Modern.az

Vahid Əhmədov: “SSRİ-nin əleyhinə səs verəndən sonra mənə qarşı ciddi təqiblər başlandı” (FOTOLAR)

Vahid Əhmədov: “SSRİ-nin əleyhinə səs verəndən sonra mənə qarşı ciddi təqiblər başlandı” (FOTOLAR)

16 May 2011, 16:17

“Heydər Əliyevin belə mövqeyi sessiyada iştirak edənlər üçün gözlənilməz oldu”

“Qorxurduq ki, bu müstəqilliyi xarici dövlətlər tanımasın”


Modern.az
saytı Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubleyi ilə bağlı “Müstəqilliyimizin şərəfli tarixi” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində müstəqilliyimizin bərpasından keçən 20 illik zamanla bağlı çeşidli araşdırmalar aparılacaq, Müstəqillik Aktının qəbulunda iştirak edən, həmçinin, tarixə “istiqlalçı deputatlar” kimi düşən millət vəkilləri ilə müsahibələr təqdim olunacaq. Bununla yanaşı, həyatlarını dəyişmiş deputatların ailə üzvləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində müstəqilliyin bərpasının ilk illərində qanunvericilik və digər sahələrdə görülən işlər, sənədlər, faktlar araşdırılacaq və bununla bağlı yazılar sayta qoyulacaq. Layihənin sonunda bütün yazılar toplanaraq kitab şəklində çap ediləcək. 

Bu layihə çərçivəsində biz “istiqlalçı deputatlardan” olan Azərbaycan SSR Ali Sovetinin keçmiş deputatı, baş nazirin birinci müavini olmuş Milli Məclisinin üzvü  Vahid Əhmədovla  birlikdə müstəqilliyin ilk illərinə, o zamankı vəziyyətə işıq saldıq..  

- İstiqlalçı deputat  olaraq SSRİ zamanında qorxmadan Azərbaycanın müstəqilliyinə səs verən az saylı millət vəkillərindən olmusuz.  Səs verdiyiniz o müstəqillik arzularınızda olduğunuz həmin müstəqil dövləti ortaya qoya bildimi ?

- Bu suala cavab vermək üçün əvvəlcə o müstəqilliyə gedən yola nəzər salmaq lazımdır. İndi bəzən deyirlər ki, SSRİ onsuz da dağılacaqdı, onsuz da müstəqil dövlətlər yaranmalı idi. Məncə bu sözləri belə asanlıqla demək düz deyil. Müstəqilliyə gedən yol Azərbaycan üçün qətiyyən rahat olmayıb. 1988-ci ildə Qarabağla başlayan hadisələr ölkədə böyük miqyaslı bir hərəkatın başlanmasına rəvac verdi. Azadlıq meydanında milyona yaxın insanın iştirakı ilə keçirilən mitinqlərin əsas məqsədi Azərbaycanın müstəqilliyinin təmin ediıməsi, yəni bərpası və s. bu kimi məsələlər idi. Bu da asan yolla getmirdi. Həmin vaxtlar mən zavod direktoru idim. Üç zavodun birləşdiyi Bakı Neftmaş İstehsalat Birliyinin direktoru idim, Keşlə Maşınqayırma zavodunda oturudum. Nizami rayonu partiya komitəsinin büro üzvi, həm də Bakı şəhər Sovetinin deputatı idim. Xalq Cəbhəsi təzə yaradılmışdı və milli-azadlıq hərəkatının aparıcı təşkilatı idi.  Azərbaycanda böyük direktor korpusu var idi, hamımız müstəqilliyin tərəfdarı idik və meydanlarda gedən proseslərə müəyyən cəhətdən hamımız yardım edirdik.

Azərbaycan SSR Ali Sovetinin deputatı olan 28-ə yaxın direktor, müəssisə rəhbərləri var idi. Biz Ali Sovetdə blok yaratmışdıq. Orda yığışaraq mitinqlərə kömək etmək və s. kimi məsələləri koordinasiya edirdik. Biz aksiyalara yardım edirdik ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə daha da fəal getsin. Çox qanlı günlərin şahidi  olmuşuq. Düzdür biz ortaya çıxmırdıq, çıxışlar etmirdik, amma həmişə proseslərin içində olurduq. Məsələn, mən həmişə zavodumdan müəyyən şəxslər var idi, onları göndərirdim, onlar çıxış edirdilər. Müstəqilliyə gedən yol çox keşməkeşli olub. Xüsusən 1988-91- ci illər ərəfəsi... Bu illər Azərbaycan üçün çox keşməkeşli olub.

- Deməli iddia olunduğu kimi, Azərbaycan müstəqilliyinə hazır şəkildə gəlib çıxmayıb...

- Əlbəttə. Bu illər ərəfəsində bizə ciddi təzyiqlər də olub, əziyyət çəkən insanlarımız olub. Hətta zavod rəhbərlərindən işdən çıxarılanlar, partiya sıralarından qovulanlar da olub. Bilirsinizmi bu o vaxtlar üçün  nə demək idi? Son... Amma biz maksimum çalışmışıq ki, Azərbaycanın müstəqilliyi bərpa olunsun...

- Bəs “istiqlalçı deputatlar” anlayışı necə yaranıb?

- Bu çox yaddaqalan və həyəcan  doğuran bir əhvalatdır. 1991-ci ilin mart ayında SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının  saxlanılması ilə bağlı referendum keçirildi.

Azərbaycan SSR Ali Sovetinin sessiyasında  ölkədə bu referndumun keçirilməsi ilə bağlı səsvermə olmalı idi. Onda Ali Sovetin 365 deputatı var idi. Referendumla bağlı səsvermədə 365 deputatdan yalnız 43-ü SSRİ-nin saxlanması barədə referendumun əleyhinə səs verdi. Onların içində Kommunist Partiyasının biletini daşıyan mərhum prezident Heydər Əliyev, Gəncənin keçmiş birinci katibi Tofiq Bağırov, Cümşüd Nuriyev, Firudin Cəlilov, Vaqif Novruzov, mən və digər tanınmış ziyalılarımız var idi. Digərləri isə Ali Sovetdə “Demokratik Blok”u təmsil edən AXC üzvləri idi. Ümumilikdə 43 nəfər SSRİ-nin saxlanılmasına səs vermədi.

- Partiya və Ali Sovet rəhbərliyinin sizin mövqeyinizdən xəbəri var idimi?

- Yox. Kimin hansı mövqe tutacağı barədə heç kimin xəbəri yox idi.. Amma rəhbərlik hamıya tapşırmışdı ki, “lehinə” səs verin. Mən belə şeyləri xoşlamırdım. Özüm bildiyim qərarı verdim. SSRİ-nin saxlanması barədə referendumun keçirilməsinin əleyhinə səs verdim.  

- Səsvermə açıq gedirdi?

- Bəli. Mən dediyim kimi həm büro üzvü, həm deputat, həm də zavod direktoru idim. Bu statuslar kifayət qədər böyük və ciddi post idi. Əleyhinə səs veridiyimizə görə, bizə çox böyük təzyiqlər oldu.

- Təzyiqlər hansı formada olurdu?

- Səsvermədən sonra mənim əleyhimə ciddi şəkildə kampaniya başlandı, məni təqib etməyə başladılar. Milli Təhlükəsizlik Nazirliyinə, rayon partiya komitəsinə çağırdılar. Çağırıb deyirdilər ki, niyə belə etmisən?

Azərbaycan televiziyasında mənim əleyhimə çıxışlar başlandı. Amma AzTV-də heç bir jurnalist mənim əleyhimə çıxıb danışmadı. Yalnız bir nəfərdən başqa. Televiziyanın tanınmış diktoru Sabir Ələsgərov əleyhimə efirdə çıxış etdi. Düzdür, o, çox sonralar buna görə məndən üzr istədi. Mənə dedi ki, o vaxt onu bu addıma məcbur ediblər.  Amma digərləri, məsələn hörmətli Rafiq Hüseynov, digərləri bunu etməkdən imtina etmişdilər. Cinayət işinin açlmasına isə o vaxt milli təhlükəsizlik naziri işləyən Vaqif Hüseynov imkan vermədi. O işə müdaxilə elədi, işi aparmağa qoymadı... Belə götürəndə məni Moskvada oxumağa elə Komunist Partiyası göndərmişdi. Almaniyaya göndərdilər 3 il oxuyub gəldim. Məsələ onda deyil axı... Mən Azərbaycanın müstəqillik arzusu ilə yaşayan insanlardan biri idim. Mən belə hesab edirdim ki, Azərbaycan  müstəqil olarsa daha çox inkişafa səbəb olar, insanın həyat şəraiti yaxşı olar və s. bunların hamısını hesablayırdıq, götür qoy edirdik.

- Sizin kimi təmin olunmuş bir şəxsin, yüksək karyera qurmağı bacaran bir vəzifəli adamın   bu mövqeyi həmkarlarınız üçün gözlənilməz oldumu?

- Bilirsiniz,  Ali Sovetin deputatı kimi mənim o zamankı çıxışlarımın stenoqramına baxsanız, görərsiniz ki, mən həmişə çox sərt, açıq, demokratik çıxışlar etmişəm. Mən çəkinmirdim, qorxmurdum, çıxışlarımda nəyin düz, nəyin səhv olduğunu deyirdim. Məni belə adam kimi  tanıyırdılar. Düzdür sonra buna görə əziyyət çəkirdim.. Məni çox yerə çağırırdılar, təzyiqlər olurdu, amma öz bildiyimdən əl çəkmirdim. Yəni deyirdim ki, vəziyyət belədir.

- Yəni deputatlar əvvəlcədən yığışıb SSRİ-nin əleyhinə səs verməklə bağlı müzakirələr aparmamışdılar? Sizin mövqeyini bildiyiniz, yaxınlıq etdiyiniz deputatlar var idimi?

- Mənim oturub durduğum adamlar rəhmətlik Tofiq Bağırov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə idi. Sonra bizim orda Ali Sovetdə deputat olan zavod direktorlarımız var idi ki, onlarla həmişə bir yerdə olurduq.

- Siz əvvəlcədən bilirdinizmi heç olmasa 10-15 nəfər əleyhinə səs verəcək?

- Yox. Heç kim həmkarının  necə səs verəcəyini bilmirdi. Heç o barədə söhbət də eləmirdik. Amma mən özüm üçün belə qərar vermişdim. Amma bilirdim ki, cəbhəçilər əleyhinə səs verəcəklər. Çünki orda 30-a qədər cəbhəçinin birləşdiyi  “Demokratik Blok” adlanan blok var idi və bilirdim ki, onlar əleyhinə səs verəcək. Amma Kommunist Partiyasının üzvləri olan deputatların mövqeyi bəlli deyildi...

- Heydər Əliyevin SSRİ-nin saxlanılmasının əleyhinə səs verməsi gözlənilməz olmadı ki?

- Əlbəttə gözlənilməz oldu. Mənim üçün də, digərləri üçün də... O  dünyagörmüş adam idi, bilirdi ki, bu proses hara gedir. Yəqin onun da arqumentləri də var idi ki, o da əleyhinə səs verdi.

O dövr çox ağır dövr idi. İnandırım sizi ki, hətta mən inanmırdım ki, evə gəlib çıxacağam. Təzyiqlər həddindən artıq böyük idi. Yuxarıda qeyd etdiyim kimi hətta bu səsvermədən sonra məni tutmaq istəyirdilər. Partiya xətti ilə biz ciddi təzyiqlər alırdıq. Həddən artıq cox ciddi problemlər yaranırdı. Bütün təzyiqlərə baxmayaraq mən vəzifəmi də saxladım. Çünki rəhbərlik elədiyim zavodların üçü də ağır zavod idi

- Ali Sovetin həmin iclası yadınızda qalıb?

- Bəli.. Hamısı yadımdadır. Nə necə baş verib. Kim nə danışıb. Hansı mövqe nümayiş etdirib.. Səsvermə prosesi, qəzetlərdə gedən məqalələr də yadımdadır.

- Ali Sovetin bu iclasının üstündən 10 ay keçəndən sonra siz “Müstəqillik Aktı”nın hazırlayan işçi qrupunun üzvü idiniz. 1991-ci ilin oktyabrin 18-də Ali Sovet yekdilliklə ölkənin müstəqilliyinə səs verdi. Bu deputatların əksəriyyəti elə SSRİ-nin saxlanmasına səs verənlər idi. Bunu müşahidə edərkən sizdə hansı hisslər oyanırdı?

- Elə adamlar onda da olub, indi var... Vaxtılə həmin Ali Sovetdə Heydər Əliyevə təpik döyənlər indi də yüksək vəzifələrdə, parlamentdə oturublar. İstədiyini də danışırlar və var-dövlət sahibi də olublar. Bir də ki, dediyiniz insanlar üçün nə fərqi vardı ki.. Çünki çoxu partiya nomenklaturasının adamları, partiya xətti ilə vəzifəyə gələnlər idi... Nə bilim.. Ağır dövr idi.. Ona görə çoxunu mən qınamıram. Onda Kommunist Partiyası tərəfindən təzyiqlər çox böyük idi...  Heç kim karyerasının məhv olmasını istəmirdi...

- Azərbaycan müstəqilliyini elan edəndən sonra hansı hissləri yaşadınız?

- Xatırlayıram ki, müstəqil Azərbaycan elan olunadan sonra ən ciddi problem müstəqilliyimizi  beynəlxalq arenada tanıtmaq ilə əlaqədar idi. Biz qorxurduq ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ola bilsin bu müstəqilliyi xarici dövlətlər tanımasın. İlk olaraq bizi Türkiyə tanıdı. Daha sonra Pakistan... Daha sonra Rumıniya Azərbaycanı tanıdı. Bu hissələri ifadə etmək mənim üçün çətindir. Bu tamam fərqli bir hissdir... Yadıma gəlir o vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, Fərrux Zeynalov, Tofiq Bağırov və digərləri xarici işlər nazirinin müavini ilə birgə müstəqiliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana çatdıq. Qeyd edim ki, bütün xərci Türkiyə çəkmişdi. Pakistanın o zamankı baş naziri Nəvaz Şərif Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi və rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyinin tanıdıqlarını elan etdilər. Qrupumuz hədsiz sevinc içində idi..

- Pakistanda Azərbaycanı tanıyırıdlar?

- Müəyyən məlumatları var idi. Bilirdilər ki, SSRİ-nin tərkibində olan müsəlman ölkəsi Azərbaycan müstəqilliyini elan edib. Bizi çox yüksək səviyyədə qəbul etdilər... Yadımdadır, böyük nümayəndə heyəti ilə məscidlərə getdik, namaz qıldıq. Orada adət belədir. Müsəlman dövlətlərindən gələn yüksək nümayəndə heyəti məsciddə birgə namaz qılır. Bizimlə bağlı məsciddə tragikomik vəziyyət də yaranmışdı.. Sovet vətəndaşları olan bizlər namaz qılmağı da bilmirdik. Yaxşı ki, bizim yanımızda deputat Hacı Fərrux Zeynalov var idi. O qayda-qanunları bilirdi... O dayandı yanımızda... Biz də ona baxa-baxa namaz qıldıq. Bəziləri necə əyilib-durmaq qaydalarını bilmirdi, bəziləri bir təhər yoluna qoyurdu.. Belə.... Amma əsas məsələ odur ki, Pakistan Azərbaycanı tanıdı.  

- Azərbaycan üçün daha hansı sahələrdə problemlər yaranmışdı?

- Müstəqillikdən sonra bizim üçün ikinci ən ciddi məsələ bir sıra vacib sənədlərin qəbul olunması idi. Birinci olaraq Konstitusiya Aktının  qəbul edilməsi.. O zaman Konstitusiya Aktı üzərində iş gedirdi. Konstitusiya Aktının iqtisadi tezislərinin ehtiva edən maddələrinin  hazırlanmasında Ziyad Səmədzadə, mən, Cümşüd Nuriyev iştirak edirdik. Aktın siyasi tərəfinin hazırlanmasında isə professor Hacıbaba Əzimov, Tofiq Qasımov, Tamerlan Qarayev və digərləri  iştirak edirdi... Konstitusiya Aktı oktyabrın 18-də qəbul olundu... Sonra biz başladıq digər sənədləri qəbul etməyə. Azərbaycanda müstəqilliyin ilk illəri çox ağır idi. Onda dövlətçilik, idarəetmə prinsipləri, təcrübəsi o qədər yox idi.

- Bu gün müəyyənləşdirdiyiniz hədəflərimizə nail ola bilmişikmi?

- Əlbəttə.. Hər bir dövlət müstəqllik əldə edəndən sonra müəyyən təlatümlər yaşayır. 1992-ci ildə AXC hakimiyyətə gələndə Azərbaycanın dövlət büdcəsində bir qəpik pul yox idi. İndi deyirlər ki, guya, insanlara o zaman keyfiyyətsiz çörək yedirdiblər. Biz min zülümlə taxıl məsələsini həll edirdik. Mən Baş nazirin birinci müavini idim. Getdik Türkiyəyə. Süleyman Dəmirəldən 250 milyon dollar  kredit aldıq. Taxılı Azərbaycana Gürcastan vasitəsi ilə gətirirdik. Poti limanı ilə... Taxıl limana gələn kimi gürcülər onun bir hissəsini götürürdülər. Gürcülər də o zaman ac idilər. Ordan da taxılın müəyyən hissəsini blokadada olan Naxçıvana göndərirdik. Çox çətin dövlər idi.. 

Amma əsas hədəf əlbəttə ki, ölkənin müstəqilliyi və davamlı olmasının təmin edilməsi idi. Buna nail ola bildik...

- 20 il əvvəlki sovet azərbaycanlıları ilə indiki azərbaycanlılar bir-birindən fərqlənirmi?

- Çox fərqlidir. Sovet dövründə böyüyüb boya-aşa çatan insanlar tamam ayrı prinsiplərlə dərs keçmişdilər. Onlar tamam ayrı insanlar idi.

- İndi sizdən azərbaycanlı kimi vəziyyətin necə olduğunu soruşsalar, nə cavab verəcəksiniz?

- Mən müstəqil ölkənin vətəndaşıyam. Bu mənim üçün önəmlidir. Mən bunun üçün əziyyət çəkməyə, ac qalmağa da hazıram. Amma bir şərtlə. Mən bilim ki, 10 ildən sonra övladlarım, nəvələrim firavan yaşayacaqlar. Müstəqillik o demək deyil ki, onu əldə edən kimi yaxşı yaşayasan. Müstəqil ölkədə yaşayan insanların, gələcək nəslin yaxşı yaşaması üçün işləmək lazımdır. İndi prezident İlham Əliyev bu məsələni prioritet elan edib. Mən onun siyasətini dəstəkləyirəm. Yeri gəlmişkən, İlham Əliyev hakimiyyətə gələndən sonra bütün bu işləri görməyə məcbur da deyildi. O da sakitcə oturub ölkəni idarə edə bilərdi. Nə olacaqdı ki? Bu qədər yükü üzərinə götürməzdi. Ölkədə aparılan tikinti işləri, onlara rəhbərlik etmək ağırdır. İlham Əliyev də oturardı kürsüdə, dövlət də yavaş-yavaş idarə edilərdi də.. Çox inkişaf eləməsin, az olsun.. Amma prezident bu qədər məsuliyyəti üzərinə götürüb.. Bu çox ağır yükdür. Mən görürəm ki, normal inkişaf getsə, 5-10 ildən sonra Azərbaycan xeyli inkişaf edəcək. Məsələn, korrupsiya məsələsini götürün. Var da bu problem. Olmasa idi buna qarşı mübarizə elan etməzdilər ki... Xarici ölkələrdə dövlət xətti ilə 5000-dən çox tələbə oxuyur. Onlar hamısı Azərbaycanın gələcəyidir. Onların beyinləri tamam başqadır. Onlar tamamilə azad dövlət görmək istəyirlər. Onlardır bizim gələcəyimiz. Mən inanıram ki, bu ölkənin gələcəyi yaxşı olacaq. Düzdür, indi çətindir. SSRİ ilə müqayisə edəndə biz pis yaşayırıq. Biz niyə dözürük? Ona görə ki, qarşıdan gələn illərin daha yaxşı olacağına inanırıq, gələcək nəslin firavan yaşayacağına inanırıq.

- Azərbaycan müstəqil ölkə kmi özünün dövlət təhlükəsizliyini təmin edə bilibmi? Müstəqiliyimizə təhdidlər varmı?

- Azərbaycan üçün ən ciddi məsələlərdən biri dediyiniz amildir. Yadımdadır, müstəqillik elan etdikdən sonra ölkəmiz üçün ən vacib məsələ bu müstəqilliyin qorunub saxlanması olub. Yadınıza salın, 1991-ci ildən 2000-ci ilə qədər ölkədə nə hadisələr baş verib? Qonşu ölkələrdən neçə dəfə dövlət çevrilişi cəhdi oldu. Çünki Azərbaycan Cənubi Qafqazda ən önəmli dövlətlərdən biridir. Bəli, hazırda Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ən böyük problemlərdən biridir. Qonşu Ermənistanın bu dəqiqə imkanı olsa, Azərbaycana yenə hücum edər, Rusiya elə hey çalışır ki, bizim ölkəni öz təsiri altına salsın. İran tərəfdən də ciddi problemlər qalır. Bizi bölgədə müdafiə edən yeganə dövlət Türkiyədir. Ona görə də Azərbaycan yaranan gündən bəri təhlüksəsizlik sisteminin yaradılmasına ciddi yanaşır. İstər Müdafiə Nazirliyi, istər DİN, istərsə də sərhəd qoşunları  tərəfindən... Fikrimcə, ölkənin təhlüksəziliyinin təmin olunması üçün ciddi işlər görülür..

- Bəs ərazi bütövlüyümüzün təmini ilə bağlı məsələni necə həll etmək olar?

- Mən həmişə demişəm ki, bu məsələdə vəziyyət çox ağırdır. Ola bilsin ki, 1992-95-cü illərdə məsələ bu qədər ağır deyildi. Amma bu gün bu məsələ o qədər siyasiləşib ki, problemin siyasi danışıqlar yolu ilə həllini görmürəm. Düzdür, hazırda aparılan siyasət davam etdirilməlidir, amma işğal olunmuş torpaqların azad edilməsinin yolu müharibədən keçir. Müharibəsiz mümkün deyil. Problemin sülh yolu ilə həll ediləcəyinə inanmıram.
1992-ci ildə mənim Hərbi Sənaye Kompleksi yaratmaq təşəbbüsümə ciddi təzyiqlər oldu. Rusiyadan çəkinirdilər. Lakin biz bu sərəncamla Komitəni yarada bildik. Bir sıra silahları istehsal etməyə başladıq. İndi, maşallah Azərbaycanın böyük bir nazirliyi var.. Böyük işlər gedir, mən o işlərin içindəyəm, bilirəm onların miqyasını... Azərbaycanın dövlət təhlükəsizliyi preizdent tərəfindən maksimum təmin edilir.

- Ölkədəki vətəndaş həmrəyliyi barədə nə düşünürsünüz?

- Mən həmişə dialoqun tərəfdarı olmuşam. Qətiyyən qarşıdurma tərəfdarı olmamışam. İstər 1993, 94, 95-ci illərdə, sonra da dialoqu dəstəkləmişəm. Həmişə demişəm ki, gəlin stol arxasında oturaq söhbət edək, təkliflər dövlət mənafeyinə zidd deyilsə, qəbul edək.. Yox əgər şəxsi mənafeyini qoymaq istəyirsənsə, başqa məsələ...
İndi də dünyada gedən proseslər dialoqu zəruri edir. Məsələ iqtidar-müxalifət arasındakı münasibətlərdə deyil... Söhbət Azərbaycanın bütövlüyündən və təhlükəsizlyindən gedir. Elə məsələlər var ki, orada iqtidar-müxalifət dialoqu vacibdir. Bu dialoqda bir nöqtəyə vurmaq üçün zəruridir. Yalnız dialoq yolu ilə ölkədə vətəndaş həmrəyliyi yaratmaq olar. Vətənpərvərliklə bağlı məsələyə gəlincə, hesab edirəm ki, 80-ci illərin sonunda bu hiss daha güclü idi.... Mən cəbhə xəttində, güllə altında da olmuşam, amma o zaman insanlar ölümə getməyə hazır idilər. İndi insanların həyatında olan bir sıra problemlər vətənpərvərlik hissini bir qədər zəiflədib. Amma hər bir vətəndaş başa düşməlidir ki, dövlət müstəqilliyinin əbədi olması üçün çalışmalıdır. Hamısı onun üzərində qurulmalıdır. Qalan məsələlər sonra gəlir: Ac da, tox da ola bilərsən, iqtidara gəlib sonra müxalifətdə ola bilərsən, amma müstəqillik və onun uğrunda mübarizə öndə olmalıdır. Mən bu gün də dialoqun tərəfdarıyam. İqtidara da müxalifətə də deyirəm ki, bir stol arxasında oturub təkliflərini verib ortaq məxrəcə gəlsinlər. Ortaq məxrəcə gəlməliyik ki, bir nöqtəyə vura bilək.

- Bu gün müstəqil Azərbaycan üçün həlli vacib olan ən mühüm problemləri hansıdır?

- İlk olaraq Dağlıq Qarabağ problemi.. Mən bu problemin çox uzanmasından narahatam. Bunun səbəbləri Azərbaycanda deyil, kənar dövlətlərdədi... İkinci problem iqtisadiyyatla bağlı məsələlərdir. Qeyri-neft sektoruna diqqət çox artırılmaldır. İndiki artım məni qane etmir. Ölkədə bəyan edilmiş insan kapitalından istifadə etməliyik. İnsanlar vətənlərinə qayıtmalıdır, burada işləməlidir. Azərbaycan elminin vəziyyəti də qaneedici deyil. Fundamental elm sahələrində ciddi irəliləyişlərimiz yoxdur. Bundan başqa, ölkədə vətəndaş cəmiyyətini qurmaq lazımdır. Hər iki tərəf təmkinli olmalıdır. Qatı düşmənçilik siyasəti aradan götürülməlidir. Başqa cür mümkün deyil. Bu məsələlər həll edilməsə, müstəqiliiyimizə xələl gələ bilər....Dünyada isə hər xalqa  müstəqill yaşamaq hələm-hələ qismət olmur..

- Son olaraq...“İstiqlalçı” deputatlara verilən qiymət sizi qane edirmi?

- Çox istərdim ki onlara layiq olduqları qiymət verilsin. Bu, həm dövlət, həm də cəmiyyət tərəfindən verilməlidir. Bilrisiniz, bu adamlar həyatlarını tam təhlükə altına ataraq SSRİ-yə qarşı çıxmışdılar. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı ciddi addım atmaq lazımdır. Bu il müstəqilliyimizin bərpasının 20-ci ilini qeyd edəcəyik. Bu yubiley ilində mütləq həmin insanılarla bağlı iş görmək lazımdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xaqani Səfəroğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir