Modern.az

Potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib

Potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib

Aktual

4 İyul 2017, 12:47

İyulun 4-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

 

Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə yerləşir.

 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sex kimi kiçik dövlət müəssisəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, Zaqatala Barama Toxuma zavodunun torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3881 kv.m dir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Özəlləşdirilən əmlakların sahəsi 71 kv.m ilə 3881 kv.m arasında dəyişir.

 

Rəsmi məlumata görə, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsidir.

 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

//www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

 

Xatırladaq ki, artıq hərraclarda online qaydada da iştirak etmək mümkündür. Hal-hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bügünkü hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə online olaraq 1 avtomobil özəlləşdirilib.

 

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

 

Qeyd edilməlidir ki, dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, özəlləşdirilən əmlakların bir çoxu regionlarda yerləşir, bu bölgələrdə əlavə iş yerlərinin yaradılmasına, rayonların iqtisadi potensialının artmasına imkan verəcək.

 

Zaqatalada yerləşən Barama Toxuma zavodu kimi əmlakların özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda ı bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

 

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 11-də keçiriləcək. Hərraca ümumilikdə 206 əmlak çıxarılıb. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır