Modern.az

Sabiq deputat: “Rüşvəti alan da bizik, verən də...” (MÜSAHİBƏ)

Sabiq deputat: “Rüşvəti alan da bizik, verən də...” (MÜSAHİBƏ)

13 May 2011, 15:05

Əkrəm Abdullayev: “Bəzən baxırsan ki, 80-85 yaşlarında insanlar vəzifə kreslolarından ayrılmaq istəmirlər” 


Üçüncü çağırış Milli Məclisin deputatı olmuş Əkrəm Abdullayev Modern.az saytına geniş müsahibə verib. Müsahibəni təqdim edirik.

- Əkrəm müəllim, hazırda nə işlə məşğul olursunuz?

- Mən millət vəkilliyinə gənclər siyasətindən, gənclər sahəsindən gəlmişdim. Parlamentdə olduğum 5 il müddətində çalışdım ki, gənclərlə bağlı iş, gənclər qanunvericiliyi, uşaqlarla bağlı iş və bundan irəli gələn məsələlərlə barədə fəaliyyətimi davam etdirdim. Həm  qanunvercilik sahəsində, eyni zamanda gənclər siyasəti ilə bağlı işlərdə yaxından iştirak etmişəm. Amma 5 il müddətində gənclərlə bağlı işdən də ayrılmadım. Gənclər işi elədir ki, bəlkə də buna hobbi də demək olar. Bu işlə məşğul oldunsa, ondan uzaqlaşa bimirsən, az qala pensiyaya buradan gedəcəksən... Bu işdə çox böyük bir zöv var. Hər zaman sənin yaşın artsa da, yenə də gənclərin içində olursan, gənclərlə çalışırsan. Bu baxımdan bunun insan həyatı üçün çox dəyəri var. İndi əvvəl başladığım işləri davam elətdirməyə çalışıram.
Qeyd edim ki, 2009-cu ildə Yaltada Dünya Türk Gənclər Birliyinin sədri seçilmişəm. Hazırda da bu təşkilatın fəaliyyəti ilə yaxından məşğul oluram. Bu yaxınlarda Türkiyədə səfərdə olduq. Biz planlaşdırırıq ki, bu il həm təşkilatın liderlərinin toplantısını, həm də XV qurultayını keçirək. Bu il müstəqilliyimizin 20-ci ildönümüdür. Biz məhz bu qurultayı müstəqilliyimizin 20-ci illiyinə həsr etmişik. Bunu da biz Şimali Kipr Türk Respublikasında planlaşdırırıq. Şimali Kiprdə bunun bir simvolik əhəmiyyəti var: dünyanın müxtəlif ölkələrində yaşayan türk respublikalarından gələn gənclər simvolik olaraq Kiprin gələcək müstəqilliyinə bir töfhə versinlər. Bəlkə də biz bu addımla öz mənəvi borcumuzu yerinə yetirmiş olarıq. Sözsüz ki, bizim fəaliyyətimiz genişdir, bu təkcə toplantılarla yekunlaşmır. Dünyanın, xüsusi ilə də keçmiş Sovetlər İttifaqında yaşayan türk xalqlarının biri-biri ilə yaxından təmas qurmasına çalışırıq. Biz çalışırıq ki, ortaq türk mədəniyyətini təbliğ edək.

Bu insanlar öz soy-köklərini unutmasınlar. Sözsüz ki, bu işin gənclər arasında aparılmasının xüsusi önəmi var. Biz daim qurultaylar çərçivəsində və kənarda tarixi mövzulara həsr olunan, türk dünyasını düşündürən məsələlər barədə elmi konfranslar, simpoziumlar təşkil edirik.

- Yeri gəlmişkən, türk dünyası gəncləri istiqamətində görülən işlər yetərlidirmi? Bundan sonra bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bu gün bizə türk dünyasında ən yaxın ölkə Türkiyədir. Amma indi Türkiyənin daxilində Azərbaycanla bağlı məsələlər lazımınca çatdırılırmı, lazımı informasiyalar verilirmi? Türkiyənin istənilən bölgəsinə getsək və orda soruşsaq ki, Dağlıq Qarabağda hansı proseslər gedib, bəlkə də onlar ömürlərində Dağlıq Qarabağ haqda eşitmədiklərini deyəcəklər. Mən bir şeyi xatırladım ki, millət vəkili olanda Ermənistanla Türkiyə arasında imzalanmış protokollarla əlaqədar Ankaraya səfər etmişdik. Biz orada Strateji Araşdırmalar Mərkəzində görüşdük. Onun başçısı bizə söylədi ki, Azərbaycan ilk olaraq diaspor fəaliyyətini Türkiyədən başlamalıdır. Amma Azərbaycan nə qədər düşünsə, fikirləşsə ki, Türkiyə bizə yaxın ölkədir, Türkiyə ilə heç bir problem yoxdur, yanlış olardı. Ona görə biz diaspor fəaliyyətimizi ilk Türkiyədən başlamalıyıq. Düşünürəm ki, biz türk dünyasında gələn insanlara Qarabağla bağlı nə qədər söyləsək də, məlumatlandırsaq da, yenə də az olar. Bu baxımdan bu insanlara yeni məlumatlar çatdırmaq lazımdır ki, onlar da bu məsələni yaxından bilsinlər. Biz türk dünyasından alimləri Azərbaycanda dəvət etməyi planlaşdırırıq ki, həm qaynar problemlərlə bağlı simpozium keçirək və eyni zamanda paralel olaraq bir işçi qrupu yaradaq. Bu işçi qrupu türk düynasının qaynar problemləri ilə bağlı öz araşdırmalarını ortaya qoysun.

- Azərbaycanda gənclərlə bağlı Dövlət Proqramı hazırlanır. Bunun üçün xüsusi işçi qrupu da yaradılıb. Bütün bunların Azərbaycan gəncləri üçün əhəmiyyəti nədən ibarətdir?

- Çox təqdirəlayiq haldır ki, cənab Prezident növbəti dövr üçün belə bir proqram imzaladı, proqramın qəbul edilməsi ilə bağlı işçi qrupunu yaratdı. Mən bir şeyi qeyd etmək istərdim ki, proqram imzalanan vaxtda bəzi kütləvi informasiya vasitələrində proqramın əleyhinə çoxlu yazılar getdi. Mən bir şeyi xatırlatmaq istəyirəm ki, Azərbaycanda başlanan gənclər siyasəti bu günü və yaxın bir zamanı əhatə eləmir. Yəni bunlar yaxın bir zamanda baş verən proses və hadisələr deyil. Hələ Heydər Əliyev Prezident seçilməmişdən öncə Milli Məclisin sədri idi və onun ilk görüşü gənclərlə oldu. Ölkədə vəziyyət çox ağır idi, insanlar vətəndaş müharibəsi ərəfəsində idi.  Belə bir ağır dönəmdə ölkə rəhbərinin proqramının çox məşğul olduğu bir dövrdə məhz Heydər Əliyev vaxt tapıb gəncləri qəbul edə bildi. Bu bir çağırış idi, gənclərə diqqət və qayğı idi. O zaman Prezident orta nəslin nümayəndələri ilə də, ziyalılarla da görüşə bilərdi. Bu ondan xəbər verirdi ki, Heydər Əliyev Azərbaycanın gələcəyini məhz gənclərlə görürdü. Məhz bu baxımdan gənclərlə bağlı yeni Dövlət Proqramı həmin siyasətin davamıdır. Sözsüz ki, nöqsanlar var. Nöqsanlar da proqramın özündə yox, onun həyata keçirilmə mexanizmindədir. Sözsüz ki, proqram hazırlanırsa, onun həyata keçirilmə mexanizmi də hazırlanmalıdır. Mən bir məsələni xatırladım ki, parlamentdə olanda ipoteka kreditləri ilə bağlı biz vaxtaşırı olaraq məsələlər qaldırırdıq. Bu məsələ proqrama salındı, ipoteka fondu yarandı. Lakin ipotekanın verilməsində müəyyən problemlər yaranır. Orada bugünkü bazar qiymətlərinə uyğun olmayan rəqəmlər oldu. Sözsüz ki, bununla bağlı müraciət edənlər ehtiyacları olan insanlardır. Amma ipoteka ilə bağlı proseslərin problem yaratması o insanı bu işlərdən uzaqlaşdırır və onu daha çətin bataqlığa aparır. Bu baxımdan bu gün gəncləri düşündürən məsələlərlə bağlı bürokratik əngəlləri aradan qaldırmaq lazımdır və qeyd edim ki, daha çox ehtiyacı olan insanlara vermək lazımdır.
Mən əminəm ki, yenə də bu prosesdən zəng vurmaq, tapşırmaq imkanı olan insanlar daha çox yararlanıblar. Nəinki ciddi ehtiyacı olan insanlar. Düşünürəm ki, növbəti proqramda bu məsələyə ciddi önəm verilməlidir. Daha çox ehtiyacı olan insanlarımız bu kreditlərdən yararlanmalıdır. Yeni proqramda Gənclər Fondunun yaradılması məsələsi qaldırılıb. Bu önəmli bir məsələdir. Mən o zaman Gənclər ili”ndə Gənclər Fondunun yaradılması təşəbbüsü ilə çıxış eləmişdim. Bunun üçün çox təzyiqlərə məruz qaldıq və mənə deyirdilər ki, “nə ehtiyac var buna, əlavə vəsaitdir, dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur”. Mən onda bir nəfərə dedim ki, “vacibdirmi biz hansısa ölkədə olan praktikaları Azərbaycana gətirək...
Bir dəfə də elə addım ataq ki, başqa ölkələr gəlib Azərbaycandan nəsə öyrənsinlər”.
O zaman gənc millət vəkili həmkarlarım dəstək verdilər mənə və biz onu qanuna saldıq. Bu məsələlər çox önəmlidir. Çünki biz vətəndaş cəmiyyəti quruculuğundan danışırıqsa, bu gün bilirsiniz ki, ölkəmizdə gənclərlə bağlı 500-ə yaxın QHT var və bunlara xüsu diqqət, qayğı göstərmək lazımdır. Onların yeni ideyalarına dəstək vermək lazımdır. Bu gün Gənclər və İdman Nazirliyi bu işin öhdəsindən tam gələ bilmir. O baxımdan düşünürəm ki, bu fondun yaradılması da bizim üçün çox böyük töfhə olacaq. Bu yaxınlarda mətbuatda oxudum ki, cənab Prezident tərəfindən parlamentə dövlət qulluğunda çalışanların maksimal yaşları ilə bağlı sənəd təqdim olunub. Bizim gənc kadrlar ali təhsillərini başa vururlar, amma iş tapa bilmirlər. Bəzən baxırsan ki, 80-85 yaşlarında insanlar kreslolarından ayrılmaq istəmirlər.  

- İnsanlar pensiyaya çıxanda 100 manat pulla dolana bilmirlərsə, onda nə etsinlər?

- Mən sizə deyim ki, bu gün 100 manat pensiya yoxdur. Əgər insan çalışıbsa, dövlət qulluğunda olubsa, o yaxşı pensiya alacaq. Bilirsiniz ki, Prezident bu yaxınlarda göstəriş verdi ki, bu işlərə yenidən baxılsın. Bəzən iş adamları öz fəaliyyətlərini dövlətdən gizlədirlər. Baxırsan ki, bir müəssisədə min adam çalışır, araşdıranda məlum olur ki, 500 adam sənədləşdirilib. Amma geridə qalan bu 500 adam düşünmür ki, onun gələcək taleyi necə olacaq. Sən əgər çalışdığın müddətdə dövlətə bir manat pul verməmisənsə, sonra dövlət haradan götürüb sənə pul verəcək. Bu baxımdan düşünürəm ki, ölkəmiz inkişaf elədikcə onların maddi durumu da yaxşılaşacaq. Ən əsas odur ki, ölkə rəhbərliyi bu problemi bilir.

- Sizcə, bizdə dövlətin gənclərə münasibəti və gənclərin də buna cavabı adekvatdırmı?

- Bilirsiniz, bunun tərəzisi yoxdur. Bunu dəqiq söyləmək çox çətindir. Biz bunu yalnız subyektiv fikirlərimizlə cavablandıra bilərik. Bu gün dövlət gənclərə bağlı nə qədər qayğı, diqqət, nə qədər çox proqram qəbul eləsə də, sabah onun effekti görünməyəcək. Gənclər siyasəti elə bir sahədir ki, bu gün proqram qəbul olunub və bir ildən sonra biz bu proqramın nəticəsini görmək istəyiriksə, bu, mümkün deyil. Gənclərə yönəlik siyasət ən azı 5-10 il müddətində özünü göstərə bilər. 10-15 il bundan qabaq Azərbaycanda gənclərlə bağlı 5 QHT fəaliyyət göstərirdisə, bu rəqəm bu gün 500-dür.
Deyək ki, 15 il bundan qabaq Azərbaycanda gənclər təşkilatlarına ayrılan vəsait tutaq ki, min dollar idisə, bu gün milyonu keçib. Və yaxud 15 il bundan qabaq vəzifədə neçə gənc işləyirdi, parlamentdə neçə gənc var idi və bu gün neçəsi var. Gənclər siyasətinə verdiyin əmək öz nəticəsini yaxın bir müddətdə göstərə bilməz. Dövlətin üzərinə düşən vəzifə hər zaman öz vətəndaşına qayğı göstərməkdir. Vətəndaş da dövlətin börcundan çıxmağa çalışmalıdır. Biz hamımız vətən üçün çalışırıq. Vətənin borcundan heç vaxt qutarmaq olmaz. Hesab edirəm ki, bu iş Azərbaycanda yetərincə yaxşı qurulub və hətta Azərbaycanın gənclər siyasəti bəzi Avropa ölkələrinə nümunə göstərilir. Mən deyərdim ki, Azərbaycan gənclər sahəsində çox böyük irəliləyişlərə nail olub.

- Cəmiyyətin demokratikliyinin bir göstəricisi də müstəqil media, QHT-lərin olmasıdır. Sizcə bu gün Azərbaycanda müstəqil Qeyri-Hökumət Təşkilatları varmı?

- Media haqqında mən nəsə deyə bilmərəm, siz bunu daha yaxşı bilirsiniz. Mən medianı kənardan izləyən adam kimi fikrimi söyləyə bilərəm. QHT-lərin içində müstəqil olanları var. Onların arasında zəhmətlə, vicdanla xidmət göstərən insanlar var. Bu gün dövlətimiz həm QHT-lərin, həm də medianın inkişafı üçün istənilən qədər ciddi işlər görür. Sözsüz ki, insanlarımız bunu o qədər də düzgün qiymətləndirmirlər. Qeyd edim ki, bu işdə bəzi məmurların özbaşnalıqları var. Bunun nəticəsində həm də QHT-lərdə problemlər yaranır. Yeni qurulmuş cəmiyyət üçün bu normaldır. Əgər Azərbaycanın müstəqilliyinin əlli, yüz yaşı olsaydı, biz bu haqda söhbət etsəydik, bunu qeyri-normal hal kimi qiymətləndirərdik. Yeni yaranmış bir ölkədə istənilən qədər problem olur və bu problemlərin həlli istiqamətində işlər aparılır. Yenə də bu yetərincə deyil. Müxtəlif sahələrdə bu problemlər var. Amma düşünürəm ki, getdikcə bu problemlər aradan qaldırılacaq. Məsələn, 10 il bundan öncəki media ilə indikini müayisə eləmək olar? Sözsüz ki, yox. Mən deyim ki, Sovet İttifaqının son dönəmində mətbuat çox demokratik idi. O zaman “Azadlıq” qəzetinin yazdığını indi heç bir mətbuat yazmır.

- Normal cəmiyyət üçün azad media, müstəqil QHT-lər lazımdır...

- Sözsüz ki, lazımdır. Bizdə QHT-lərin özündə təşəbbüskarlıq olmalıdır. Ortada ciddi bir məsələ var. Hardasa 5-6 il bundan öncə müxalifət gəncləri ilə bizim bir diskussiyamız oldu. Onlar bildirdilər ki, ölkədə rüşvət var, dedim bəli, rüşvət var. Prezident də bunu deyib ki,ölkəmizdə rüşvət var. Bu rüşvəti verənlə, alan kimdir? Sizdən rüşvət tələb edirlər, verməyin. Deyək ki, övladımızın təhsil alması üçün müəllimə pul veririk. Müxalifəti də, iqtidarı da hamı bu işlə məşğuldur. Burada müxalifət-iqtidar söhbəti yoxdur. Bu cəmiyyətin xəstəliyidir. Yəni bu gün müxalifətçinin də uşağı repititor yanına gedir, nazirin uşağı da. Amma heç kim də mübarizə aparmır. Bilirsiniz, bizim bəlamız budur. Ona görə də, gərək biz danışmayaq. Çünki rüşvəti alan da bizik, verən də...Gərək mübarizə aparaq, rüşvət verməyək. Gürcüstanda necə ediblər. Rüşvət verəni də tuturlar, alanı da.

- Gürcüstanda Amerika bizlərin həsəd apardığı bir obraz yaradıb. Məncə, əslində burada məsələnin görünməyən tərəfləri var...

- Mən tərifləmirəm ki, Gürcüstan bizdən öndədir. Azərbaycan Qafqazda hər zaman öndə olub. Bu gün orada adi rüşvətxorluq aradan qalxıb. Küçədə gedən yol polis əməkdaşı səndən nə rüşvət alır, nə də sənə imkan verir.

- Amerika əlsində Gürcüstanda elə bir mühit yaratmaq istəyir ki, bütün Qafqazın mərkəzi məhz ora olsun...

- Ümumiyyətlə, 1988-ci ildən bu günə kimi Dağlıq Qarabağ problemi ortaya çıxandan sonra bütün məsələlərin mərkəzi Gürcüstan oldu. Ona görə ki, biz münaqişə zonasıyıq. Gəlib onlar Azərbaycanda bir layihə həyata keçirsələr, o zaman Ermənistan etiraz səsini qaldıracaq və yaxud da əksinə... Bu baxımdan mərkəzi zona kimi Gürcüstan seçilib. Gürcüstanın bəxti bizim münaqişədə olmağımızdan gətirib. Bir şeyi qeyd edim ki, sovetlər zamanı ən güclü cinayətkarlar, oğrular məhz Gürcüstanda olub. Amma bu gün Gürcüstan cəmiyyəti nümunə göstəriləsi şəffaf bir cəmiyyətdir. Bəlkə də burada başqa məqsədlər ola bilər. Avropanın məqsədi odur ki, göstərsin ki, baxın bu da şəffaflığın Gürcüstan modelidir. Biz nə qədər rüşvət alacağıq, nə qədər korrupsiyalaşmış cəmiyyət olacağıq, o qədər geri qalacağıq. Nə qədər biz bu islahatları tez həyata keçirəcəyik, o qədər bizim cəmiyyətimiz sürətlə inkişaf edəcək. Bunu bəzən altmış yaşın üzərində olan insanlar dərk etmirlər. Mənim üçün çətindir nəsə demək. Sonra deyəcəklər ki, nəsillər arasında problemlər, flan var. Amma həqiqətdə bu, belədir. İnsanlar bunu qəbul eləmək istəmirlər. Bu gün elə sahələr var ki, tamamilə korrupsiyalaşıb. Bu bizim ölkəmizin inkişafını geri atır. Bununla bərabər bizi dünya ictimaiyyəti arasında biabır eləyir. Yəni bizə normal insanlar kimi baxmırlar. Bu baxımdan düşünürəm ki, korrupsiyaya qarşı aparılan bu mübarizə sona çatmamalıdır, kampaniya xarakter daşımamalıdır. Əgər bu kampaniya olacaqsa, biz ikiqat özümüzə ziyan eləmiş olacağıq.

- Bundan sonra görəcəyiniz, planlaşdırdığınız işlər nədən ibarətdir? Bu, bizim üçün maraqlıdır?

- Mən istəmirəm bu planlar barədə indi daha çox açıqlama verim. Hər bir insanın müəyyən qədər görünməmiş işləri olur. Açığını deyim, son zamanlar özümdə bir az yorğunluq hiss elədim. Çalışıram ki, vaxtdan istifadə edim, bunları aradan qaldırım. Yəni sözsüz müəyyən problemlər var. Hər halda bu planların həyata keçirilməsi ilə bağlı siz tez bir zamanda məlumat əldə edəcəksiniz.






Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir