Modern.az

Cəbrayıl gülməcələri... (II)

Cəbrayıl gülməcələri... (II)

Ədəbi̇yyat

14 May 2011, 10:44

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif Cəbrayıl rayonu ilə bağlı növbəti məzəli əhvalatlarını təqdim edir.


MƏMİNİN –
Ж -

Soltanlı kəndində Yetim Məhəmməd adlı zəhmetkeş bir adam var idi. Soltanlı camaatı onun xətrini çox istəyirdi. Elə bu istəkdən ona Məmi də deyirdilər. Gün-güzəran Məmini çox sıxdığından məktəbə getməmiş, uşaq vaxtından çörəkpulu qazanmağa məcbur olmuşdu. O, arabada pambıqçılara sərin kəhriz suyu daşıyırdı, əvəzində də kolxozdan əməkhaqqı alırdı.
60-cı illərdə məcburi orta təhsil haqda qanun vardı, məktəbdən yayınan uşaqlar da, onların valideynləri də inzibati cəza alırdılar.
Günlərin bir günü on beş yaşlı Məmini də arabadan düşürüb gətirib oturtdular birinci sinifdə. Həmin gün «J» hərfi keçirmişlər (Kiril əlifbasında bu hərf belə yazılır: Ж). Uşaqlar lövhədə yazılmış böyük və kiçik «Ж ж» hərflərinin hərəsindən bir sətir yazıb müəllimə göstərirlər. Məmi isə nə qədər əlləşir, qələm əlində durmur ki durmur. 
Tənəffüsdə Məmi məktəbin iki metr yarımlıq hasarını aşıb pambıqçıların yanına qaçır. Hamı soruşur ki, ay Məmi, bəs sən dərsdə olmalıydın, burda nə gəzirsən?
Məmi qabar atmış barmaqlarını göstərib:
- Həzrət Abbas haqqı bu gün bir hərf keçirdilər, donzanqurdu kimi səkkiz ayağı vardı, onu yazana qədər tüstüm təpəmdən çıxdı. Həmən hərfi kitabdan çıxartmasalar, köpəkoğludu yalan deyən, məktəbə tərəf bir addım da atan deyiləm.
İnadına baxmayaraq, Məmi orta məktəbi uğurla başa vurdu, amma həmin söhbət indiyəcən də dillər əzbəridi. İndi də Cəbrayılda bir adam çətin işə düşəndə deyir: «Vallah bu iş düzələnə oxşamır, lap Məminin Ж-sı kimi qəlizdi»

QOY BAŞ-AYAQ YATSINLAR

Keçən əsrin 50-ci illərində hökümət yerlərə rəsmi nümayəndələr göndərib yorğan-döşək, yastıq, palaz-paltar və başqa əşyalar yığırmış.
Cəbrayılın Horovlu kəndinə də rayon rəhbərliyindən Bağır Həsənov göndərilir. O, Məşədi Bəbir oğlu Həsənin evinə gəlir:
– Həsən kişi, bilirsən də, dövlət kasıbdı. Kömək üçün yataq dəstləri, paş-paltar yığırıq. Nə verirsənsə, de, gətirsinlər.
Həsən kişi arvadına:
– Mahmudun qızı (Qarabağın çox yerində köhnə kişilər öz aravdlarını adları ilə yox, dədələrinin adı ilə çağırır), evdə olan iki yastığın birini gətir ver aparsınlar!
Tutu arvad yastığı gətirəndə Bağır müəllim Həsən kişinin üzündəki kədəri sezir.
Bağır Həsənov:
– Həsən kişi, partiyanın, hökumətin bu qərarına nə deyirsən?
– Yaxşı qərardır, nə deyə bilərəm?! – Həsən kişi əlini yelləyir.
– Nədənsə narahatçılığın varsa, açıq de, qulaq asıram, - Bağır müəllim soruşur.
– Yox əşi, nə narahatçılıq?! Dözərik birtəhər. Bu vaxtacan iki yastığımız vardı deyə arvadla baş-ayaq yatırdıq. İndi birini aparırsınız, bundan sonra məcburuq gərək arvadla qucaqlaşıb yataq.
Bu sözə Bağır müəllim uğunub gedir. Yastığı büküb maşının kuzasına atmağa hazırlaşan uşaqlara deyir:
– Kişinin yastığını qaytarın, qoy baş-ayaq yatsınlar.
İndi Horovluda biri birindən dilək istəyəndə deyər: «Apar işlət, amma qaytar, yoxsa arvadla qucaqlaşıb yatmalı olacağıq».

RƏCƏB  KİŞİNİN  BULAQ  MƏSƏLƏSİ

Tinli kəndinin camaatı yayda Şahbuzun şimalındakı dağlara yaylağa gedərmişlər. 40-cı illərin ortalarında yenə elat yaylağa yola düşür, Qubadlının Yazı Düzündə dincəlmək üçün dayanır. Buralar içməli su sarıdan qıtlıq olan yerdi. Köç Yazı Düzündə bir neçə gün qalmalı olur. O yerlərdə yalnız bir bulaq varmış, o da elat düşən yerdən həm xeyli aralı imiş, həm də yolu xarab imiş. Bulağın yerini Rəcəb kişidən başqa heç kim bilmirmiş. Kimə su lazım olurdusa səhəngi, bidonu ona verirdilər: «Rəcəb kişi, Allah atana rəhmət eləsin, bizə bir qab su gətir». Rəcəb də heç kimin sözündən çıxmazmış. Beləcə, yazıq Rəcəb hər gün on-on beş dəfə bulaqdan su daşımalı olur, axırda lap təngə gəlir. Bir gün belə, iki gün belə... Üçüncü gün Rəcəb kişini yenə bulağa yollayırlar. Rəcəb kişi bulağa çatır, əl-üzünü yuyub sərinləyir. Sonra bulaq çıxan təpənin üstünə qalxıb var gücü ilə bağırır:
– Ay camaat, kömək eləyin, ayı məni yedi, heeeey!!!
Elat uşaqdan böyüyə əlinə yaba, dəhrə, balta alıb Rəcəb kişi duran təpəyə tərəf cumur. Gəlib çatıb görürlər ki, Rəcəb kişi arxayınlıqla təpənin başında oturub təsbeh çevirir. Hamı əlindəki silah əvəzinə gətirdiyi aləti yerə atıb qeyzlə:
– Bu nə hoqqadı, Rəcəb kişi?!
– Ay camaat, vallah day ayrı əlacım yox idi. Hamınızı bura topladım deyəm ki, bax, bulaq burdadı, bundan sonra kimə su lazımdısa, zəhmət çəkib gəlsin özü aparsın, mən sizə su daşımaqdan əldən düşmüşəm!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir