Modern.az

Yandım, ay Allah!

Yandım, ay Allah!

Aktual

7 İyul 2017, 14:24

Hidayət Elvüsal


Uşaqlıqdan yanğınsöndürən olmaq istəyirdim. Bu həvəsi məndə nənəm oyatmışdı. Əlimi ocağa, ya isti qazana uzadanda deyirdi: Cızz! Xalam hirslənəndə qarğış eləyirdi:

- Ay sənin ciyərin yansın, dinc otur, başım qazan kimi qaynadı.

Qonşumuz Sənəm xala təzə tuman geyinib arvadlara yanıq verirdi. Bir sözlə, yavaş-yavaş yanğınsöndürən olurdum və nəhayət arzuma çatdım.

Bu yanğınsöndürən çox odlu-alovlu bir peşədir və adamın başına qəribə hadisələr gəlir. Günlərin birində arxası üstə uzanıb zümzümə eləyirdim:

- Papirosum yana-yana,

Od düşüb şirin cana…

İş yoldaşım məni səslədi:

- Ə, dur, ə! Samovara od salmışam.

Təzəcə bir stəkan çay süzüb oturmuşduq ki, telefon zəng çaldı:

- Tez olun! “Azərbaycan” nəşriyyatında bir qəzet yanır.

Maşınlara doluşub redaksiyaya üz tutduq. Tüstü zad çıxmırdı. İçəri girəndə əməkdaşlar təəccüblə bizə baxdılar. Bir-iki addım atıb, qəzeti götürdük və dördüncü səhifəsinə baxdıq. Pahatonnan! Səhifə bir himə bənd idi ki, od tutub yansın. Şeirlərin altındakı, üstündəki imzalar bala-bala qəzetə köz salırdı: Orxan Odlu, Yaqub Yanar, Kamran Közlü, Arif Atəş, Aslan Alovlu, Oqtay Ocaq, Səlim Sönməz, Kamal Qığılcım, Müslüm Müştük…

Bizi dolayıblarmış…

Birdən şairlərin biri pıçıldadı:

- Yandım, alagözlüm,

Odlandım, şirin sözlüm…

Dedim:

- Ədə, kəs səsini! Təzəcə söndürmüşük. Necəsən qoyub gedək, qalasan yana-yana?

O biri dedi:

- Yanıram eşq oduna…

Başqa birisi:

- Gözüm yandırar səni.

Bir gödəkboylusu:

- Ah çəkərəm yanarsan…

Gördük burdan kabab iyi gəlir. Şairlər od tutub yanırlar. Məsləhətləşib iki ton yarım suyu vurduq onların canına. Sönmədilər…

…Bir dəfə də həmişə olduğu kimi arxiv yanırdı. Xəbər elədilər getdik. Gördük camaat, polis qarışıblar bir-birinə. Maşın fit çala-çala yaxınlaşdı. Komandirimiz cəld sıçrayıb yerə düşdü və qaça-qaça polis rəisinin yanına çatdı. Əlini qulağının dibinə qoyub təzim etdi və çığırdı:

- Nəçənnik, su yoxdu!

Nəçənniyin ürəyi getdi. Onu maşina qoyub, yenə fit çala-çala, güc-bəla ilə təcili yardıma çatdırdıq.

…Yəqin o vaxt “AZİ” deyilən institutun yanmağı da yadınızda olar. Bax, onun günahı bizdə olmamışdı. Bir oğlan zəng çalmışdı ki, gəlin, yanır, getdik, söndürdük və oğlana 50 manat mükafat verdik. On gün keçməmiş yenə zəng elədi ki, yanır. Getdik, söndürdük, 50 manat verdik. On gündən sonra institut yandı, heç kəs zəng eləmədi, biz də gedib söndürmədik. Xeyli keçəndən sonra həmin oğlanla qarşılaşdıq. Dedi ki, görürdüm institut yenə yanır. Zəng eləmədim. Qorxdum deyələr özüm yandırıb, zəng eləyirəm ki, 50 manat alım.

Bəli, işimiz ağır və maraqlıdır. Bazarlarda qiymət od tutub yanır, sevənlərin ürəyi kabab olur, paxıllar yanıb-yaxılırlar… bacardığımızı söndürürük. Çünki, sənətimizi çox sevirik. Axı, biz “cızza”dan tutmuş, arxivə qədər uzun bir həyat yolu keçmişik.

Özü də yana-yana, oxuya-oxuya:

- Yandım, ay Allah.

Qara-qara gözlərin…

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır