Modern.az

Mədəniyyət ictimaiyyəti Ermənistanın mülki əhalini qətlə yetirməsi əleyhinə bəyanat yayıb

Mədəniyyət ictimaiyyəti Ermənistanın mülki əhalini qətlə yetirməsi əleyhinə bəyanat yayıb

7 İyul 2017, 13:26

Azərbaycanın mədəniyyət ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“İyul ayının 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimi düşmən tərəfindən növbəti dəfə pozulmuş və işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf almışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olmuş, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanmışdır.

Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən hərbi təcavüzü, işğalçılıq siyasəti ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunması minlərlə günahsız insanın həyatına son qoymuş və hal-hazırda da bu təcavüzü davam etdirməkdədir.

Azərbaycanın mədəniyyət ictimaiyyəti beynəlxalq ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamağa və Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında birgə mübarizəyə çağırır.

Dünya birliyinin Ermənistanın hərəkətlərinə göz yumması beynəlxalq birliyin baş verənlərə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarını davam etdirməsinə zəmin yaradır.

Azərbaycan xalqı qüdrətli ordumuz sayəsində gec-tez erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracağına inanır.

Respublikamızın mədəniyyət ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik.

 

Azərbaycan Bəstəkarlar İttifaqı

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Rəssamlar İttifaqı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan Memarlar İttifaqı

Azərbaycan Yazıçılar Birliyi

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər