Modern.az

“Ramin Hacılının “Ümid” partiyasından  çıxmağına birlikdə qərar verdik”  

“Ramin Hacılının “Ümid” partiyasından  çıxmağına birlikdə qərar verdik”   

7 İyul 2017, 12:39

Dünən Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı "Ümid" Partiyası sıralarından ayrıldığını bəyan etdi. O, 2014-cü ildən siyasi fəaliyyətini “Ümid” partiyası və “125-lər Siyasi Klubu”nda davam etdirib. İstefa səbəbini isə partiyada aktiv ola bilməməsi ilə əlaqələndirib.

Yazıçı, müstəqil jurnalist, Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə də istefa ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. O, Ramin Hacılının  partiyadan istefa qərarını doğru addım hesab edir:

“Sözün düzü, Ramin bəylə siyasi mövqelərimiz bir-birimizdən asılı deyil. Ortaq yerlərimiz, fikirlərimizin üst-üstə düşdüyü məqamlar olsa da, heç vaxt siyasi baxışlarımızda  bir-birimizi təkrarlamamışıq. Çünki  bizə qədər hər ikimizin öz həyat yolu, dünyagörüşü, siyasi mövqeyi olub. Yəni siyasi baxış müstəvisində bir-birimizə təsir etmək  gücümüz azdır. Artıq formalaşmış bir əqidə sahibləriyik, sadəcə mövqelərimizə qarşılıqlı hörmət edə bilərik.

Ramin bəy yeniyetməliyindən siyasətlə maraqlanıb. Gənclər hərəkatı yaradıb və həmişə siyasətin içində olub. Mən isə vətəndaş möqveyi ilə çıxış edir, hadisələrə fərqli yanaşıram. Lakin Ramin üçün siyasət elmdir və bu, onun ixtisasıdır. “Ümid” partiyasından  çıxma məsələsini birlikdə müzakirə etmişik.  Hesab edirəm ki, bu doğru addımdır. Çünki partiyanın tədbirlərində iştirak etmə imkanları yoxdur. Üstəlik Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının rəhbəridir və düşünürəm ki, bütün işini bu istiqamətdə qurmalıdır. Bu təşkilatın üzərinə düşən işlər də az deyil və ölkə əhəmiyyətli, cəmiyyət üçün faydalı layihələri var. Bunlarla məşğul olmaq çox vacibdir. Məsələn, ən axırıncı layihə Avropa Birliyində təsdiqini alıb və gender məsələsi ilə bağlıdır. Bu, Azərbaycanda qız uşaqlarının təhsilə cəlb olunması, erkən nikahlara, aborta qarşı bölgələrdə işlər aparılması kimi böyük layihədir və orada özüm də iştirak etməyi düşünürəm. Çünki Ramin bəy sözsüz ki, qadın məsələlərində mənim qədər aktiv və bilgili ola bilməz”.


A.Əlizadə həyat yoldaşının bundan sonrakı fəaliyyəti haqqında da söz açıb:

“Avropa Hərəkatı beynəlxalq təşkilatının Avropaya inteqrasiya etmək istəyən, onun dəyərlərini qəbul edən bütün ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəsi var. Bildiyiniz kimi,  ölkəmizdə təşkilatın nümayəndəsi Ramin Hacılıdır. O, bundan sonrakı fəaliyyətini bu  istiqamətdə quracaq.

Dünya ictimaiyyəti üçün maraqlı olan bir sıra problemləri Avropa həmişə gündəmdə saxlayır. Ramin Hacılı da ölkəmizin dünyada təmsil olunması üçün lazım olan işlər görəcək. Mən bu işdə ona dəstək verəcəm”.

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi