Modern.az

Prezidentlərin son görüşündən 1 il keçdi - Nələr dəyişib?

Prezidentlərin son görüşündən 1 il keçdi - Nələr dəyişib?

Aktual

11 İyul 2017, 16:37

2016-cı ilin aprelində alovlanan dördgünlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin mayda Vyanada və iyun ayında Sankt-Peterburqda keçirdikləri görüşlər danışıqlar prosesinin yenidən canlanacağına ümid yaratmışdı.

 

4 gün ərzində 200 insanın ölməsi sanki bütün dünyanın Qarabağdakı münaqişə zonasında status-kvonun saxlanmasının mümkünsüzlüyünü anlaması görüntüsü yaratmışdı. Həmsədr ölkələrin, beynəlxalq təşkilatların və münaqişə tərəflərinin bu barədə açıqlamaları da bu inamı möhkəmləndirmişdi.

 

Lakin ötən il iyunun 20-də Sankt-Peterburqda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən sonra münaqişənin həlli istiqamətindəki pozitiv siqnallar azalmağa başladı. Halbuki, Peterburqda Putinin vasitəçilyi ilə Serj  Sarkisyan və İlham Əliyev arasında baş tutan danışıqlardan sonra tərəflər müsbət dəyişikliklərin olduğunu bildirirdi.

 

“Təmas xəttində sabitliyin saxlanması və sülh danışıqlarının davam etdirilməsi üçün münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması barədə razılıq əldə olundu. Dövlət başçları Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib olan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər”- deyə görüşdən sonra verilən rəsmi açıqlamada deyilirdi.

 

İstər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, istərsə də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın məsələ ilə bağlı verdikləri açıqlamalar da Bakı və Yerevanın bəzi məsələləri həll etdikləri və həll prosesində irəliləyişə yaxın olmaqlarından yana idi.

 

Lakin 20 iyun görüşündən sonra yenidən sərt ritorika proseslərdə əsas vasitəyə çevrildi. Təmas xəttində bir neçə ay ərzində müşahidə olunan səssizlik yerini snayper və artilleriya duellərinə verdi. Hər gün təmas xəttində insidentlərin yaşanması, PUA aparatlarının məhvi və s. xəbərlər nazirliklərin əsas səhifəsinə yerləşdirilirdi.

 

Faktiki olaraq, atəşkəs rejiminin pozulduğunu aşkar nümayiş etdirən bu videogörüntülər Bakı ilə Yerevanı real hərbi konfliktdən heç nəyin ayırmadığını göstərirdi. Prezidentlərin 13 aya yaxın görüşməməsi də həyəcanlı siqnal sayıla bilər. Nə həmsədrlərin regiona iki səfəri, nə də xarici işlər nazirləri Elmad Məmmədyarov və Edvard Nalbandyanın görüşləri prezidentlərin uzun fasilədən sonra bir masa ətrafında əyləşməsinə nail olmayıb.

 

Eskalasiyanın məntiqi sonluğu isə iyulun 4-də Füzulinin Alxanlı kəndində erməni raketlərinin 18 aylıq Zəhranın və nənəsinin ölümünə, daha bir kənd sakinin isə yaralanmasına yol açdı.

 

Bu dəhşətli fakt barədə aparıcı dövlətlər bəyanatlar versə də, baş verən cinayətə görə ünvanlı tənqidin olmaması, hadisəyə görə tam məsuliyyət daşıyan rəsmi Yerevana qarşı heç bir xəbərdaredici addımın atılmaması təəssüf doğurur.

 

Bu hadisə həmçinin, münaqişənin tezliklə həllini, status-kvonun dəyişməli olduğunu və apreldə baş verən hadisələrin yenidən təkrarlana biləcəyini göstərdi.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?