Modern.az

“İş adamlarına səslənirəm, Xocalı soyqırımını Danimarka parlamentinin müzakirəsinə çıxarmaq istəyirik” – MÜSAHİBƏ

“İş adamlarına səslənirəm, Xocalı soyqırımını Danimarka parlamentinin müzakirəsinə çıxarmaq istəyirik” – MÜSAHİBƏ

27 İyun 2017, 14:00

Səfər Sadiqi: "Çox istərdik ki, Azərbaycan dövləti tərəfindən müğənnilərimiz Danimarkaya dəvət olunsun"

 

Modern.az saytının xaricdə yaşayan ictimai-siyasi fəallar, diaspor təşkilatlarının nümayəndələri ilə silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqidir.

 

-  Səfər bəy, “Vətən” Cəmiyyətinin son fəaliyyətində hansısa yenilik varmı?

 

- “Vətən” Cəmiyyəti 2007-ci ilin mart ayında təsis olunub. Bu 10 ildə təşkilatımız çox uğurlu nəticələr əldə edib. Cəmiyyətin əsas məqsədi, Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini danimarkalılara və Danimarkanın qonaqlarına təbliğ etməkdir. Bizim əsas təbliğimiz Kopenhagenin mərkəzi meydanında, danimarkalılarla yanaşı şəhərin qonaqlarınadır. Kopenhagen Bələdiyyəsinin təşkil etdiyi tədbirlərdə bu istiqamətdən çıxış edirik.

“Vətən” Cəmiyyətinin niyyəti ilk illərindən başlayaraq əsasən  Azərbaycan torpaqlarının işğalı, Azərbaycanda 1 milyondan artıq qaçqının olması, BMT-nin 4 qətnaməsinin ermənilər tərəfindən yerinə yetirilməməsini, Azərbaycan xalqı,  Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu təbliğ etməkdir. Bütün bunlarla yanaşı “Vətən” Cəmiyyəti, Xocalı soyqrımı, 31 Mart azərbaycanlıların soyqrımı, Respublika günü, Novruz bayramı, Müstəqillik günü, 31 Dekabr azərbaycanlıların həmrəylik günü və başqa tədbirləri həyata keçirir.

 

Azərbaycanın təbliğində və diaspor işində təcrübəmizi gənclərlə bölüşürük. Və gənclərimizi cəmiyyətin İdarə heyətinə üzv seçmişik. Cəmiyyətimizin təşəbbüsü ilə Kopenhagendə türkdilli cəmiyyətlərin birliyi yaradılıb. 

Bu ilin yanvar ayında Danimarka Parlamentində ermənisevər millət vəkilləri tərəfindən yalançı erməni soyqrımı müzakirəyə çıxarılmışdı. Cəmiyyətimizin və Türk Skandinaviya Federasiyasının uğurlu fəaliyyəti nəticəsində , Danimarka Parlamentini erməni soyqrımını qəbul etmədi.

 

- Siz ölkəmizi Danimarkada təmsil edənlərdənsiniz. Danimarka parlamentinə və ya hökumət orqanlarına çıxışınız qənaətbəşxdir?

 

- Danimarka parlamentinə çıxışımız var. Əsasən Sosialist Demokratlar və onların tərəfdar partiyaları ilə əlaqələrimiz var. Tədbirlərdə mütəmadi onlarla görüşüb, Azərbaycan barədə ətraflı məlumat verib, onları öz tədbirlərimizə dəvət edirik.  Cəmiyyətin bu il qarşısına qoyduğu məqsədlərdən biri də Danimarka parlamentində Azərbaycanı sevənlər qrupu yaratmaqdır. Sizin sayt vasitəsi ilə azərbaycanlı iş adamlarına səslənirəm ki, bizə yardımçı olsunlar.

Cəmiyyətimizin irəli sürdüyü layihə üzrə Danimarkanın yeddi siyasi partiyasından, hər birindən bir nəfər olmaqla 7 millət vəkili, Danimarkanın aparıcı qəzetlərindən 2 jurnalist və bir Danimarka TV-sinin nümayəndəsi olmaqla 10 nəfərlik qrup təşkil edib Azərbaycana dəvət etmək istəyirik. Bu qrupa Azərbaycanın işğal olunmuş torpaqlarını tanıtmaq, qaçqınlarla görüş təşkil etmək, Qubadakı məzarlığı, erməni vəhşiliyini göstərmək istəyirik. Həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı yerləri, həmçinin Qobustandakı qayaüstü rəsmləri, Azərbaycan xalqının qədim xalq olduğunu göstərmək fikrimiz var.

 

Bu qrup vasitəsi ilə Azərbaycanı sevənlər qrupunu yaradıb, Xocalı soyqrımını Danimarka parlamentində müzakirəyə çıxarmaq planımız var. Bu layihə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əsas rol oynaya bilər.

 

- Maddi durumunuz nə yerdədir?

 

- Bilirsiniz ki, hər hansı bir tədbir maliyyə vəsaitinə bağlıdır. Biz bu problemi öz cəmiyyət üzvlərimizin yardımları vasitəsi ilə həll edirik. Dövlətimiz tərəfindən heç bir yardım almırıq və maliyyə dəstəyi istəmirik. 

Çox istərdik ki, Azərbaycan dövləti tərəfindən və ya azərbaycanlı iş adamlarının sponsorluğu vasitəsi ilə müğənnilərimiz və musiqiçilərimiz Danimarkaya dəvət olunsun. Burada Azərbaycan mədəniyyətini və incəsənəti danimarkalılara və şəhərin qonaqlarına nümayiş etdirsin.

 

- Bu sualımıza səmimi cavab istərdik. Erməni icmaları daha güclüdür yoxsa siz?

 

- Siz,  bizim yaralı yerimizə toxundunuz. “Vətən” Cəmiyyətinin fəaliyyət göstərdiyi ilk 8 ili ərzində erməni diasporu və ya cəmiyyəti yox dərəcəsində idi. Kopenhaqgndə 3 ildir ki, erməni səfirliyi açılıb və fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində erməni diasporu təşkilatlanmağa başladı. Bizdə olan məlumata görə iki erməni cəmiyyəti bu gün Danimarkada aktiv fəaliyyət göstərir. “Ararat” Cəmiyyəti ve “Danimarka Armeniya” Cəmiyyəti. Bütün bunlar səfirliyin fəaliyyəti ilə bağlıdır. Kopenhagendə fəaliyyət göstərən erməni səfirliyinin təşəbbüsü ilə Danimarka dilində yalançı erməni tarixinə və incəsənətinə aid çoxlu kitablar buraxılır.

Hər bir tədbirlərdə bu kitablar vasitəsi ilə öz yalançı tarixləri, Qarabağ barədə danimarkalılara yanlış məlumatlar verirlər. Biz cəmiyyət olaraq belə imkanlara malik deyilik. Çox təssüf ki, Danimarkada Azərbaycan səfirliyi yoxdur.  Hər bir tədbir, hər bir tanıtım Danimarkada bizim cəmiyyətin üstünə düşür. Siz mənə sual verirsiniz Erməni diasporu güclüdür yoxsa siz? Mən sizdən soruşmaq istərdim ki, səfirlik güclüdür yoxsa adi bir cəmiyyət ?

 

- Tədbirlərdə, heç ermənilərlə mübahisələriniz olubmu?

 

- Bəli olub. Danimarkanın Odense Universitetində oxuyan azərbaycanlı tələbənin təşəbbüsü ilə Azərbaycan həqiqətləri ilə bağlı tədbir, universitetin zalında keçirilirdi. Tədbir qabaqcadan elan olunduğuna görə ermənilər də orada iştirak edirdilər. Azərbaycandan “Skayp” vasitəsi ilə canlı olaraq bir tarixçi və bir hüquqşünas tədbirə qatılıb, tədbir iştirakçılarının suallarına ingilis dilində cavab verirdilər. 

Bu erməniləri qane etmədikdə onlar qarşıdurma yaradıb tədbiri pozmağa çalışdılar.  Bu ilin iyun ayının 10-da Kopenhagen Bələdiyyəsinin ildə bir dəfə təşkil etdiyi İnteqrasiya Günündə, Azərbaycanı hər il olduğu kimi bizim “Vətən” Cəmiyyəti təmsil edirdi.

Bizim uşaq “ Cırtdan“ yaradıcılıq qrupu milli paltarda “ Sarı gəlin” və “Arşın mal alan”dan qızların rəqsini ifa edəndə ermənilər əl-qolları ilə danışmağa başladılar, guya bu ermənilərin musiqisi idi. Onlar öz aralarında buna etiraz edirdilər.

 

-Danimarkada azərbaycanlı iş adamları sizə yardım edirlərmi? Edirlərsə hansısa maddi təmənna güdürlər yoxsa bu sırf vətənpərvərliklərindən irəli gəlir?

 

- Danimarkada güclü azərbaycanlı iş adamları  yoxdur. Buna da çox təəssüf edirik.

 

- Avropadakı digər Azərbaycan diaspor təşkilatları ilə əlaqələriniz nə yerdədir?

 

- Əlbəttə ki, var. İsveçdə fəaliyyət göstərən “Xəzər” Cəmiyyətinin sədri Leila Kiani, Londondan Sevil Aslanova, Fransadan Mirvari Fətəliyeva, Almaniyadan Tofiq Qarayevlə əlaqələrimiz var. Düzü bu cür əlaqələrimizi saymaqla bitməz.  Əlaqələrimiz tək Avropa ilə bitmir. Küveytdən “Vətənsevər” Cəmiyyətin sədri Könül Hacızadə ilə sıx əlaqələrimiz var. Türkiyədə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə əlaqə saxlayırıq. Onu da demək istərdim ki, bu ilin fevralında bizim “Vətən” cəmiyyəti aktiv fəaliyyətinə görə Avropa Azərbaycanlıları Konqresinin vitse- prezidenti vəzifəsinə seçildi. Bu etimadı doğrultmaq üçün “Vətən” Cəmiyyəti daha da fəal  çalışmağı öz qarşısına bir məqsəd kimi qoymuşdur.

 

- Bəs Danimarkanın özündəki Azərbaycan icmaları ilə?

 

- Danimarkada fəaliyyət göstərən “ Dostluq” cəmiyyəti ilə, Cənubi Azərbaycandan olan qardaşlarımızın birləşdiyi cəmiyyətlərlə əlaqələrimiz var. Cəmiyyətlərin təşkil etdiyi tədbirlərdə iştirak edirik.

 

- Danimarkada yaşayan azərbaycanlıların statistikası varmı? Onlar əsasən nə işlə məşğuldurlar?

 

- Statistikaya görə rəsmi olaraq Danimarkada təxminən 500-ə yaxın  Azərbaycan Respublikasından gələn həmyerlilərimiz yaşayır. Həmyerlilərimizin 90%-i ziyalılar, ali savadlı mütəxəsislərdir. Azərbaycanlılar əsasən tibb sahəsində, iqtisadiyyatda, tikinti sahəsində, pedaqoji sahədə və başqa sahələrdə çalışırlar. Bir azərbaycanlımız Məsud bəy, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilini Danimarkada davam etdirib. Məsud bəy hazırda Kopenhagen Tibb Universitetinin və Glostrup Hospitalının professordur.

 

- Avropada Azərbaycan hakimiyyətinə müxalif Azərbaycan icmaları var. Onların bu mövqedə olması  doğrudurmu?

 

- Almaniyada, Brüsseldə, İsveçdə müxalif qüvvələr var.   “Vətən” Cəmiyyətinin  məqsədi Azərbaycan mədəniyyətini, tarixini , torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalını, 1 milyon insanın öz ata, baba yurdlarından qovulmasını , BMT-nin 4 qərarının ermənilər tərəfindən yerinə yetirilməməsini danimarkalılara və başqa millətlərə başa salıb onları məlumatlandırmaqdır. 

“Vətən”  Cəmiyyəti heç bir siyasi bloklara qoşulmur . Siyasi baxışlarından asılı olmayaraq, hər bir azərbaycanlı bizim üçün əzizdir. 

 

- Onlara nə tövsiyə edərdiniz?

 

- Bu gün torpaqlarımızın 20 faizi Qarabağımız işğal altındadır. Əvvəlcə biz dünya ictimaiyyətini, bu barədə ətraflı məlumatlandırmalıyıq, erməni yalanlarını ifşa etməliyik. Bu gün də Ermənistanda əsirlikdə olan qardaş və  bacılarımız var, bu barədə dünya ictimaiyyətinə məlumat verməliyik.  Azərbaycanın qonşularına baxaq, əksəriyyəti bizim müstəqilliyimizi istəmir.

Bu siyasi cografiyada yaşadığımız halda , bir tərəfdən də özümüz özümüzə balta vurmayaq. Qarşımızda bir məqsəd var - torpaqlarımızı, Qarabağımızı azad etmək. Qarabağımız uğrunda birləşməliyik. Əgər birləşə bilməsək, gələcək nəsil bunu bizə bağışlamayacaq. Bu gün dünyada çox büyük siyasi oyunlar gedir. Bizim yeganə yolumuz birləşməkdir.

İnanıram ki, Qarabağımız azad olacaq, yenə Şuşada, Xankəndində və işğal olunmuş torpaqlarımızda Azərbaycan bayraqları dalğalanacaq.

 

Aqşin KƏRİMOV

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir