Modern.az

Milli Arxiv İdarəsinin rəisi: "AXC yaradıldıqdan sonra Qarabağın erməni əhalisi Azərbaycan hökumətinə tabe olmaqdan imtina etmişdi"

Milli Arxiv İdarəsinin rəisi: "AXC yaradıldıqdan sonra Qarabağın erməni əhalisi Azərbaycan hökumətinə tabe olmaqdan imtina etmişdi"

Müsahibə

26 May 2011, 13:02

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev hakim partiyanın saytına müsahibəsində  Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yola nəzər salb. Modern.az həmin müsahibəni təqdim edir.

- Ataxan müəllim, bildiyimiz kimi, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü tamam olur. İstərdik o dövrün mürəkkəb hadisələri və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait haqqında sizin fikirlərinizi öyrənək…
- Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və Böyük Oktyabr sosialist inqilabının qələbəsi nəticəsində Petroqrada gedə bilməmiş nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar. Onlar Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar. Azərbaycan nümayəndələrinin təkidilə Zaqafqaziya Seymi aprelin 9-da Zaqafqaziyanın Suverenliyini və Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti yaradıldığını elan edir. Lakin Zaqafqaziya Cümhuriyyətinin yaranması daxili və xarici siyasət sahəsində heç bir dəyişiklik gətirmir. Seymdə iştirak edən nümayəndələr arasındakı daxili ziddiyyətlər və xarici oriyentasiya məsələlərindəki əksliklər onların nümayəndələrinin ümumi dil tapmasına imkan vermir. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumzaqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlaşır. Belə bir şəraitdə Zaqafqaziya Seyminin 13 müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəlir ki, "əgər Gürcüstan öz istiqlaliyyətini elan edərsə onda bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır".
Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Mayın 28-də isə keçmiş Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilir. Uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edir. May ayının 30-da radioteleqraf vasitəsilə Azərbaycanın istiqlaliyyəti barəsində dünyanın bütün siyasi mərkəzlərinə rəsmi bəyanat verilir.
Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayır. Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. 1918-ci il mart hadisələrindən sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu itirir. Buna görə də, onun təsiri Azərbaycan qəzalarına yayıla bilmir və burada hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində genişləndirmək məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Bu vaxt Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarla Gəncəyə gəlmiş Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru Paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoymuş, şəhərdə qayda-qanun yaratmışdı. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdığı tədbirlərin "Həddindən çox demokratik istiqamətindən" narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsiri ilə Gəncədə real hakimiyyətə malik olan Nuru Paşa buraya gəlmiş Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Nəticədə Azərbaycan müstəqilliyi məsələsi böyük təhlükə qarşısında qalır. Nuru Paşanın müşaviri və onun yanında böyük nüfuza malik olan Əhmədbəy Ağayev qarşılıqlı güzəştlər əsasında ümumi razılığa gəlməyi təklif edir. Bu təklifə görə Milli Şura buraxılmalı və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunmalı idi. Həmin məsələni müzakirə etmək üçün 1918-ci il iyunun 17-də keçmiş şəhər idarəsi binasında M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirilir. Hökumətin sədri F.Xoyski hökumətin istefası bəyanatı ilə çıxış edir. Uzun müzakirədən sonra hökumətin istefası qəbul olunur və F.Xoyskiyə yeni hökumət təşkil etmək tapşırılır. Göründüyü kimi, müvəqqəti hökumət Gəncədə çox çətin bir dövrdə fəaliyyətə başlayır.
- Şərtlərin bu qədər ağır olmasına baxmayaraq, o dövrdə hökumət tərəfindən bir çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul olundu. Bunlardan biri də Ordu quruculuğu ilə bağlı verilmiş qərar idi…
- Bəli, yaranmış mürəkkəb şəraitə baxmayaraq, hökumət o dövr üçün olduqca çətin olan, amma böyük tarixi əhəmiyyətə malik qərarlar qəbul etdi. Hökumətin ilk tədbiri iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edilməsi oldu. Avqustun 11-də qəbul olunmuş hərbi mükəlləfiyyət haqqında qanuna müvafiq olaraq 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər edilməsi elan edildi. Müstəqil Azərbaycan qoşun hissələri yaratmaq işinə başlanıldı. Azərbaycanın istiqlaliyyətini müdafiə edəcək ordunun yaradılmasının mühüm əhəmiyyəti var idi. Çarizm əsarətinin yüz ildən yuxarı Azərbaycan xalqına vurduğu ən böyuk zərbə, şübhəsiz ki, bu müddət ərzində azərbaycanlıların orduya cəlb edilməməsi idi. Ona görə də, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı. Buna görə də, ordu təşkili azərbaycanlılar üçün çox çətin bir iş idi. Lakin ordusuz da Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Ona görə Azərbaycan ordusunda beynəlmiləl bir zabit heyəti yaradılır. Bu işin təşkilini görkəmli azərbaycanlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürürlər. Azərbaycan Cümhuriyyətinin parlamenti və hökuməti qarşısında duran bir nömrəli vəzifə müstəqil Azərbaycan Cümhuriyyətinin ordusunu yaratmaq idi. Artıq 1919-cu ilin axırlarında 25 minlik Azərbaycan ordusu iki piyada və bir süvari diviziyadan ibarət idi. Hərbi nazirlik 1920-ci ildə ordunun şəxsi heyətini 40 minə çatdırmağı planlaşdırırdı. Ordunu müvafiq silahlarla təmin etmək hökumətin başlıca vəzifəsi idi. Azərbaycan hökuməti və hərbi nazirlik bunun üçün əlindən gələni edirdi.
Eyni zamanda, Azərbaycan hökuməti dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Lakin çar hakimiyyət orqanlarının təhsil sahəsindəki müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Azərbaycan dilini mükəmməl bilən kadrların olmaması işi çətinləşdirirdi. Buna görə də, müvəqqəti olaraq inzibati, məhkəmə və başqa iş sahələrində Azərbaycan dilini bilən mütəxəssislər hazırlanana qədər rus dilindən istifadəyə yol verilirdi. F.Xoyski kabinəsinin mühüm tədbirlərindən biri də iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın qarşısında I Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilən vəhşiliklər və onların əmlakına qəsd ilə bağlı məsələləri araşdırmaq, bu işdə günahkar olanları aşkar etmək və onları məhkəmə məsuliyyətinə cəlb etmək vəzifəsi qoyulmuşdur.
Gəncənin çarizm zamanı ləğv edilmiş adı Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı ilə özünə qaytarıldı. Elə həmin qərarla Qaryagin qəzası da Cəbrayıl qəzası adlandırıldı. İyunun 30-da Zaqatala dairəsi əhalisinin xahişi nəzərə alınaraq dairənin Azərbaycan Cümhuriyyətinə birləşdirilməsi haqqında qərar qəbul olunur. Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun bərpası və sair ilə əlaqədar bir sıra digər mühüm tədbirlər də həyata keçirmişdir.
1918-ci il iyulun axırlarında S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası süqut etdi. Bakı Sovetinin eser-menşevik-daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası" Bakıda hakimiyyəti ələ keçirdi. Onlar Bakıda cəmi bir ay ömür sürə bildilər. 1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hökumətinin qoşun hissələri Bakıya daxil oldu. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.
- Yeri gəlmişkən, Xalq Cümhuriyyəti hökumətinin Bakı fəaliyyəti haqqında nə deyə bilərsiniz? Hər halda Azərbaycanın milli bayrağının təsdiq olunması və parlamentin fəaliyyətə başlaması bu dövrün ən böyük hadisələrindən idi…
- Xalq Cümhuriyyəti Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti istər ictimai-siyasi, istərsə də təsərrüfat və mədəni həyat sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başlayır. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər naziri və xalq maarif nazirindən ibarət Komissiya yaradılır. 1918-ci il noyabrın 9-da Azərbaycan hökuməti Azərbaycanın milli bayrağını təsdiq edir. Azərbaycanın milli bayrağı mavi, qırmızı və yaşıl rəngli parçadan hazırlanaraq üzərində aypara və səkkiz guşəli ulduz təsvir edilir.
1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda öz işini yenidən bərpa edir. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirir ki, hökumətin müəssislər məclisini çağırmaq üçün hazırlıq işinə vaxtı çatmadığından Milli Şura bu işi öz öhdəsinə götürsün. Milli Şura bu təkliflə razılaşır. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclası 120 nəfərdən ibarət Parlament yaratmaq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul edir.
Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunmuşdu.
- Amma dekabrın 3-də bu iclası keçirmək mümkün olmadı. Bunun səbəbləri nə idi?
- Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları bu ərəfədə Bakıya gəlmiş general Tomsondan istifadə edərək Azərbaycan parlamentinin açılmasına hər vasitə ilə mane olmağa çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar və qəzalardan bütün deputatların vaxtında Bakıya gələ bilməməsini nəzərə alaraq parlamentin ilk iclasının açılışı dekabrın 7-nə keçirilir. Həmin gün gündüz saat 1-də H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qız məktəbinin binasında Azərbaycan parlamentinin ilk iclası təntənəli şəraitdə açılır. Parlament müvəqqəti hökumətin istefasını qəbul edir, yeni hökumətə rəhbərlik və yeni hokumət heyətinin tərkibini müəyyən etməyi yenidən F.Xoyskiyə tapşırır. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edir. Geniş müzakirədən sonra parlament F.Xoyski hökumətinin proqramına və hökumətin tərkibinə etimad göstərir. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. O göstərdi ki, Azərbaycan xalqı parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan bütün müsəlman şərqində yeganə parlamentli respublika idi.
1919-cu ilin axırına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Parlamentdə qüvvələr nisbətən aşağıdakı kimi bölünürdü: Müsavat və bitərəflər fraksiyası (38 nəfər), "İttihad" (13 nəfər), "Əhrar" (6 nəfər), sosialistlər bloku (13 nəfər), partiyasızlar (4 nəfər), müstəqillər (3 nəfər), sol müstəqillər (1 nəfər), "Slavyan Rus Cəmiyyəti" (3 nəfər), erməni fraksiyası (5 nəfər), daşnak-sütyun fraksiyası (6 nəfər), azlıqda qalan millətlər fraksiyası (4 nəfər).
Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti parlamentinin 140 iclası keçirilmişdi. Parlamentdə 11 müxtəlif komissiya fəaliyyət göstərirdi. 1919-cu il dekabrın 25-nə qədər parlamentə ölkə həyatının müxtəlif məsələlərinə dair 215 qanun layihəsi daxil olmuşdur ki, onların da əksəriyyəti parlament tərəfindən qəbul edilmişdir. Öz sosial mənşəyinə görə parlament üzvləri arasında milli burjuaziyanın nümayəndələri üstünlük təşkil edirdi. Buraya 43 nəfər neft sənayeçisi, 12 nəfər iri tacir, 8 nəfər din xadimi və b. daxil idi.
- Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması, beynəlxalq aləmin müstəqil subyekti kimi qəbul olunması istiqamətində hansı işlər görüldü?
- Elə bu vaxtlar Fransada qalib dövlətlərin beynəlxalq Versal sülh konfransı işə başlayır. 1919-cu il yanvarın 8-də Azərbaycan Cümhuriyyəti Parisə - sülh konfransına xüsusi nümayəndə heyəti göndərir. Nümayəndə heyəti qarşısında böyük dövlətlər tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq vəzifəsi qoyulur. Nümayəndə heyətinə Ə.M.Topçubaşov rəhbərlik edirdi. Onun üzvləri M.Hacınski, Ə.Şeyxülislamov, Ə.Ağayev, müşavirləri isə M.Məhərrəmov, M.Mehdiyev, C.Hacıbəyov idi. Azərbaycan Cümhuriyyəti hökuməti bütün varlığı dövründə öz suverenliyinin tanınmasını I Dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, Fransa və ABŞ-dan təkidlə tələb edir. Bu sahədə Ə.M.Topçubaşov başda olmaqla, Azərbaycandan Paris sülh konfransına göndərilmiş nümayəndə heyəti yorulmadan çalışır. Bunu Ə.M.Topçubaşovun xaricdən məktubları da əyani şəkildə sübut edir. Yalnız 1920-ci il yanvarın 12-də Denikinin orduları məğlub olduqda və Qafqazda vəziyyət dəyişməyə başladıqda Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de-fakto olaraq tanıyır. Sovet Rusiyası isə müstəqil Azərbaycanı rəsmən tanımır. Həmin ilin yanvarından aprelinə qədər F.X.Xoyski və RSFSR Xalq xarici işlər komissarı G.V.Çiçerin dəfələrlə nota mübadiləsi edirlər. Bu notalarda F.X.Xoyski Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən tanınmasına nail olmağa çalışır. G.V.Çiçerin isə Azərbaycan Cümhuriyyətini Denikin qüvvələri ilə mübarizə ittifaqına cəlb etmək istəyirdi. Onun bu tələbinə cavab olaraq F.X.Xoyski bildirirdi ki, Azərbaycan hökuməti Sovet Rusiyasının Denikin orduları ilə mübarizəsini rus xalqının daxili işi hesab edir və ona qarışmağı yolverməz sayır.
Azərbaycan Xalq Cümhuriyyəti hələ qalib ölkələr tərəfindən rəsmən tanınana qədər özünün müstəqil dövlət kimi suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Cümhuriyyətinin İstanbulda, Tehranda, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndələri var idi. Batum və Ukraynada baş konsullar, Krım və Petrovskidə isə konsul agentləri fəaliyyət göstərirdi. Bakıda isə Gürcüstan və Ermənistan respublikalarının diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrə konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri fəaliyyət göstərirdi.
- Sizin də qeyd etdiyiniz kimi, məhz belə bir ağır şəraitdə ermənilər xüsusilə fəallaşmağa başladılar və onların Azərbaycana qarşı ərazi iddiaları getdikcə daha geniş vüsət alırdı. Buna qarşı hökumət hansı tədbirləri görürdü?
- Arxiv sənədləri 1918-1920-ci illərdə erməni daşnak quldur dəstələrinin azərbaycanlılara qarşı təkcə Ermənistan ərazisində deyil, həm də Azərbaycan ərazisində törətdikləri vəhşilikləri təkzibolunmaz faktlarla sübut edir. 1918-1919-cu illərdə keçmiş İrəvan quberniyasında azərbaycanlılar yaşayan 200-dən çox kənd talan edilmiş, yandırılmış, əhalisi isə qovulmuşdu. Bu illərdə yüz mindən çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdı. Zəngəzur, Naxçıvan, Qarabağ, Ordubad və başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin parlamentinə və hökumətinə göndərilmiş yüzlərlə teleqram, məktub və ərizələrdə daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında məlumat verilirdi. Qaçqınlar problemi o dövrdə də Azərbaycan xalqının tarixində başlıca problem idi. Qaçqınlar problemi ilə məşğul olmaq üçün Azərbaycan hökuməti tərkibində xüsusi himayə nazirliyi yaradılmışdı. Təkcə 1919-cu ildə qaçqınlara yardım üçün bu nazirliyə 3 milyon manatdan çox vəsait ayrılmışdı. Mil düzündə - Gaur arxı ətrafında İrəvan quberniyasından qaçmış 50 minə yaxın azərbaycanlının məskunlaşdırılması problemi dururdu.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Qarabağın ermənilərdən ibarət əhalisi Azərbaycan hökumətinə tabe olmaqdan imtina edir və Qarabağda erməni milli şurası yaradırlar. Digər tərəfdən, Andranikin quldur dəstələri Zəngəzurdan başlayaraq, azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törətməklə yanaşı, Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə basqınlar edir, onları talayır, yandırıb dağıdırdılar.
Azərbaycan parlamentinin 1918-ci il 20 dekabr tarixli fövqəladə iclası Andranikin Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklərə qarşı mübarizəyə həsr olunur. Bu məqsədlə 1918-ci ilin axırında Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl qəzalarını əhatə edən müvəqqəti Qarabağ general-qubernatorluğu yaradılır. 1919-cu ilin yanvarında Xosrov bəy Sultanov Qarabağa general-qubernator təyin olunur. O, Qarabağda qayda-qanun yaratmağa başlayır. Həmin ilin sentyabrında Qarabağ Erməni Milli Şurası ilə Azərbaycan hökuməti arasında bağlanan müqaviləyə görə yerli ermənilərə mədəniyyət sahəsində muxtariyyət verilir.
Azərbaycan hökuməti Zaqafqaziya respublikalarına aid məsələləri həmişə dinc yolla həll etməyə çalışırdı. 1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə, habelə sərhəd məsələləri ilə əlaqədar mübahisələri həll etmək məqsədilə Qafqaz konfransı çağırılır. Lakin Denikin ordusunun Şimali Qafqaza hücumu, habelə bir tərəfdən Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Ermənistan arasında sərhəd məsələləri barədə fikir ayrılığı konfransın işini pozur.
Gürcüstanla geniş dostluq və əməkdaşlıq əlaqələri yaratmış Azərbaycan Ermənistanla da ümumi dil tapmağa çalışırdı. Azərbaycan hökumətinin təşəbbüsü ilə 1919-cu il noyabrın 23-də Tiflisdə hər iki respublika baş nazirlərinin görüşü olur. Bu görüşdə bir sıra məsələlər, başlıcası isə mübahisəli sərhəd məsələləri müzakirə olunur. Baş nazirlər tərəfindən razılaşdırılmış komissiya yarımçıq qalmış Zaqafqaziya konfransını davam etdirmək məsələsini müzakirə edir və onun gündəliyini bəyənir. Azərbaycan nümayəndə heyətinin Tiflisdəki görüşünün nəticələrini müzakirə edən Azərbaycan hökuməti bildirir ki, Zaqafqaziya xalqlarının möhkəm əlaqəsi onların siyasi müstəqillikləri və iqtisadi müvəffəqiyyətləri üçün başlıca şərtdir. Gürcüstan və Ermənistan respublikaları da bu təklifə razı olurlar, lakin 1920-ci ilin əvvəllərində baş verən hadisələr, Zaqafqaziyada vəziyyətin mürəkkəbləşməsi bu məsələnin həllinə mane olur.
- Cümhuriyyət hökuməti bəzi iqtisadi tədbirlər də həyata keçirdi. Bu tədbirlər və ümumiyyətlə, cümhuriyyət hökumətinin iqtisadi tədbirlərinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan parlamenti işə başladıqdan sonra parlament tərəfindən təşkil edilmiş hökumətin həyata keçirdiyi tədbirlərdə demokratik meyillər daha çox nəzərə çarpırdı. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilir, maliyyə işi qaydaya salınır, Azərbaycan Dövlət Bankı yaradılırdı. Dağıdılmış iqtisadiyyatın bərpası üçün xeyli iş görülür. Bakı-Batum neft kəməri bərpa olunur. Bakı-Culfa dəmiryolunun çəkilişi işi sürətləndirilir. Azərbaycan Cümhuriyyəti hökumətinin qarşısında duran başlıca vəzifə bütün qüvvələri xalqın rifahını yaxşılaşdırmaq tədbirlərinə yönəltmək idi. Xalqın maddi rifah halının yüksəldilməsi isə yalnız iqtisadi inkişaf sayəsində və kütlələrin işlə təmin edilməsi nəticəsində hasil ola bilərdi. Azərbaycan parlamenti və hökuməti cəmiyyətin müxtəlif sinifləri arasında razılığın əsasını qoya bilmək məqsədilə, ilk növbədə, torpaq məsələsini həll etmək üçün mühüm qərarlar qəbul etməli idi. Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında Qanun layihəsi hazırlanaraq 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olunur. Həmin Qanun layihəsinə görə torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqları onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.
Azərbaycan Cümhuriyyəti hökuməti sənaye müəssisələrində çalışan fəhlələrin həyat şəraitini yaxşılaşdırmaq haqqında da düşünürdü. Lakin sənaye müəssisələri üzərində xüsusi mülkiyyət hüququnun saxlanması hökumətə bu sahədə az-çox köklü dəyişikliklər həyata keçirməyə imkan vermir. Hökumət yalnız fəhlələrin əməkhaqqı və əmək şəraiti üzərində nəzarət işini öz üzərinə götürə bilir. Beləliklə, nə aqrar, nə də sənaye məsələsi həll edilmir.
Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət, ilk növbədə isə, xalq təhsili sahəsində həyata keçirdiyi tədbirlər xüsusilə diqqəti cəlb edir. Hökumət Azərbaycanda olan məktəblərin çoxunu milliləşdirir, yeni-yeni məktəblər açır. Cümhuriyyətin müxtəlif şəhər və kəndlərində hökumət hesabına 637 ibtidai məktəb, 23 orta ixtisas müəssisəsi, o cümlədən, 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 qadın tədris müəssisəsi var idi. Bu tədris müəssisələrinin hamısı dövlət hesabına saxlanırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə açdığı Bakı Dövlət Universiteti xalqımızın mədəni həyatında əlamətdar hadisə idi. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərilir və həmin tələbələrin bütün xərclərini hökumət öz üzərinə götürür. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar yaradılır. Kursları qurtaranların, demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. İbtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanır.
- Bütün səylərə baxmayaraq, cümhuriyyət 23 ay sonra – 1920-ci il aprelin 28-də süquta uğrayır. Bu süqutu şərtləndirən amillər hansılar idi?
- 1920-ci ilin aprelində ölkədə vəziyyət gərginləşir. Bu vaxt XI Qızıl Ordu Denikin ordularının qalıqlarını məğlub edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhədlərinə yaxınlaşdı. F.X.Xoyski aprelin 15-də Sovet Rusiyası hökumətinə öz hökuməti adından nota verərək Azərbaycanın təhlükəsizliyindən narahat olduğunu bildirir. Onun notası cavabsız qalır. Aprelin 27-də XI Qızıl Ordu Azərbaycan sərhədlərini keçərək Bakıya doğru hərəkət etdi. Bolşeviklərin real surətdə hakimiyyəti ələ almasına imkan yaranır. Elə həmin gün Azərbaycan parlamenti hakimiyyəti bolşeviklərə təslim etmək məsələsini müzakirə edir və hakimiyyəti qan tökülmədən vermək haqqında qərar qəbul edilir. Həmin qərarda deyilirdi ki, hakimiyyət bu şərtlə bolşeviklərə təslim edilir ki, Azərbaycanı idarə edəcək Sovet hakimiyyəti onun tam istiqlaliyyətini qoruyub saxlasın. Amma cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ictimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin bərpası yolunda layiqli yer tutur. Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısamüddətli fəaliyyəti dövründə Azərbaycanın istiqlaliyyətini elan etmiş, xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirmişdir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də bu böyük tarixi həmişə yüksək qiymətləndirmişdir. "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli sərəncamında deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər