Modern.az

Milli Məclisdə müzakirələr gərgin keçdi, mübahisələr oldu

Milli Məclisdə müzakirələr gərgin keçdi, mübahisələr oldu

13 Noyabr 2009, 16:53

Milli Məclisin noyabrın 13-də keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi ilə bağlı müzakirələr gərgin keçdi. Millət vəkillərinin bəziləri pensiyaların kifayət qədər yüksək olduğunu dedilər, bir qismi isə sosial müavinətlərin artırılması üçün maraqlı mənbələr tapdılar. Hətta sosial ehtiyacların ödənilməsi üçün parlament seçkisinin təxirə salınmasını təklif edənlər də oldu.  

Doğulan uşağa görə müavinət artacaq

İclasın əvvəlində DSMF-in sədri Səlim Müslümov rəhbərlik etdiyi qurumun büdcəsi haqqında məlumat verdi. Bildirdi ki, DSMF-in büdcəsi gələn il üçün 1  milyard 757,2 milyon manat olacaq. Bu məbləğin 40 milyon manatı pensiyaların baza hissəsinin artırılmasına yönəldiləcək. Onun dediyinə görə, hazırda Azərbaycanda DSMF-dən pensiya alan 1 milyon 357 min pensiyaçı var. S.Müslümov bildirdi ki, gələn il uşaq doğumu üçün birdəflik müavinətin məbləği 50 manatdan 75 manata qədər qaldırılacaq. Onun dediyinə görə, Fond gələn il ölkədə 152 min uşağın doğulacağını proqnozlaşdırır.  
Adəti üzrə deputatlardan bəziləri bu məsələ ilə bağlı müzakirə açmamağı, sənədi birdəfəlik qəbul etməyi təklif etdilər. Bəziləri isə müzakirələrin 10 dəqiqə yox, 5 dəqiqə olmasını istədilər. Amma müxalifətdən olan millət vəkillərinin təkidi ilə vaxtı dəyişmədən saxladılar.

Rayonlarda bankomatlar çatışmır

Müzakirələr zamanı Nazim Məmmədov və Elmira Axundova rayonlarda bankomat çatışmazlığından gileyləndilər. Xanım deputat dedi ki, pensiya və sosial müavinətləri poçtalyon çatdıranda mütləq “başqa məsələlər ortaya çıxır”.
İkram İsrafil də həmkarlarının təklifini dəstəkləyərək bəzən yaşlı insanların bankomatdan pul çıxarmaq üçün 30-40 km yol getdiyini dedi.

Stabillik varsa, niyə büdcə azalır?

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn diqqəti DSMF büdcəsində bütün parametrlər üzrə göstəricilərin azalmasına çəkdi: “Bunu heç bir halda stabillik və inkişafla izah etmək mümkün deyil. Əmək pensiyalarının baza hissəsi, həm də pensiyaya çıxmağın yaş həddi yuxarı qaldırıldı. Bu da son 20 ildə ən antihumanist  sənəd olan “Pensiyalar haqqında” qanuna dəyişikliklərin qəbulu ilə bağlıdır”.  Pənah Hüseyn dedi ki, gələn il inflyasiyanın 5-7 faiz həddində olacağı gözlənilir. Deməli,  gələn il də milyonlarla insanın həyat səviyyəsi minimum 7 dəfə pisləşəcək”.
Pənah Hüseyn hesab edir ki, DSMF-in büdcəsində pensiyalıarın artırılması üçün kifayət qədər mənbə tapmaq olar. Bunlardan biri də Fondun saxlanma xərcləridir. Deputat deyir ki, əlillərin sosial müdafiəsinə yönələn pulun yarısı elə həmin məsələ ilə məşğul olan məmurlara sərf olunur: “Sosial Müdafiə Fondunun saxlanmasına 19 milyon manat sərf olunur. Bu bahalıqda fond kimə lazımdır? Əgər bu pul pensiyaların əhaliyə çatdırılmasına sərf olunursa, onda milyonlar hara gedir? Belə çıxır, DSMF Əmək və Əhalinin Müdafiəsi Nazirliyi ilə paralel funksiyalar həyata keçirir. Azərbaycan miqyasında bir ölkədə eyni işlə məşğul olan iki iri bürokratik aparatı saxlamağa ehtyac yoxdur. Əlillər, uşaqlı qadınların hesabına qənaət etməkdənsə, bu qurumlardan birini ixtisar edib iş başına peşəkar adamları qoymaq lazımdır”.
Pənah Hüseyn bir gün əvvəl çıxış edən Valeh Ələsgərovun dediklərinə də münaisbət bildirərək xatırlatdı ki, Valeh Ələsgərov  iqtisadiyyatçı olmaq üçün Stivensin kitabını hələ oxumayb: “Oxusaydı o sözləri deməzdi. Stivens tam başqa bir şeyə görə Nobel mükafatını alıb. Gəlib mənimlə söhbət edəydi.
Alternativ göstəricilər üzərində işləyən alimlər çoxdur Amma ortaya bir şey çıxara bilməyiblər”.

Spiker Oqtay Əsədov Pəhan Hüsüynə üzünü tutub dedi: “Valeh müəllim ingilis dilini yaxşı bilir. Amma mən iblmirdim ki, sən də ingilis idlini bilirsən. Burda ingilis dilini bilənlər çatışmır”.

İşsizlərin sayı daha çoxdur

Deputat Fazil Mustafa Azərbaycanda özəl sektorun kifayət qədər inkişaf etmədiyini, bunun da sosial müdafiə sisteminin təkmilləşməsinə mane olduğunu dedi: “Sosial müdafiənin məqsədi 60 yaşından sonra insanların rifah içində yaşamasını təmin etməkdir. Amma baxın ki, təqaüd yaşına çatan insanlar kifayət qədər gəlir əldə edə bilirlərmi?” Fazil Mustafa bu problemin DSMF-nin peşəkarlığı ilə əlaqədar olduğunu sanmır. Amma onu da düşünür ki, ümumilikdə iqtisadi sistemin yanlışlığı sosial müdafiə məsələsində ciddi problemləri ortaya qoyur: “İşləyən insanların qeydiyyatı ilə bağlı problemlər hələ də qalır. “Talkuçka”da mal satanlar, şadlıq evlərinin zirzəmilərində araq, saxta su bağlayan adamlar da işçidirlər. Amma onların qeydiyyatı getmir. Elə işsizlərin də qeydiyyatı düzgün aparılmır, onların sayı daha çoxdur”.

Qadınlar daha sağlamdır, niyə kişilərdən tez pensiyaya çıxırlar?

İxtisasca həkim olan Hikmət Atayev isə sensasion təklif irəli sürdü. Onun fikrincə, pensiyaya çıxmaq üçün yaş həddi məsələsində qadınlara güzəştə getməyinə dəyməz: “Çünki bioloji baxımdan qadın orqanizmi  kişiyə nisbətən daha möhkəmdir. Onda niyə qadınlar daha tez pensiyaya çıxmalıdırlar? Hansı qadın istəyər ki, evdə həyat yoldaşının yanında ona pensiyaçı kimi baxsınlar”. Həkim kimi çıxış edən H.Atayev onu da xatırlatdı ki, çox uşaq dünyaya gətirən qadınlar daha sağlam olurlar. Ona görə də onlara xüsusi güzəşt etməyin mənası yoxdur. “Kişilər işdən çıxan kimi yaşamaq stimulunu itirmiş olurlar. Amma qadınlar pensiyaya çıxanda  ev yığışdırır, xörək bişirir, uşağa baxır”. Bir sözlə, Hikmət Atayev qadınlarla kişilərin eyni yaşda pensiyaya çıxmasını təklif etdi.

Birinci vitse-spikeri Ziyafət Əsgərov bu təklifi bir neçə gün əvvəl - Əmək pensiyaları haqqında qanun müzakirə ediləndə qaldırmağın daha düzgün olduğunu dedi: “Deyirsiniz, qadınların da pensiyaya çıxma yaşını  63-ə qaldıraq? Amma onda bunun məsuliyyəti sizin üzərinizdə olacaq”.

“Azərbaycanda hər 3 pensiyaçıdan 2-si yoxsulluq səviyyəsində yaşayır” deyən iqtisadçı deputat Əli Məsimli Pensiya Fondu ilə Dövlət Neft  Fondunun birləşdirilməsini təklif etdi. Onun fikrincə, pensiya hesablanmasında dəyişiklik etmək lazımdır: “Əgər balıq yetişdirən insan da 150 manat, insan yetişdirən müəllim də 150 manat alacaqsa, onlar arasında fərq olmayacaqsa, bu düstur işləməyəcək”.

YAP icra katibinin müavini Səyavuş Novruzov adəti üzrə çıxışının bir hissəsini Pənah Hüseynin fikirlərinə münasibət bildirməyə həsr etdi.  Dedi ki, 19 milyon manat DSMF-in ümumi büdcəsinin heç 1 faizini təşkil etmir. Hansı ki, bu aparat işçiləri çox əziyyətlə büdcəyə vəsait toplamaqla məşğuldurlar”. Bankomat çatışmazlğına gəlincə isə S.Novruzov bu aparatların  sayında yox, insanların təfəkküründə dəyişiklik etməyə ehtiyac olduğunu dedi: “Bankomat ona görə deyil ki, ayın 1-də dərhal kartı əlinə alıb pulu çıxarasan. Biz sandıq psixologiyasından çıxmalıyıq. Lap 20 bankomat qoysaq, hər dəqiqə gətirib pulu bankomata yerləşdirmək olmaz axı. İndi bankomat poçtalyon funksiyasını yerinə yetirir. Poçtalyona 1 manat verirdilər, indi onu da vermirlər.” 

Ya əmək haqqı, ya da pensiya!

YAP icra katibi Əli Əhmədov uşaq doğuşu üçün birdəfəlik müavinətlərn 75 manata qədər artrılmasını dəstəklədiyini dedi. Amma onun fikrincə, bu yardımı da ünvanlı etmək lazımdır: “Elə ailələr var ki, bu pula ehtiyacı var. Ehtiyacı olmayanlar isə onsuz da gəlib həmin pulu almırlar. Bəlkə bu müavinəti də ünvanlı etmək daha yaxşı olardı”. Əli Əhmədov pensiya sistemindəki daha bir məsələni - həm pensiya almaq, həm də işləyib əmək haqqı almağı sosial ədalətsizlik adlandırdı: “İnsan ya işləyib əmək haqqı almaldır, ya da pensiyaya çıxmalıdır”.

İkram İsrafil çıxışını bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə, bu prosesə icra orqanlarının, polis işçilərinin mane olması ilə bağlı faktlar səsləndirmək istəyirdi. Amma spiker Oqtay Əsədov onun sözünü kəsib danışmasına imkan vermədi: “Büdcədən danış. Heç bura polisin yeridir?  Siz qərəzli çıxışlar edirsiniz. Tənqid olsun, amma qərəzli yox. Axı 4 ildir burda oturmuşuq...”.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir