Modern.az

Atalar və övladlar - Həmid Herisçi: “Atamı Təbrizə yola salırdıq ki, keçindi” - LAYİHƏ

Atalar və övladlar - Həmid Herisçi: “Atamı Təbrizə yola salırdıq ki, keçindi” - LAYİHƏ

Reportaj

17 İyul 2017, 13:11

“Çauşesku atamın təklifi ilə Təbrizdə “Traktorsazi” karxanasını tikdirdi, o məşhur futbol klubunun yaranmağı da atamın adıyla bağlıdır”


Modern.az
 saytının “Atalar və övladlar” layihəsi tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi similar, hətta adi adamlar  haqqındadır. Onlar barəsində böyüdüb, boya-başa çatdırdıqları övladları atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övladı atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…


Layihəmizin növbəti qonağı tanınmış yazıçı, publicist, jurnalist Həmid Herisçidir. O, mərhum atası - məşhur alim, böyük Seyid Cəfər Pişəvəri hərəkatının əsas siması və həmmüəlliflərindən olan Qafar Kəndli Herisçi haqqında danışacaq. Məşəqqət və sirr dolu ömür yaşayan Qafar Kəndli haqqında xatirələr, ürək sözləri maraqlıdır. Biz girişdə Qafar Kəndli haqqında bəlkə də heç nə demədik. Çünki bu haqda ancaq Həmid Herisçi gözəl danışa bilər.

Odur ki, sizi Həmid Herisçi və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Təbriz fədaisi -  "Yoldaş Kəndli"

-Atam Qafar Kəndli Herisçi 1923-ci ildə Təbrizdə dünyaya göz açıb. Məşhur “Heris” xalçalarını istehsal edən adlı-sanlı Herisçi nəslindəndir. 1941-46-cı illərdə Qafar Herisçi Güney Azərbaycanda, İranda cərəyan edən bir çox ciddi siyasi hərəkətlərdə fəal iştirak edib. O vaxtlar Seyid Cəfər Pişəvərinin Tehrandan Təbrizə gəlməyi, 14-cü çağırış İran Məclisinə öz namizədliyini irəli sürməyi məhz Qafar Herisçinin gizli inqilabi fəaliyyəti ilə bağlı olub. Elə o vaxtlar da, iz azdırmaq xatirinə Qafar müəllim “Kəndli” təxəllüsünü özünə götürüb. Uzun illər partiya fəalları arasında “Yoldaş Kəndli” kimi tanınıb. 1946-cı ilin mayında Pişəvərinin xüsusi inqilabı mandatıyla “yoldaş Kəndli” Əhər kimi çox qorxulu bir yerə gəlib, orda Azərbaycan Demokrat Partiyasının hakimiyyətini bərqərar edib. 1946-cı il dekabr faciəsi baş verərkən Qafar Kəndli Herisçi özünü itirməyib, pərakəndə səpələnib qalmış fədai dəstələrini bir yumruq halına gətirib və onların hamısını labüd ölümdən qurtararaq Xudafərin körpüsündən bu taya keçirib. Elə o vaxt da bu və digər şücaətlərinə görə Pişəvəri tərəfindən bir çox orden və medallarla təltif olunub.
Mircəfər Bağırovun şəxsi rəyi və səyi nəticəsində Qafar Kəndli Bakıya gəlib Ali Partiya Məktəbinə daxil olub və 1949-cu ildə ordakı təhsilini başa vurur. Onun 1960-cı ilə qədərki inqilabi fəaliyyəti, bir yox, bəlkə, bir neçə bioqrafiyaya sığışa bilər. Azərbaycan Demokrat Firqəsinin o vaxtlar İran Xalq Partiyası “Tudə” ilə birləşməyi Qafar Kəndlinin şəxsi iştirakı və səyi nəticəsində baş verib. Nəticədə partiya əyalətçilikdən canını qurtarıb, dünya inqilab prosesinə cəlb edilib. Məhz o dövrlərdə Qafar Kəndlinin SSRİ siyasi rəhbərliyi ilə sıx təmasları başlayıb.
Suslov, Ponamaryov, Erix Honekker, Çauşesku, Qomulka kimi məşhur siyasi fiqurlarla əməkdaşlıq nəticəsində Qafar Kəndli İranda, Güney Azərbaycanda inqilabi prosesi sürətləndirib və bütün bunlar 1979-cu ildə şah rejiminin çöküşü ilə nəticələnib.

Lakin 1979-cu il Leypsiq konfransı zamanı “Tudə” partiyasının rəhbərliyi, Qafar Kəndli daxil olmaqla siyasi proseslərdən uzaqlaşdırılır. Qafar Kəndlinin xəbərdarlığına baxmayaraq yeni partiya rəhbərliyi siyasi avanturizmə yuvarlanır. Axırda tam süqut edir...

Elm fədaisi, 7 bilet və mən... Bir də...

-Siyasi fəaliyyəti ilə yanaşı, Qafar Kəndlinin çox böyük ədəbiyyatşünaslıq fəaliyyəti də olub. O, 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, “1941-46-cı il Cənubi Azərbaycan ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Qafar Kəndli bundan sonra bütün istedadını qədim dövr Azərbaycan ədəbiyyatının tədqiqinə yönəldib. 1957-62-ci illərdə o, Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlayıb.

1962-ci ildən 1967-ci ilə qədər o, “Xaqani Şirvani (həyatı, dövrü və mühiti)” mövzusunda mükəmməl doktorluq dissertasiyası üzərində işləyir və 1973-cü ildə onu müdafiəyə təqdim edir. Həmin ildə də professor adına layiq görülür.


1968-72-ci illərdə atam “Sadiq bəy Əfşar” və “Hacı Zeynalabdin Şirvani” mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edir.

1969-71-ci illərdə Qafar Kəndli-Herisçi Respublika Əlyazmalar İnstitunun yoxlanılmasında fəal iştirak edir. 3200-ə qədər əlyazmanı oxuyub onları kotoloqlaşdırır.

1973-80-ci illərdə professor Qafar Kəndli “Zərdüşt, Avesta və Azərbaycan”, “Xaqani Şirvaninin münşəatı”, “İbn Sina və Azərbaycan ədəbiyyatı”, “Nəsrəddin Tusi və Azərbaycan” kimi mövzularda 27 elmi məqalə yazaraq, onları əsasən xarici mətbuatda, İranda çap etdirir. 

1980-ci ildən Qafar Kəndli Ədəbiyyat İnstitunda “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsinə təyin olunur və vəfatına qədər bu vəzifəni icra edir.


Onun SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsəri mövcuddur. 1997-ci ildə Qafar Kəndlinin “Xaqani Şirvani” (həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək, Tehranda çap edilir. Əsər dərhal dərslik statusu qazanaraq universitetin əsas əyani vəsaitlərindən birinə dönür.


Bu, necə deyərlər, rəhmətliyin rəsmi bioqrafiyasıdır. Hə, bax mən indi oğul istəyirəm, bu quru statistik məlumatlar arxasında gizlənmiş böyük bir taleyi, ağrılı qəribçiliyi görsün...

Yadımdadı, ölüm ayağındaykən qərara gəldik ki, Qafar ağanı bir təhər Təbrizə yola salaq. Həkimlərin tələbiylə 7 bilet aldım Təbrizə uçan təyyarəyə... Aldım ki, yeri rahat olsun orda. Sıxılmasın... Sonra gəlib bu biletləri çarpayıda uzanmış atamın ovuclarına tapşırdım. Bir də gördüm, bu əllər hərəkətə gəldi. Biletləri sıxdı. Bax beləcənə, o, öz dünyasını dəyişdi. Ovcunda Təbriz biletləri, böyründə mən... 7 bileti təcili kassaya qaytarmaq lazım idi. Yoxsa, biletlər batar, bizə xeyli iqtisadi ziyan dəyərdi. Gəldim kassa önünə. Gördüm, kassa önündə uzun növbə var. Hamı Təbrizə bilet axtarır. Biletləri qaytarmağım 7 nəfərin xoşbəxtliyinə, sevincinə səbəb oldu. Mən kənarda dayanıb bu mənzərəni sonuncu akkordunadək seyr etdim. Bir tərəfdə atamın ölümü, nakam Təbriz səfəri, digər tərəfdə Təbrizə qayıdan alverçilər, tacirlər, iş adamları...

Ürəyimdə dedim: -“Gedin. Xoşbəxt olun. Bu, bizə qismət olmadı”...

Bax,  bu cür yaşadıq həmişə... Bu cür...Tərəzinin bir gözündə O... digərində biz hamımız...

 

Pişəvərinin sadiq silahdaşı – atam Qafar Kəndli

 

-Pişəvərinin bu sadiq silahdaşı bir dəfə mənə çox maraqlı bir hadisə danışdı. Bu xatirələri mən indi də hərdən qulaqlarımda eşidirəm. Deyilənləri Pişəvərinin 101 yaşlı bacısı Suğra xanım da təsdiqləyib:

“Sеyid Cəfər ailədəki bеş uşaqdan ikincisi idi. Səfər ayının 13-də doğulmuşdu. Kəndin başbiləni (“münəccim”i) Mirdaməd - guya, onun öncəgörənlik qabiliyyəti var imiş - atama dеmişdi ki, bu uşaq çox ağır gündə dünyaya gəlib. Uşağı qada-baladan uzaq еləmək üçün yеddi il onun özü ağırlığında sədəqə paylanmalıdı. Gələcəkdə onun başına nələr gələcəyini təkcə Allah bilirdi. Təzə doğulmuş övlad haqda bu sözləri еşidən valideynlər çox mütəəssir olmuşdular. Yеddi yaşına qədər hər il onu tərəzinin bir gözünə otuzdurar, o biri gözünə isə özü ağırlığında düyü, buğda qoyurdular”.

Pişəvəri barədə film çəksəydim, ilk səhnələrini bu niskilli mənzərə ilə başlardım. Tərəzinin bir gözündə balaca bir oğlan uşağı oturub, digərində isə... Digərində isə düyü, buğda... İnsanlar, tarix, müharibə, inqilab. Qətllər... Soyğunçuluqlar.... Axırda mən bu tərəzinin gözündə atamı əyləşdirərdim, sonra da özümü...

İndiyədək özümü həmin tərəzidə hiss edirəm. Bax bu cür yaşadıq həmişə...Bu cür...Tərəzinin bir gözündə O... digərində biz hamımız.

Bir “saatlıq” möcüzə...

-Pişəvəri həm də əla saatsaz idi. İclas zamanı silahdaşlarının əhatəsində o, adətən, öz "Bakker" markalı saatını sökər, sonra təzədən yığardı. 1947-ci lin yayında o, bu saatını sökür, ancaq təzədən yığa bilmir. Köməyə məşhur Bakı saatsazı İsmayıl Həsənov gəlsə də, saat işləmir ki, işləmir. Pişəvəri, bunu bir işarə kimi qəbul edir. Az sonra o, Yevlaxın dördyolunda qəzaya düşüb ölür. Ancaq, Pişəvəri məncə, təkcə öz saatını sazlamırdı. Hərdən zamana da yeni axar verməyi bacarırdı. Misal üçün, vəfatından 40 il sonra da bu saat sanki işləyirdi. Belə olmasa, atam düz 40 il sonra məhz Pişəvərinin vəfatı günü -11 iyulda dünyasını dəyişməzdi. O məşhur qəza zamanı çəkilmiş son məxfi fotonu sonralar mənə Moskvada hədiyyə ediblər. Şəkilə indi siz də baxın...



Pişəvərinin ölümü...

 

Səttarxanın təsbehi, Pişəvəri, Qafar Kəndli...

-Təbrizdə həmişə peşəkar inqilabçı bir silk - fədailər mövcud olub. Fədailər 99 nəfər idilər. 100-cü - sərdar, həmişə gizli olardı. Bu bölgü, Allahın “Əsma-ül hüsna”dakı 99 sifətinə uyğun şəkildəydi. Atam, bu siyahıya uca Allahın “Qafar” sifətiylə daxildi. Bu bölgü, həm də təsbehlərdə, təsbehlərin 99 daşında təkrarlanırdı. Səttərxanda belə bir möcüzəli təsbeh vardı. O, döyüş zamanı bu təsbehini sökər, daşlarından həmin döyüşün mənzərəsini yaradardı. 99 daşı, 99 fədaini lazımı nöqtələrdə yerləşdirərdi. Uzaq hədəflərin dəqiq coğrafi koordinatını da Səttərxan bax, bu təsbehin köməyi ilə təyin edərdi. Təsbehi tutardı gözləri önünə. Uzaqdakı hədəf, iki daşın miqyasına sığırdısa, demək iki yüz metr aralı məsafədəydi. Səttərxan bunu bilincə öz snayperlərinə, topçularına hədəfin dəqiq ünvanını ötürər, nəticədə düşmənə qalib gələrmiş. Sonralar həmin təsbeh düşür atamın əlinə. 1943-44-cü ildə o, Tehrana həmin təsbeh ilə gedib Pişəvərini “Ajir” (yəni,  həyəcanlı səs) qəzetinin redaksiyasında aşkarlayır. Əvvəl təsbehi göstərir Pişəvəriyə... Sonrasını day özünüz gözlərinizdə canlandırın.

Məhz o zaman təbrizlilər, fədailər Pişəvərinin namizədliyini İran milli məclisinə keçirilən növbəti 14-cü seçkiyə təqdim edirlər. Təklifi, rəhmətlik “yoldaş Kəndli” irəli sürür. Pişəvəri bununla razılaşır. Məhz o zaman Pişəvəri Təbrizə gəlib öz xalqı ilə birləşir. Görür ki, İranda ən qabaqcıl, inqilabçı ünvan Təbrizdi, Azərbaycandı. Nəticə özünü çox gözlətmir. Pişəvəri seçkilərdə qalib gəlir. Ancaq onun mandatını ləğv edirlər. “21 Azər” inqilabı məhz bu səbəbdən yaranır.

Şəxsi arxivimdə atamın bir üzvlük  vəsiqəsi var. Üzərində yazılıb-“Azərbaycan həmkarlar İttifaqı”. Bildiyimə görə, Təbriz fədailəri məhz bu təşkilatın çətiri altında gizlənib altdan-alta iş görürdülər, necə deyərlər, saman altından su yeridirdilər. Fədailərin gizli siyasi, inqilabı texnologiyalarına rəhmətlik atam çox yaxşı bələd idi. Bu fəndlərin bir sırası Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” əsərində əks olunub. Əslində, bu kitab bir növ “Fədailərin kitabı”dır. Kitab, sözsüz, atam Qafar Kəndlinin təklifi ilə qələmə alınıb.



Fədailər

 

“21 Azər demişkən”...

-Fədai üsyan texnologiyaları çox qədim, əsrlərin sınağından çıxmış fəndlərə əsaslanır. Əvvəlcə, fədailərin sərdarı, öz vəziri, vəkili ilə çıxır bazar qapısı önünə. Əmr edir ki, 3 gün şəhərdə heç kim dilinin ucuna bir söz belə, gətirməsin. Sonra xalq, bəzi çox absurd, ancaq mənalı oyunlara qatılır. 40 gün beləcə davam edir. Xalq, bir növ əvvəlcə təlimə, oyuna cəlb edilir. Axır 40-cı gün “Gecə qara” adlanır. Ovcunun içindən gələni həmin gün həyata keçirməlisən. Oğru belə gündə oğurluq edir, fədailər isə inqilab. “21 Azər” bax bu cür 40 günlük təlimlərdən sonra baş tutdu. Təbriz qarnizonunun başçısı, general Derəxşəni bax beləcənə, tərki-silah edildi. Əməliyyatın müəlliflərindən biri rəhmətlik atam Qafar Kəndli idi.

Əslinə qalsa, “Kəndli” adı atam üçün aldadıcı manevr idi. Təpədən-dırnağa şəhərli, təbrizli olan bu insanın “Kəndli” adı düşmənləri aldadırdı. Düşmənlər, elə bilirdilər bu adam kəndli sifətli, əxlaqlıdı. Nəticədə aldanıb atamı gözdən qaçırırdılar.

Doğma Təbriz, ata ocağı...

- Bilmirəm ötən il idi, yoxsa inişil... Köhnə televizorumun düyməsini basdım - hə, bu yaxşı yadımdadı... Ekranda bir Hollivud kinofilmi- “Adsız müəllif” lenti canlandı. Əvvəlcə təəccüblü heç nə yox idi bu filmdə... Sadə, adi kriminal film idi, vəssalam. Qəfildən içimdə nəysə oyandı, gözlərim yapışdı ekrana... Ordakı hadisələr 74 saylı binada baş verirdi... Mənzilin nömrəsi 69 idi...

Bu isə, eynən bizim ev ünvanımızdı...

Filmin süjetinə görə bu evdə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin Xarici Resurslar İdarəsinin rəisi Maykl Ebbot yaşayırmış...

Qəribə, oxşarlıqdı, eləmi?



O ki, qaldı Təbrizdəki evimizə... Ev baxımsız qalıb. İranda bu cür evlər keçir “Setate icrayeye fərmane İmam” adlı bir qurumun ixtiyarına. Yəni, bu evlərin taleyi məşhər gününə, İmama Mehdinin zühuruna qaldı. Yəni mən indi, bu dədə-baba evimdə İmam Mehdi ilə, İmama sahib əz-zamanla şərikəm.

Kimin bəxtinə, taleyinə belə xoşbəxtlik yazıla bilərdi məndən başqa?

Xaqanişünas

-Bəli. O, öz elmi əsərləri ilə XII əsr ədəbi həyatının canlı mənzərəsini yaratdı. Sübut etdi ki, Nizami, Xaqani şeiri, o dövrkü Şərq ədəbiyyatı çərçivəsində tam yeni olub. O, sübut etdi ki, sonrakı Avropa ədəbiyyatının tələblərini–yəni realizmi, süjeti, canlı ədəbi qəhrəmanlar silsiləsini hələ 12 əsrdə məhz Nizami, Xaqani ədəbiyyata gətirib. Oxuyun onun “Xaqani Şirvani” monoqrafiyasını. Görün, XII əsr həyatını, siyasi, ədəbi qarşıdurmalarını o, necə mükəmməl, dəqiq qələmə alıb. Məsələn, Xaqaninin ikinci  Həcc səfəri zamanı Məkkədə gördüyü daxili  müharibəni, rəhmətlik atam bir kriminalist kimi tədqiq edib. Nəticədə  o zamankı bəzi sirlərin üstünü açıb


Yoldaş Kəndli”nin  əmanətləri

- Bizim "Tudə" partiyasının gizli mərkəzi Şərqi Almaniyanın Leypsiq, Drezden şəhərlərində yerləşirdi. Şərqi Almaniyanın kommunist lideri Erik Honekker bax bu çamadanları atama bağışlamışdı ki, bəs bir gün vətəninə, Təbrizə qayıdacaqsan. Gərəyin olar.

İstəyirsən qərib bir adamı öz tərəfdarın edəsən? Ona çamadan bağışla. De, bu çamadanla vətəninə dönəcəksən.

Atam bu çamadanları həmişə qorudu. Deyirdi Təbrizə bu çamadanlarla qayıdacam.

Qayıtmadı... İndi mən onlara həsrətlə baxıram.

İndi bu çamadanlar məndədir... Həmişə göz önümdədir bu çamadanlar... İçində fotolar. Məktublar. Qərib bir mühacirin həyat yolu...




 

“Traktorsazi”nin təşəbbüskarı, Çauşesku ilə görüş...

 

-Təbrizdəki məşhur "Traxtorsazi" futbol komandasının yaranmağı da Qafar Kəndlinin adıyla bağlıdır. Məsələ belə olur:

“TRAKTORSAZİ” ƏMƏLİYYATI”-  İran kommunistləriylə növbəti görüşü zamanı Rumıniya kommunistlərinin lideri Çauşesku onları şəhər kənarındakı qədim qəsrə dəvət edir. Həyətdəki nəhəng qoz ağacının dibində bir dəstə hind quşu gəzişir, qozaların nə vaxt qopub yerə düşəcəyi nadir anı səbirsizliklə gözləyirlər. Nahar zamanı Çauşesku bu mənzərəni qonaqlarına göstərib: - Hindquşları bu qoz ağacını güdür, biz isə elə həmin quşları. Payına beş qoza düşmüş hind quşunun çəkisi sonra xeyli artır. Həmin quşu vaxtında gözaltı etmək hər igidin işi deyil, - sözlərini deyir.
– Əsl rumun həmin quşu seçir, güdür, itirmir, sonra öz qonaqlarının süfrəsinə göndərir. Lakin, o rumun igidini güdən bir başqa qüvvə də var ki, orda bütün bu halqa qapanır. Bu, rumın qızıdır, o, həmin hindquşunun boğazını üzən igidi seçir, güdür, itirmir – deyən Çauşesku azca gülümsəyib keçir əsas mətləbə:
-Alman yoldaşlarımız sizə siyasi baxımdan dəstək verir, lakin bu azdı, gərək İranda böyük bir saneyə mərkəzi inşa edək, inqilabi proletariatı məhz orda yetişdirək, mən şahın saqqızını oğurlamışam, İranda nəhəng traktorqayırma karxanası tikməyə boyun olmuşam. Deyin, İranın hansı bölgəsi inqilabi ənənələrlə zəngindir, biz də karxananı orda inşa edək, yerli proletariat sinfini təşəkkül etdirib İranda inqilaba başlayaq?


İran inqilabçıları üzərinə çökmüş dərin sükutu ilk olaraq Qafar Kəndli pozur:

-Traktorqayırma karxanasını Təbrizdə inşa etmək lap düzgün olar, əvvəla, bura İranın inqilab yuvasıdır, ikincisi Təbriz insanı peşəkardır, texnikaya digərlərindən tez yiyələnəcək, Azərbaycan isə İranın əsas kənd təsərrüfatı bölgəsidir, traktor kəndə gəlsə, bütün Azərbaycan kəndliləri şəhər proletariatına qoşulacaq, fəhləylə kəndlilərin vahid cəbhəsi yaranacaq.


Tezliklə bütün bunlar həyata keçirilir, Rumıniyanın dəstəyi ilə Təbrizdə nəhəng «Traktorsazi» karxanası tikilib 50 min  fəhləni işlə təmin edir. İran islam inqilabı da elə ordanca başlayır 1978-ci ildə. Çauşesku yanılmır. Bu karxanada təşkilatlanmış Təbriz proletariatı indi də mübarizənin ön sıralarındadır - «Traktorsazi» futbol komandasının hər qələbəsi Təbrizdə görünməmiş nümayişlərlə davam edir, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı!» kimi şüarların ardı-arası kəsilmir. Həmin mənzərələrə baxdıqca, xatirəmdə, Nikolai Çauşesku, Erik Honekker, İskəndər, yoldaş Kəndli kimi əyilməz inqilabçıların siması canlanır. Bəsdir Amerika təbliğatına uyduğunuz, bəsdir, Çauşesku, Honekkerə qara yaxdığınız. Tam həqiqəti bilsəz əməllərinizə görə utanarsız.


Atamla son söhbət

-Görürdüm, vəziyyət ağırdı. Dedim, bəlkə, ürəyində bir söz qalıb? De...

Son cavabı çox mənalı oldu, vallah: “Mən sənə hər şeyi danışmışam. Hələ eşidəcəksən”.

Hələ eşidəcəksən... Bəli, hələ də eşidirəm onun dediklərini...

 

Qohumlarımız haqqında

-Əmilərimdən biri Cəmşid Herisçi 1956-cı ildən Fransada yaşayır. O, “Ariana” adlı Fransa kosmik layihəsinin həmmüəlliflərindən biridi. Ancaq, əfsus, onu indiyədək kimsə görməyib. Başqa qohumlarım Amerikada çox güclü hüquq firması yaradıblar. Dövlətlər səviyyəsində sifarişlərə həyata keçirirlər.

 

...Və ən etibarlı dostu...

-Ən etibarlı dostu deyəndə yadıma mərhum yazıçı-pedaqoq Mir Cəlal düşür. Münasibətləri çox istiydi. Qafar Kəndli onun yubiley dəvətnaməsini məncə, elə-belə öz arxivində qoruyub saxlamırdı...


Son söz əvəzi


-Qafar Kəndli kimi inqilabçılar, görmüşəm, bir an... bircə an xalq kütləsi əhatəsində öz təntənəsini yaşayır. Sonra ömrü boyu bu uçmuş Simurq quşunun ardınca qaçır... Tənha qalır... Bunu yaşadı o...

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi