Modern.az

Son üç ayda ermənilər 199 dəfə atəşkəsi pozublar

Son üç ayda ermənilər 199 dəfə atəşkəsi pozublar

4 Sentyabr 2009, 15:29

ELDAR SABİROĞLU:  "ATƏŞKƏS DÖVRÜNDƏ HƏLAK OLMUŞ HƏRBÇİLƏRƏ ŞƏHİD STATUSU VERİLMƏSİ ÜÇÜN ONLARIN YAXINLARININ MÜRACİƏTİ VACİBDİR"

Son aylarda atəşkəs ən çox cəbhənin Xocavənd, Goranboy, Ağdam və Tərtər istiqamətində pozulub. Ümumiyyətlə, ötən üç ayda erməni silahlı qüvvələri 199 dəfə atəşkəsi pozub. Bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu sentyabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.
Azərbaycan Silahlı Qüvvələrinin Qafqazda ən güclü ordu hesab edildiyini vurğulayan E.Sabiroğlu deyib ki, bu, beynəlxalq təşkilatların, ekspertlərin, xarici institutların mövqeyidir. O, Müdafiə Nazirliyinin mərkəzi aparatında aparılan struktur dəyişikliklərinin başa çatdırıldığını bildirib. Nazirlik rəsmisi Hərbi Dəniz Qüvvələri, Quru Qoşunlar və Hərbi Hava Qüvvələrinin NATO standartlarına uyğunlaşdırıldığını vurğulayıb. O, Azərbaycan ordusunun döyüş vəziyyətinə tam hazır olduğunu söyləyib.
E.Sabiroğlu bildirib ki, Müdafiə Nazirliyinin 52 ölkə ilə əlaqəsi var, indiyədək 26 ölkə ilə hərbi saziş imzalanıb. Nazirliyin sözçüsü deyib ki, artıq Heydər Əliyev adına Ali Hərbi, Hərbi Dənizçilik, Hərbi Təyyarəçilik məktəblərində Azərbaycan vətəndaşları ilə bərabər əcnəbilər də təhsil alırlar”.
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, son vaxtlar orduda baş vermiş hadisələrlə, ölüm halları, əsgərlərin incidilməsi faktları ilə bağlı başlanmış bir sıra cinayət işləri yekunlaşıb, tezliklə məhkəmə prosesləri başlayacaq.
E.Sabiroğlu deyib ki, oktyabr ayında millət vəkilləri, ictimaiyyət nümayəndələri, QHT təmsilçilərinin hərbi hissələrə səfəri təşkil ediləcək.
Nazirlik rəsmisiinin sözlərinə görə, atəşkəs dövründə həlak olanlara şəhid statusunun verilməsi barədə qaydaların qüvvəyə minməsindən keçən iki ay ərzində MN-ə müraciət daxil olmayıb. O, Müdafiə Nazirliyindəki komissiyanın bu istiqamətdə fəaliyyət göstərdiyini xatırladıb: “Şəhidlik statusu ilə bağlı təkcə Müdafiə Nazirliyi məşğul olmur. Bütün məsələlər burdan gedir, amma biz şəhidlik statusunu digər dövlət strukturları ilə əlaqəli şəkildə veririk”. E.Sabiroğlu qeyd edib ki, 15 il ərzində orduda bir çox səbəbdən çoxlu itki olub: “Onların hamısı barədə arxivlərdə məlumat var və Müdafiə Nazirliyinin özünün həmin məlumatları tapıb şəhidlik statusunu verməsi problem deyil. Sadəcə, müəyyən çətinliklər var və məsələni həll etməyin asan yolu həlak olanın yaxının, qohumunun nazirlikdəki komissiyaya müraciət etməsidir. Müraciət daxil olan kimi biz dərhal arxivdəki sənədləri qaldırıb cavab verəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir