Modern.az

Mingəçevir Su Anbarına səfər: orada vəziyyət necədir? (FOTOLAR)

Mingəçevir Su Anbarına səfər: orada vəziyyət necədir? (FOTOLAR)

9 May 2011, 20:15

2010- cu ilin yazında baş verən daşqınların nəticələrinin aradan qaldırılması və növbəti daşqınların təkrarlanmaması istiqamətində görülən işlərlə yaxından tanış olmaq üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının araşdırmaları və bölgələrə səfərləri davam edir. Qərargah üzvləri ölkənin ən böyük su anbarında - Mingəçevir Su Anbarında son durumu öyrənmək üçün ora səfər ediblər. Onlar səfər zamanı Mingəçevir Su Anbarında son vəziyyəti, suyun səviyyəsini, Anbarın risk amillərini  öyrənməyə çalışıblar.
Səfərin yekunları ilə bağlı Modern.az-a verdiyi açıqlamada “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) sədri Oqtay Gülalıyev bildirib ki, Mingəçevir Su Anbarında hal- hazırda  suyun səviyyəsi ötən illə  müqayisədə aşağı, illik normaya yaxın səviyyədədir:
“Anbarda olarkən apardığımız monitorinq və araşdırmalar zamanı məlum oldu ki, dəryaçada həqiqətən suyun səviyyəsi Hökümət Komissiyasının açıqladığı səviyyəyə yaxındır - 74,5 metr. Müşahidə etdiyimiz başqa bir mənzərə isə ondan ibarətdir ki, Fövqaladə Hallar Nazirliyinin balansına verildikdən sonra Anbarda suyun idarə olunması və tənzimlənməsi prosesinə diqqət artırılıb və vəziyyət nəzarətdə saxlanılır. Ərazinin mühafizə olunması gücləndirilmiş vəziyyətdədir. Amma bu müsbət məqamlarla yanaşı narahatlıq doğuran 2 məqamı da qeyd etmək lazımdır. Bu məqamlar Mingəçevir Su Anbarının özündə lillənmənin artması və Anbarın sahil hissəsində təmizlik və antisanitariya tədbirlərinin gücləndirilməsinə ehtiyacın olmasıdır”.

Mingəçevir Su Anbarında suyun idarə olunması və tənzimlənməsi işinin normal şəkildə həyata keçirildiyini bildirən Oqtay Gülalıyev qeyd edib ki, bu amil daşqınların baş verməyəcəyinə arxayınçılıq yaratmamalıdır:
“Ötən ilki daşqınların, sel fəlakətlərinin baş vermə səbəbləri sırasına yağıntıların artması, Mingəçevir Su Anbarının düzgün idarə olunmaması ilə yanaşı Kür və Araz çaylarının uzun müddət lildən təmizlənməməsi, bəndvurma işlərinin zəif aparılması, Kürün deltasının dolması və s. məsələlər daxil idi ki, bu gün bu amillərin bəziləri qalmaqdadır. Ona görə də Azərbaycanda su təsərrüfatı sisteminin normal idarə olunması ilə bağlı Nazirlər Kabinetinin 09 iyul 2010- cu il tarixli 197 saylı sərəncamı ilə yanaşı, paralel olaraq xüsusi, təxirə salınmaz kompleks tədbirlərin hazırlanıb həyata keçirilməsinə ehtiyac var”.  










Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?