Modern.az

“Sosial xidmətlər haqqında” qanun layihəsinə dair ictimai dinləmə keçirilib

“Sosial xidmətlər haqqında” qanun layihəsinə dair ictimai dinləmə keçirilib

10 May 2011, 11:59

Mayın 8-də Bakı şəhərinin Xətai ryonunda Yeni Azərbaycan Partiyasının binasında Milli Məclisin Sosial siyasət komitəsi USAID-in Azərbaycan Parlament Proqramının içtimai dinləmələr çərçivəsində “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi ilə birgə “Sosial xidmətlər haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə dair ictimai dinləmə keçirib. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin 10 nəfərlik tərkibi ilə yanaşı, aidiyatı nazirliklərin, beynəlxalq və yerli qeyri-hökumət, o cümlədən  əlil təşkilatlarının 45 nəfərə yaxın nümayəndəsi iştirak edib.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sosial xidmətlər haqqında” qanun layihəsini dinləmə iştirakçılarına geniş təqdim edib.
“Bu qanun vətəndaşların sosial xidmət sahəsində inqilabi dönüş təşkil edəcəyini” deyən Hadı Rəcəbli ictimai dinləməni açıq elan edərək sənədə münasibət bildirməyi vətəndaş cəmiyyəti institutlarını həvəsləndirib.
“Qanun layihəsində sosial xidmətlərin təkcə müvafiq icra hakimiyyəti orqanları deyil, həm də sosial sifariş formasında ictimai təşkilatlar tərəfindən göstərilməsini xüsusi qiymətləndirərək bunun sosial xidmətlər sahəsində yeni mərhələ olacaq”-deyə “Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyinin direktoru Mehman Kərimov söyləyib.
Çıxış edən nümayəndələr qanun layihəsinin bəzi məqamlarına dair konkret texniki və konseptual təkliflər verərək bu kimi dinləmənin keçirilməsində Sosial siyasət komitəsinin və USAID-in Azərbaycan Parlament Proqramının rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər. Ümumilikdə, tədbirdə iştirak edən bütün təşkilatların nümayəndələri layihəni bəyəndiklərini söyləyərək onun müasir standartlara və tələblərə uyğun hazırlandığını, xüsusilə sənədin insan haqları, bərabər imkanların təmin edilməsi, ünvanlılıq, həmçinin əlçatanlıq prinsipləri üzərində köklənməsini yüksək dəyərləndiriblər. 

Sosial siyasət komitəsinin ekspertləri vətəndaş cəmiyyəti tərəfindən səslənən bütün təklifləri dəyərləndirərək qanun layihəsinin komitənin 11 may 2011-ci il tarixində keçiriləcək daha geniş dinləməsində açıqlayacaqlarını bildiriblər.
Millət vəkili Hadı Rəcəbli bu kimi ictimai dinləmələrin təkcə qanunvericilik prosesində seçici və vətəndaş cəmiyyəti üzvlərinin iştirakçılılığını təmin etmək üçün deyil, həm də əlilliyi olan insanların problemlərinin müəyyənləşdirilməsi və onların həlli yollarının ətraflı müzakirəsinə xidmət etdiyini vurğulayıb.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar