Çinin ən böyük xəbər agentliyi "Sinhua" ATƏT PA-da yaradılan İpək Yoluna Dəstək Qrupunun (SRG) fəaliyyəti barədə məlumat yayıb. Modern.az xəbər verir ki, məlumatda ATƏT PA-da İpək Yoluna Dəstək Qrupu yaradıldığı və qrupun yaradılmasının təşəbbüskarının Azərbaycan olduğu bildirilib.
Məlumatda bildirilir ki, 17 ölkənin təsisçisi olduğu bu böyük qrupa yaxın gələcəkdə daha 3 ölkənin qoşulacağı gözlənilir: "ATƏT PA-nın vitse prezidenti, Azərbaycandan olan parlamentari Azay Quliyev qrupun yaradılması məqsədlərinə toxunaraq bildirib ki, bu layihə qarşılıqlı iqtisadi və ticari əlaqələr üçün böyük platforma olacaq. Bu platforma qarşısında nəqliyyat dəhlizlərinin genişləndirilməsi, ticari və daşınma prosedurlarının sadələşdirilməsi, məhsulların, malların, xidmətlərin, investisiyaların azad və təhlükəsiz hərəkətinin inkişaf etdirilməsi tələbləri qoyulub".
Qeyd edək ki, ATƏT PA-nın 26-cı yay sessiyası Minsk şəhərində keçirilib. Bu sessiya İpək Yoluna Dəstək Qrupunun yaradılması ilə yadda qalıb. Qrupun təşəbbüskarı Azərbaycandır və daha 16 dövlət təsisçi kimi çıxış ediblər.
Modern.az