni döyüşkən batalyonlar yaratmaq ehtiyacı getdikcə daha çox təcililik səciyyəsi kəsb edirdi.

“İlk öncə türkmənlərdən ibarət diviziya yaradıldı. Bu diviziya döyüşlərdə müəyyən uğur qazana bildi. Onlara elitar bir qüvvə olmaq üçün nə təlim keçilmişdi, nə də ki onlar lazımi silahlarla təchiz edilmişdlər. Buna baxmayaraq, demək olmaz ki onlardan istifadə tam fəlakət oldu”.

Müharibədən sonra Amerikaya köçmüş Ruzi Nəzər bir sıra yerlərdə Sovet əsgərləri ilə döyüşməli olduğunu bildirir.

"Əvvəlcə Belarusda sovetlərlə döyüşdük. Xeyli itki verdik. Sonra isə daha mərkəzi rayonlara aparıldıq və orada vuruşduq".

Lakin müsəlmanların alman sıralarına çağrılmasının arxasında böyük bir ziddiyyət dururdu. Hitler deyirdi ki, onun ordusunda yalnız mifik ari irqinə mənsub əsgərlər olmalıdır.

“Hitler sarışın və göygöz almanların ordu sıralarında döyüşməsini istəyirdi. Uzağı hollandlar və ya belçikalılar. Lakin sonradan o başqa irqlərdən olanların orduya qəbuluna razı olmalı oldu. Həm də heç də ari sayılmayan yaponlarla Hitlerin ittifaqı var idi”.

Ordunun irqi “paklığını” nasist partiyasının üzvlərindən ibarət Vaffan SS və onun rəhbəri Henrix Himler qorumalı idi.

“Vaffan SS-ə sırf alman qanı olan adamlar daxil olmalı idilər. Buradakı zabitlər 1750-ci ildən bəri bütün nəsil-nəcabətinin əsl alman olduqlarını sübut etməli idilər ki, yəhudi qanına malik olmadıqlarını göstərsinlər. Hətta Himlerin özü onların fotoşəkillərini yoxlayaraq, kifayət dərəcədə ari olduqlarını öz gözləri ilə görməli idi”.

Lakin canlı qüvvəyə ehtiyac az sonra bu kriterilərin zəiflədilməsinə gətirib çıxardı. Himler ari stereotipindən qat-qat uzaq olan adamları ordu sıralarına qəbul etməli oldu.

“Himlerin irqi fərqlərə baxışları nəzərə alınarsa, bu fövqəladə bir hadisə idi. Vaffan SS almanların irqi üstünlüyünün bir rəmzi idi. Hamı hündürboylu, sarısaçlı, mavi gözlü idi. Buna görə türk müsəlmanların əsgərliyə çağırılması bu irqçi illüziyanın nəzəriyyələrinə zidd bir addım idi”.

Almanlar şərq cəbhəsindən xeyli uzaqlarda yaşayan müsəlmanları da orduya daxil edirdilər. Bunu etmək üçün nasistlər 1941-ci ildə Yaxın Şərqdən gəlmiş bir şəxsə üz tutmalı oldular. Onun adı Hacı Əmin əl-Hüseyni idi. Onun titulu daha vacib idi – Qüds şəhərinin ali müftisi. Doktor Tac Hargeyt deyir ki, fələstinli olan əl-Hüseyni çox böyük nüfuz sahibi idi.

“1920-1939-cu illər arasında o aparıcı ərəb xadimlərindən biri idi. Əl-Hüseyni yəhudilərin Fələstin torpaqlarına köçürülməsinə və İsrail dövlətinin yaradılmasına kəskin etiraz edirdi”.

Yəhudilərə belə düşmən münasibət Hitlerin siyasətinin tərkib hissəsi idi.

“Ali müfti Berlinə gedəndə maddi və mənəvi dəstək istəyirdi. Ona çox yaxşı münasibət göstərildi, ev və limitsiz vəsait verildi. Əl-Hüseyni müsəlmanları inandırmağa çalışırdı ki, nasistlər onların müttəfiqidir”.

Nasistlər tezliklə müftinin onlara necə xeyir verə biləcəyini dərk etdilər. Amma burada problem vardı. Hitler üçün ərəblə müttəfiq olmaq irqi baxımdan çox narahatlıq doğuran məsələ idi. Amma bu müftinin zahiri görünüşü heç də tipik ərəb deyildi.

London universitetindən professor Albert Aşka deyir ki, buna görə də fürer onunla görüşmək qərarına gəldi:

“Özündən aşağı irqin nümayəndəsi ilə görüşmək Hitler üçün çətin idi. Amma müftinin mavigözlü və qırmızı saçlı olması rol oynadı. O bundan təsəlli tapdı ki, əl-Hüseyni heç də tam ərəb deyil. Çünki ərəblər nasistlərin irq siyahısında aşağı yerlərdə idilər”.

Həmin illərdə müttəfiq qüvvələr Hitlerlə başqa növdən olan döyüş aparırdılar. Radiodalğalarında təbliğat müharibəsi.

Berlindən yayımlanan "Tsezan" radiosu vasitəsilə almanlar Britaniya radiosunun müsəlmanlar arasında təbliğatına cavab verməyə çalışırdılar. Alman yazıçı Matio Kinzo:

“Müfti əl-Hüseyni bu radionun proqramlarında tez-tez çıxışlar edərdi və anti-semit ideyalarını yayardı. Bu ona ərəb dünyası ilə birbaşa əlaqə yaratmaq imkanı vermişdi”.

Bəzi alman əsgərləri illərcə davam etmiş təbliğat nəticəsində o dərəcədə irqçi dünyagörüşlərinə malik idilər ki, onlar müsəlmanlarla yanaşı döyüşərkən öz hisslərini gizlədə bilmirdilər. Bosniyalı müsəlman, Zvonimir Bobiçin o zaman 19 yaşı vardı:

“Qadağanlara baxmayaraq bəzən alman əsgərləri müsəlmanları təhqir edərdilər. Özü də bu barədə göstərişi Himlerin özü vermişdi. O müsəlmanları təhqir edənlərin sərt şəkildə cəzalandırılmasını tələb edirdi”.

Ali müfti əl-Hüseyni iddia edirdi ki, İslamla nasistlərin fəlsəfəsi arasında ümumi cəhətlər var. Uzaq perspektivdəki məqsədləri fərqli olsa da, bu iki tərəf arasında ümumi maraqlar var idi.

“İslamla milli-sosializm arasında ümumi cəhətləri əvvəlcə axtaran yox idi. Lakin nasistlərin tərəfində keçmiş müsəlman rəhbərləri düşmənin eyni olduğunu deyirdilər. Bu da yəhudilər idi. Buraya anqlo-amerikanlar, kommunistlər və masonlar da daxil idi”.

Bosniya diviziyası olan Simitarda müsəlman əsgərlər başların fez qoyurdular. Nasist arxivindən götürülmüş kadrlarda alman SS-nin rəhbəri Henrix Himlerin şəxsən müsəlman əsgərlər ilə görüşdüyünü görmək olar.

Simitar diviziyasına Bosniyadan kənarlarda, Fransada təlim keçirdilər. Bu və Bosniyada almanların müsəlmanlara qarşı törətdiklər vəhşiliklər xəbəri onlara çatanda, diviziyanın üzvləri arasında ruh düşkünlüyü başladı.

Bir yay gecəsi, onların bir qrupu öz zabitlərinə qarşı qiyama qalxdı. Conatan Riq deyir ki, tez yatırılsa da, bu Vaffan SS tarixində yeganə qiyam idi:

“Qiyamın yuqoslav partizanları tərəfindən öyrədilmiş dörd əsgərin başladığı məlumdur. Onlara bir neçə yüz müsəlman qoşuldu. Qiyamçılar alman zabitlərini öldürdülər və dənizlə qaçmağa çalışdılar. Lakin qiyam bir gecə davam etdi. Məsələyə dini liderlər qarışdılar və əsgərləri silahı yerə qoymağa inandırdılar. Qiyamın liderləri ya öldürüldülər ya da həbs olundular”.

Müharibənin sonlarına yaxın Polşada daxili ordu almanlara qarşı üsyana qalxanda, nasistlər onları xüsusi qəddarlıqla cəzalandırdılar. Qadınlara, qocalara və uşaqlara amansız cəzalar verildi. Bu əməliyyatda nizami ordu ilə yanaşı Vaffan SS və müsəlman əsgərlər də iştirak edirdilər. Tarixşünas Conatan Riq deyir ki, Varşava üsyanının yatırılması olduqca murdar vəhşiliklərlə müşayiət olunurdu:

“Bunlar sənədlərlə sübut olunur. Bir neçə müsəlman birləşməsinə, nizami ordu hissələri ilə yanaşı şəhərdə nə istəsələr etmək icazəsi verilmişdi. Lakin qətliamların əsas günahkarları müsəlmanlar deyildi. Amma onlar orada idilər və şübhəsiz dinc əhaliyə divan tutulmasına iştirak edirdilər”.

1945-ci ilin əvvəllərində Sovet ordusunun hücumları qarşısında almanlar geri çəkilirdilər. Almanların tərəfinə keçmiş müsəlman sovet əsgərləri bilirdilər ki, Stalin rejimi onları necə cəzalandıracaq. Professor Norman Stoun:

“Alman hərbi formasında ələ keçmiş və ya almanlara işləməkdə şübhəli olanlar mütləq öldürüləcəkdilər. Ən yaxşı halda onları ömürlük həbsə göndərəcəkdilər. Amma çoxusunu elə yerindəcə güllələyəcəkdilər”.

Buna görə, ələxüsus Bosniyada böyük sayda müsəlman əsgər alman sıralarından fərarilik edərək, partizanların tərəfinə keçməyə başladılar. Əsas məqsəd özlərini xilas etmək idi.

Minlərlə Hitlerin müsəlman legioneri ölüm təhlükəsi ilə üz-üzə qalanda, nasistlərə müsəlman dünyasında dəstək qazandırmış Ali müfti əl-Hüseyni qaçıb canını qurtara bildi. O əvvəl Fransaya, oradan Yaxış Şərqə qaçdı. Ali müfti 1974-cü ildə vəfat etdi.

Bəzi tarixşünasların fikrincə, müasir dövrdə bu ruhani xadim İslam terrorçularının yeni nəsli üçün bir qəhrəmana çevrilməkdədir. Doktor Tac Hərgiyə əsasən, müsəlmanların almanların tərəfinə keçməsində əsas rolu ideoloji səbəblərlə yanaşı sağ qalmaq instinkti oynayıb:

“Təəssüf ki, almanların tərəfində vuruşmuş müsəlmanları hazırda tapmaq və danışdırmaq çox çətin olub. Unutmaq olmaz ki, onlardan bir çoxu öz dinlərinin gələcəyini təmin etmək üçün bu addımı atmışdılar”.

Nasistlər və müsəlmanları bir araya gətirən ideoloji yaxınlıqdan daha çox şəraitin diqtəsi idi. İkinci Dünya Müharibəsinin bu epizodu hər şeydən əvvəl alman nasizminin zəngin olduğu təzadları və absurdluqları üzə çıxardı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi