Modern.az

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist-Vüsalə Quluzadə (FOTOLAR)

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist-Vüsalə Quluzadə (FOTOLAR)

10 May 2011, 08:16

Modern.az portalı xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin hekayətini davam etdirir. Bu dəfəki yazımız Almaniya vətəndaşı olan türklə ilə evlənərək Avropaya köçən eks-jurnalist Vüsalə Quluzadə Yılmazdır. O, hazırda Almaniyada yaşayır.


- Vüsalə xanım, sizin barənizdə bir qədər geniş məlumat istəyirik…


- 1976-cı ildə Şuşa şəhərinə ziyalı ailəsində dünyaya gəlmişəm. Atam sair - jurnalist Ələmdar Quluzadə, anam muəllimədir.
1998-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Sonra aspiranturaya daxil oldum.
Elə həmin ildən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində və BDU-nun Tarix fakültəsinin rus bölümündə dərslər verməyə başladım. Həyatımın ən gözəl dönəmlərindən biri o zamanlar idi. Həqiqətən yaşadığımı, insanlara faydalı olduğumu görürdüm. İşimi, tələbə və şagirdlərimi çox sevirdim, hələ də çox sevirəm. Bir çoxunun adını unutsam belə, simaları hər zaman qəlbimdədir. Onları tez-tez xatırlayıram. Azərbaycandan ayrıldığımda, ailəmdən sonra ən çətin olan onları buraxmaq idi.

- Hansı media orqanlarında çalışmısınız?

- Bir müddət "Elli" jurnalında calışdım. Sonra "Ümid" usaq jurnalının ideya müəllifi və baş redaktoru oldum. Təəssüf ki, mən getdikdən bir neçə ay sonra o jurnal bağlandı.
Çox sevərək çalışdığım media quruluşlarından biri də STV-Bakı və “Bürc” FM idi. Orada da canlı yayında cox gözəl bir proyekt işləmişdik. Səhv etmirəmsə o telekanalın adı indi “Xəzər” TV-dir. Amma adı nə olursa olsun, əminəm ki, hər zamanki kimi ən baxımlı kanallardan biridir.
Sonra iş elə gətirdi ki, journalist kimi fəaliyyətimi ANS telekanalında davam etdirdim. ANS TV-də işə baslamağım cox maraqlı oldu. Hamı bilir ki, televiziyada işə başlamaq, hələ-hələ bir projekti baslatmaq asan məsələ deyil, özu də söhbet dini proyektdən gedirsə.
Amma bir həyat prinsipim var - Allaha təvəkkül etmək və hər şeyi Onun iradəsinə vermək. Əmin idim ki, əgər bu düşündüyüm ideya doğrudursa, Rəbbim yolumu açacaq və bütün işləri asanlaşdıracaq. Elə də oldu. Telekanalın rəhbəri Vahid Mustafayev mənə güvəndi, şans verdi və üzərimə nə qədər böyük bir məsuliyyət aldığımı özəlliklə vurğuladı. Vahid müəllimə çox minnətdaram. ANS-də üc proyekt həyata keçirdik, amma mənim ən çox sevdiyim layihə usaqlar üçün olan "Dindar bala" idi. Hətta məndən yaşca çox böyuk olanlar, o verilişdən sonra mənə “Vüsalə bacı” deyirdilər.

- Bəs necə oldu ki, xarici vətəndaşla ailə həyatı qurdunuz?

- Hərənin bir qisməti var. Mənim qismətim də ailə qurub xaricdə yaşamaq imiş... Mən həyat yoldaşımla tanış olduğumda anladım ki, o, həyatım boyu gözlədiyim insandı. Onun uzaqda yaşamağı heç nəyi dəyişdirmədi...

- Vətəndən xarici ölkəyə köçmək, xaricdə yaşamaq sizin üçün çətin olmadı?

- Həm çətin oldu, həm də olmadı... Bir sevdiyim insan üçün o biri sevdiklərimdən ayrılmalı oldum. Valideynlərim, qardaşlarım, qohumlarım, dostlarım... Amma qadının yeri həyat yoldaşının yanıdır. Mən də təbii ki onun yanına getdim.

- Əvvəllər xarici ölkə vətəndaşıyla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz?

- Atam toyumda mənə bir seir oxudu. İki sətirini xatırladım:
...Qosa qanad verdi bu yuva sənə
Harda yuva qurmaq, sənin işindi...
Mən sadəcə bir-birimizi başa düşəcəyimiz, xoşbəxt olacağımız insanla qarşılaşmaq istəyirdim. Həmin insanın bu qədər uzaqda olacağı heç ağlıma da gəlməzdi. Xaricdə oxumaq hər zaman xəyalım idi, bu xəyalıma qovuşdum, amma iş üçün Azərbaycana dönmək mənim üçün çox vacib idi. Çünki çox planlarım,  xəyallarım var idi… 
 
- Həyat yoldaşınız sizinlə evlənəndə onun ailəsində bunu necə qəbul ediblər?

- Həyat yoldaşımın çox gözəl ailəsi var. Mən onları çox sevirəm. Onlar da məni. Onlar böyütdükləri övlada çox güvənirlər və əmin idilər ki, o doğru seçim edib. Mənim qaynanam hər kəsə “Allah sizə mənim gəlinim kimi gəlin qismət etsin deyir”.

- Həyat yoldaşınız hansı sahədə çalışır, indi harada yaşayırsınız?

- Hal-hazırda Almanyanın paytaxtı Berlində yaşayıram. Həyat yoldaşım mühəndisdi.
- Özünüz hazırda haradasa bir işlə məşğulsunuz?

- Toyumuzdan həmən sonra bir il müddətinə Polşaya getdim. Araşdırma proqramı bitdikdən sonra Almaniyaya gəldim. Üç il yarımdır ki,  buradayam. Gəldiyimdən bir ay sonra oğlumuz Hüseyn Surxay dünyaya gəldi. Mən ancaq Alman dili öyrənməklə məşğul oldum. Bu ay 6 aylıq Kvalifikasiya Kurslarını bitirib beynəlxalq standartlara uyğun menecer setifikatını aldım. Gələcəkdə də bu sahədə çalısmaq istəyirəm.

- Həyat yoldaşınız və siz: adət - ənənələrlə bağlı hansı fərqlər, hansı oxşarlıqlar var?

- Adət-ənənələrimiz o qədər fərqli deyil. Amma xasiyyət fərqlilikləri hər zaman özünü göstərir. Belə hallarda da Allahın bizə bəxş etdiyi ən gözəl nemətlərdən biri - sevgi və anlayiş köməyə gəlir. Bu da konfliktsiz, xoşbəxt ailənin tam zəminidir.

- Nə vaxtsa Azərbaycana dönüb birdəfəlik burada yaşamaq planlarınız ola bilərmi?

- Hal hazırda Almanyadan köcmək planımız yoxdur. Amma o qədər də yaxın olmayan gələcəkdə, Allah qismət edərsə ya Turkiyəyə və ya Azərbaycana köçmə ehtimalı ola bilər.

- Dediniz bir oğlunuz var...

- Bəli, bir oğlumuz var - Huseyn Surxay. İnşallah avqustda da ikinci körpəmizi gözləyirik.

- Azərbaycanla əlaqəniz hansı şəkildədir, gəlib-gedirsinizmi, mətbuatımızı izləyirsinizmi?

- İmkan dairəsində gəlib-gedirik. Mətbuatı isə davamlı izləyirəm, hər gün Azərbaycanda baş verənlərdən xəbərdaram.

- Bakıda ayrı-ayrı TV-lərdə çalışmısınız. İndi Azərbaycan telekanallarına baxırsınızmı?

- Deyim sizə ki, mənim evimdə ümumiyyətlə televizor yoxdur. Belə fikirləşirəm ki, internet yetərlidir və internet vasitəsilə məni maraqlandıran bütün məlumatları alıram.

- Keçmiş həmkarlarınızla əlaqə saxlayırsınızmı?

- Mənə dəyərli olan insanlarla, çox sıx olmasa da, əlaqəm hər zaman var.





Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!