Modern.az

Bakının dərdi var – Avtomobil saxlamaq PROBLEMİ

Bakının dərdi var – Avtomobil saxlamaq PROBLEMİ

Aktual

28 Avqust 2017, 15:24

Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da avtomobillərin sayı günü gündən artır. Amma avtomobillər çoxaldıqca özü ilə problemləri də gətirir. Bu problemlərdən biri və ən böyüyü də avtomobillərin parklanmasıdır. Avtomobillər artır, avtomobili park etmək üçün yerlər isə azalır. Bəs görəsən problem nədədir?

 

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a bildirib ki, Bakı şəhərində avtomobillərin parklanması çox çətin bir məsələyə çevrilib.

 

“Ona görə ki, istər ticarət mərkəzi, ticarət obyektləri, hansısa bir yaşayış binası olsun onların ətrafında nəqliyyat vasitəsinin saxlanması çox müşkül məsələyə çevrilir. Yeni tikilən ticarət mərkəzinin əksəriyyətində nəqliyyat vasitəslərinin saxlanması üçün dayanacaqlar fəaliyyət göstərir. Amma bəzi ticarət mərkəzləri var ki, onların ətrafında nəqliyyat vasitələrinin saxlanması çox çətindir. Ticarət obyektinə gələcək və orada alış-veriş edəcək insanların sayına hesablanmış avtomobil dayanacaqları yoxdur.

 

Amma bəzən elə də olur ki, ticarət mərkəzinin yaxınlığında yerləşən avtomobil dayacağında olan avtomobillərin əksəriyyəti orada çalışanlara məxsusdur. Bu da xeyli ərazini zəbt edir, ora gələn müştərilər isə avtomobillərini uzaqda park etmək məcburiyyətində qalırlar. Mən hesab edirəm ki, ticarət obyekti tikilmədən əvvəl avtomobil üçün dayanacaqları da nəzərə almalıdırlar. Ticarət mərkəzində çalışanlar üçün xüsusi dayanacaq da yaradılmalıdır. Ticarət mərkəzlərindən alış veriş edən insanlar üçün isə rahat dayanacaqlar yaradılmalıdır. Bəzi ticarət mərkəzlərində müştəri alış verişdən çox avtomobili park etməyə sərf edir”.

 

Ekspertin sözlərinə görə, avtomobil dayanacağı problemi yalnız ticarət obyektlərinin yaxınlığında deyil.

 

“Bakıda bəzi yaşayış binalarında da avtomobil dayanacaqları ilə bağlı ciddi problemlər var. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer olmur. Binanın sakinləri də məcburiyyətdən kənar ərazilərdə saxlayır avtomobillərini. Bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur. Aidiyyəti orqanlar bununla bağlı ciddi bir addım atmalıdırlar.

 

Tikilən binalarda mənzillərin sayına uyğun avtomobil dayanacaları olmalıdır. Ancaq təəssüf ki, bəzi sahibkarlar çox pul qazanmaq üçün bunları nəzərə almırlar. Bütün bunlar tikinti planında öz yerini tapmalıdır. Tikilən binalar tikinti planında öz yerini tapmırsa, həmin layihələr öz təsdiqini tapmalıdır. Bəzi hallarda tikinti aparılan zaman belə hallar nəzərə alınmır. Ona görə də problemlər hələ də həllini tapmır”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, Şəhərsalma və Tikinti və Məcəlləsində avtomobil dayanacaqlarının təşkili ilə bağlı bənd var.

 

“Hər bir yaşayış binası, ticarət obyekti tikilərkən mütləq Şəhərsalma və Tikinti  Məcəlləsinə uyğun olaraq aidiyyəti orqanların razılığı alınmalıdır ki, tikilən obyekt yolun hərəkət hissəsinə, piyada yoluna çıxmasın. Qanunda yazılıb ki, tikilən hər binada, ticarət obyektində avtomobillərin parklanması üçün  yer ayrılmalıdır. Əgər bir binada 150 mənzil varsa, tikinti şirkəti mütləq 300 avtomobillik yer ayırmalıdır. Çünki bu gün elə ailələr var 2,3 avtomobili var, evlərə qonaqlar gəlir, bütün bunları nəzərə almaq lazımdır.

 

Bakıda tikilən binaların 50 faizdən çoxu qanunun tələblərinə uyğun deyil. Ağıllarına necə gəldi, harada gəldi, bir gecənin içində bina tikirlər. Onların bu acgözlüyü ucbatından yollarda tıxaclar yaranır. Tikinti şirkətlərinin əksəriyyəti bu gün pul qazanmaq xətrinə gördükləri işin gələcək fəsadlarını hesablamır. Əgər tikinti şirkətləri yaxşı şəraitli avtomobil dayanacaqları yaratsalar, bu, onların daimi qazancı ola bilər. Burda əsas məsuliyyət icra hakimiyyətlərinin üzərinə düşür. Onlar tikinti şirkətlərinin qanunsuz əməllərinə göz yummamalıdırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!