Modern.az

ABŞ – Rusiya qarşıdurması və Azərbaycan

ABŞ – Rusiya qarşıdurması və Azərbaycan

2 Avqust 2017, 15:37

Kremlin ABŞ prezidenti Donald Trampa olan ümidləri özünü doğrultmadı. Ağ ev sahibi rusiyalı həmkarı və Rusiya ilə dostlaşmaq istəsə də bu alınmadı. Çünki bunun iki vacib səbəbi var idi.

 

Birincisi, Rusiya işğalçılıq siyasətini davam etdirir, ətrafındakı bütün separatçılara dəstək verir, qonşuluğundakı Gürcüstan və Ukraynanın ərazilərini işğal edib. Buna Amerikanın istənilən prezidenti seyrçi qala bilməzdi.

 

İkincisi, Rusiyanın bu siyasəti və üstəgəl də Amerikadakı son prezident seçkisi zamanı təşkil etdiyi kiber hücumlar Amerikada anti-Rusiya siyasətini gücləndirdi və Amerika prezidenti bu siyasətin əleyhinə olaraq Kremllə yaxınlaşa bilməzdi. Bunun nəticəsi olaraq Donald Tramp Konqresin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar haqqındakı qanun layihəsini imzaladı.

 

ABŞ – Rusiya münasibətlərinin normallaşması üçün Moskva Ukraynadakı separatçılara dəstək verməməli, Krımı Ukraynaya geri qaytarmalıdır. Ancaq Kreml bu addımları atmayacaq. Ona görə də ABŞ-Rusiya münasibətləri yaxın illərdə normallaşmayacaq, tam əksinə gərginləşməkdə davam edəcək. Bunu ABŞ vitse-prezidenti Maykl Pensin Estoniya, Gürcüstan və Çernoqoriyaya səfəri də sübut edir. Bu o ölkələrdir ki, Rusiyanın təzyiqi ilə üz-üzədirlər. Vaşinqton bu ölkələrə dəstəyini artıracaq və bu dövlətləri Rusiyanın təzyiqlərindən qoruyacaq. Bu münasibətlərdə faktiki “soyuq müharibə” illərinə qayıdışdır.

 

Rusiya Gürcüstan və Ukraynanı parçalamasaydı, başqa ölkələrə kiber hücumlar təşkil etməsəydi, bu gün Vaşintonla Kreml arasında münasibətlər tamamilə fərqli olacaqdı və bəlkə də Moskvanın çox arzuladığı beynəlxalq terrorçulara qarşı vahid əməkdaşlıq mərkəzi qurulacaqdı. Ancaq Moskvanın siyasəti buna imkan vermədi və beynəlxalq aləmdə və dövlətlərarası münasibətlərdə gərginlik artdı.

 

Bəs Amerika-Rusiya gərginliyi Azərbaycana necə təsir edə bilər?

 

Rəsmi Bakı açıq deməsə də, Rusiyanın regional siyasətindən narazıdır. Rusiya hakimiyyəti işğalçı Ermənistana dəstək verir, bu ölkəyə yeni modern silahlar göndərir, birgə hərbi birliklər yaradır. Buna baxmayaraq, rəsmi Bakı Tiflis kimi birmənalı şəkildə Amerika ilə müttəfiqliyə çalışmır. Rəsmi Bakı Amerika-Rusiya qarşıdurmasında tərəf tutmaq, seçim etmək istəmir. Rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaş münasibətlərini davam etdirmək istəyir. Ancaq bu siyasəti həyata keçirmək getdikcə çətinləşir.

 

Birincisi, Amerikanın Rusiya sərhəddi boyunca müttəfiqləri – Polşa, Baltik ölkələri, Ukrayna və Gürcüstan Azərbaycanın da tərəfdaşlarıdırlar. Rusiyanın bu dövlətlərin hər biri münasibətləri gərgindir. Buna baxmayaraq, Azərbaycan prezidenti keçən aylarda həm Polşaya, həm də Latviyaya rəsmi səfər edib, əməkdaşlığın gücləndirilməsi barədə müxtəlif sazişlərə imza atdı. Rəsmi Bakının bu dövlətlərlə qurduğu əlaqələr Moskvanın xoşuna gəlmir və gəlməyəcək.

 

İkincisi, Amerika Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə dəstək verir. Vaşinqton Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TAP və TANAP layihərinin reallaşdırılmasına tərəfdardır. Bu Vaşinqtona ona görə lazımdır ki, Avropanın Rusiyadan qaz asılılığı azalsın. Rusiya prezidenti və digər rəsmiləri sözdə azad rəqabətə tərəfdar olduqlarını bildirsələr də, əməldə Avropadakı bəzi əlaltılarının köməyi ilə TAP və TANAP boru xətlərinin tikintisini ləngitməyə, daha əvvəl Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdırmaq istəyirlər.

 

Üçüncüsü, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatıb. Bu dəmir yolu ilə Çindən çıxan mallar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq. Moskva bu layihəni də özü üçün təhlükəli sayır. Çünki, Moskva Çində istehsal olunan malların dəmir yolu ilə yalnız Rusiyadan Avropaya çatdırılmasına çalışır.

 

Doğrudur, Çin Rusiyanın dəmir yolları ilə Avropaya mal daşıyır, ancaq bu yol etibarlı deyil, bir tərəfdən ləngimələr var, digər tərəfdən bir sıra Avropa dövləti həmin malların Rusiya üzərindən qəbuluna müsbət yanaşmırlar. Ona görə də Bakı-Tiflis-Qars dəmiryolu Çinin diqqətini çəkəcək və Pekin mallarının Avropaya çatdırılmasının diversifikasiyasına üstünlük verəcək. Əlbəttə, Vaşinqton birbaşa Bakı-Tiflis-Kars layihəsinə dəstək verməyib, ancaq Çin mallarının Rusiyadan yan keçərək Avropa barazına çatdırılmasında maraqlıdır.

 

Dördüncüsü, son zamanlar Türkmənistan qazının Xəzərin dibi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılması mövzusu yenidən aktuallaşıb. Vaşinqtonun bu layihəyə də marağı artıb ki, bu da Moskvada narahatlıqla qarşılanır.

 

Beləliklə, Rusiya Azərbaycanın iştirakçısı olduğu və Amerikanın dəstək verdiyi regional layihələrinin əleyhinə çıxır, bu haqda açıq fikirlər bildirilməsə də, narazılığı ortadadır. Məhz elə bu səbəbdən Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Kreml bu münaqişə vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək imkanına malikdir. Azərbaycanın güclənməsi Kremlin maraqlarına cavab vermir.

 

Ona görə də Kreml Azərbaycanın müstəqil siyasətinə hər zaman təsir etməyə çalışacaq. O biri tərəfdən Amerika-Rusiya gərginliyi Minsk qrupu formatının fəaliyyətini də çətinləşdirir. Onsuz da həmsədrlik institute münaqişənin həllini sürətləndirə bilmir. Ancaq bundan sonra bu format çərçivəsində Rusiya ilə Amerikanın birgə çalışması, münaqişənin həlli ilə bağlı ortaq prinsipdən çıxış etməsi problematikdir. Məsələ burasındadır ki, Rusiya münaqişənin varlığı və mümkün həlli vasitəsilə Cənubi Qafqazda varlığını qorumaq istəyirsə, bu Amerikanın maraqlarına tərs düşür.

 

Elxan Şahinoğlu - politoloq 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir