Modern.az

“Toyuq dönərinə qadağanın götürülməsi üçün Oqtay Şirəliyevə məktub yazdıq”  

“Toyuq dönərinə qadağanın götürülməsi üçün Oqtay Şirəliyevə məktub yazdıq”   

28 İyul 2017, 14:55

Bakıda toyuq dönərinin satışının 10 ildən çoxdur ki, qadağan edilməsinə baxmayaraq, buna məhəl qoyulmur. Toyuq dönəri satan obyektlərin sayı getdikcə artıq.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi bəyan edib ki, toyuq dönərindən istifadə etmək qida zəhərlənmələrinə səbəb ola bilər.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, ümumiyyətlə dönər satışı sahəsində hərc-mərclik baş alıb gedir:


“Ötən il monitorinq apardıq və məlum oldu ki, dönər satışı aparan obyektlərin 98 faizi qadağan olunmasına baxmayaraq, toyuq ətindən də istifadə edir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartınını hazırlayıb. Qaydaya görə, dönərlər şişə taxılıb, üzəri sellofanla örtüləndən sonra dönərxanalara verilməlidir, bunu hazırlayan şirkətlər də müəyyən olunub. Lakin dönərxanaların 95 faizi əti o müəssisələrdən almır.

Toyuq dönərinə qoyulan qadağanın aradan qalxması üçün  Azad İstehlakçılar Birliyi olaraq səhiyyə naziri Oqtay Şirəliyevə rəsmi məktub yazdıq və qeyd etdik ki, bu sahə bəzi həkimlərin “dolanmaq yeri”dir.

Lakin bizə Səhiyyə Nazirliyindən məktub gəldi ki, qadağanın götürülməsi hələ məsləhət görülmür. Bu o deməkdir ki, bəzi həkimlərə “çörəkağacı” yeri saxlayırlar. Bu anormal haldır. Əhalinin toyuq dönərinə tələbatı var. Çünki toyuq dönərində ətin mənşəyinin nə olduğu bilinir. Düzdür, toyuq əti tez çirklənir, lakin Azərbaycanda quş qripi yoxdur. Düşünürəm ki, bu qadağa götürülməlidir”.

 

E.Hüseynov deyib ki, bəzi sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edir.

“Son istifadə tarixi bir ildir keçən məhsullar var. Onunla bağlı bütün rəsmi qurumlara məlumat verdik, amma gedib onu satışdan çıxarmadılar. Bizim də ixtiyarımız yoxdur.  Bəli, biznes qurumları onlar üçün yaradılmış şəraitdən sui-istifadə edir. Ölkədə qidanın təhlükəsizliyi haqqında qanun yoxdur, qanun olmayan yerdə cinayət baş verir. Ölkə prezidentinin bu il fevralın 10-da imzaladığı fərman əsasında yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinə böyük ümidlə baxırıq”.

 

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib.


“2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb”. Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir. Ona görə də sakinlər dönər alarkən diqqətli olmalıdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi