Modern.az

Cəbrayıl gülməcələri... (III)

Cəbrayıl gülməcələri... (III)

21 May 2011, 16:53

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.


EKSKAVATORUN
 BATMASI


Keçən əsrin 80-ci illəri imiş. Cəbrayıl rayon partiya komitəsinin birinci katibi Fikrət Vəlixanovun təşəbbüsü ilə İranla sərhəd xəttinin təmiri üçün hərbi hissəyə kömək göstərilirmiş. F.Vəlixanov özü işə rəhbərlik edirmiş. Axşama qədər gərgin iş gedir. Toran vuran vaxt ekskavatorlardan biri Araz qırağında bataqliğa düşüb batır. Vəlixanov axşam saat 9-da çıxıb gəlir, icrakomun sədr müavini Ə.Yaqubovu, texnika birliyinin müdiri İ.Səmədovu orada qoyub tapşırır ki, ekskavatoru çıxarmamış evə getməsinlər.
Gecə saat 12 radələrində Əli Yaqubov F.Vəlixanova zəng eləyir:- Yoldaş Vəlixanov, bu ekskavator yaman bərk batıb, vallah üç traktor qoşmuşuq, ha əlləşirik, çıxmar ki, çıxmır. Neyləyək?
F.Vəlixanov bərk hirslənir:
- Bir dəqiqə telefonda gözlə, bu dəqiqə mən həll eləyərəm, - cavab verir. Sonra daxili telefonla 80 yaşlı anası Fizzəyə zəng vurub ləzgicə nəsə deyir (Vəlixanov ləzgi idi). Sonra yenə o biri telefonun dəstəyini qaldırıb deyir:
- Əli müəllim, darıxmayın, anam Fizzə ilə danışdım, indi onu göndərəcəm yanınıza, qoşarsınız ekskavatora, dartıb çıxardar! 
Əli müəllim katibin bərk qəzəbləndiyini duyub day bir söz deməyib telefonu asır.
Ekskavatoru çox çətinliklə, səhərə yaxın çıxarmaq mümkün olur...
O zamandan Cəbrayılda bu hadisə zərb-məsəl kimi işlənir. Bir adam çətin iş üçün başqasından kömək istəyəndə, belə cavab alar: «Gözlə, Fizzə ilə gəlib işi aşıraram».


Borc qoyunlar məsələsi


Cəbrayılın Sədi bəylərindən Teymur bəy əli aşağı olanda ağdamlı Aslan bəydən on erkək borc alır. Bir müddət sonra Teymur bəyin vəziyyəti düzəlir, sürüdən on seçmə erkək ayırtdırıb Aslan bəyə göndərilməsi üçün tədarük gördürür. Teymur bəy Aslan bəyə məktub yazıb borca görə təşəkkür eləyir, borcu bir az gecikdirdiyinə görə üzrxahlıq eləyir. On erkəyi nökərindən göndərdiyini bildirir. Sonra o, Xalıqverdi adlı bicbala nökərini çağırıb tapşırır ki, erkəkləri sağ-salamat Aslan bəyə çatdırsın.
Xalıqverdi erkəkləri qabağına qatıb Ağdam tərəfə yollanır. Yolda bir yağı pırtlayıb dərisindən çıxan erkəklərə baxır, bir cibindəki məktuba baxır, axırda tamah güc gəlir, «Allah Kərimdi» deyib sürünün ağzını öz evinə tərəf döndərir. Erkəklərdən ən sazını seçib tövləsinə ötürür, qalan doqquzunu isə yenə Ağdam yoluna sürür.
Ertəsi gün axşam Xalıqverdi doqquz erkəklə Aslan bəyin imarətinə çatır. Nökərlərə Aslan bəyin özünü çağırtdırmağı xahiş eləyir və məktubu ona verir. Aslan bəy məktubu oxuyur, sonra gözucu erkəklərə baxıb qeyzlə Xalıqverdiyə:
- A gədə, deyəsən axı erkəklər kəmdi?
- Yox ağa, başına dönüm, elə orda yazılan qədərdi, on dənədi.
Aslan bəy Xalıqverdinin qulağından yapışıb erkəklərin yanına aparır:
- Özün bir yaxşı say görüm neçədi?
Xalıqverdi bir qoyunu iki dəfə sayıb hesabı 10 eləyir və yazıq-yazıq dillənir:
- Ağa, qadan alım, on dənədi. Hələ zənnim məni aldatmrsa, on bir saydım.
Teymur bəy Xalıqverdiyə erkəkləri bir də saydırır. Xalıqverdi də tutuquşu kimi elə «heylədi, qadan alım, on dənədi ki, var» deyib durur.
Aslan bəy hirslənib on nəfər uşaq çağırtdırır. Xalıqverdiyə deyir ki uşaqları saysın. Xalıqverdi sayıb on uşaq olduğunu deyir. Sonra Aslan bəy uşaqlara əmr eləyir ki, hərəsi bir erkək tutsun. Hər uşaq bir erkək tutur, sözsüz ki, birinə çatmır. Aslan bəy erkək çatmayan uşağı Xalıqverdiyə göstərib deyir:
- Gördün, a gədə, birinə çatmadı.
Xalıqverdi kefini pozmadan:
- Onun əbəjdadadını belə-belə eləyim, fərasəti vardı, birini də o tutaydı.
Bunu eşitcək Aslan bəy uğunub gedir. Xalıqverdiyə yol üçün yemək qoydurur və Teymur bəyə məktub yazır ki, nökəri on erkəyin onunu da sağ-salamat çatdırdı.
Deyilənə görə, bu əhvalat o qədər məşhurlaşır ki, Azərbaycanın hər yerində danışılır, hətta onu Molla Nəsrəddinin adına da yazırlar.


ARPA DƏRƏSİNİN  BÖLÜNMƏSİ  MƏSƏLƏSİ


Cəbrayıldan Füzuliyə gedən yolda, Balyand kəndi ilə Qaracallı kəndlərinə gedən Arpa dərəsi deyilən uzun bir yol var. Bu yol o qədər uzun, həm də yorucu idi ki, o yolu gedən adam bir də yolunu ordan salmaz. Başqa tərəfdən də bu yol həmin kəndlərə getmək üçün ən kəsə yol sayılır.
Günlərin bir günü qaracallılı Kazım müəllim Qubadlıda yaşayan dostu İldırım kişigilə qonaq gedir. Ordan-burdan şirin-şirin söhbət edirlər. Söhbət ötənlərdən düşür. İldırım kişi deyir:
– Ay Kazım müəllim, sən canın, o Arpa dərəsi indi də durur? Əşi o xaraba yolu getməklə qurtarmırdı ha!..
– Arpa dərəsini bölüb indi iki kolxoza veriblər, – Kazım müəllim deyir.
İldırım kişi sevincək:
– Bıy, nə yaxşı, nə yaxşı! Camaatın canı o yoldan qurtardı.
İndi cəbrayıllılar uzun yol gedib yorulanda deyirlər: «Bu xaraba yolu görən nə vaxt iki kolxoz eləyəcəklər?».

KATİBİN  ÜZR  İSTƏMƏSİ


Yusif Qasımov Cəbrayıl rayon partiya komitəsinin birinci katibi təzəlikcə seçilibmiş. Bir dəfə rayon bankındakı vəziyyəti öyrənmək üçün banka zəng eləyir. Müdir yerində olmadığından dəstəyi baş mühasib Mirkişi Mirkişiyev götürür.
Katib:
– Kimdi danışan?
– Mirkişi.
– Bir kişi kimdi? Familiyanız nədir?
– Mirkişiyev, yoldaş katib.
– Bu nə deməkdi, Birkişi Birkişiyev! Məni dolamısınız?! Tez durun raykoma gəlin!
 Bir azdan baş mühasib katibin otağına daxil olub deyir:
– Dövlət bankının rayon şöbəsinin baş mühasibi Mirkişi Mirkişiyev, yoldaş katib!
Katib gözünü qaldırıb qarşısında kostyumlu-qalstuklu hündürboy, yaraşıqlı adamı süzüb:
- Oldu, yoldaş Mirkişiyev, üzr istəyirəm,  gedin, – deyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər