Modern.az

Hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur

Hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur

Aktual

31 Avqust 2017, 14:32

Avqustun 31-də ET Mamalıq və Ginekologiya İnstitutunda ölkədə antenatal qulluğun təşkilinə dair tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir.

 

Antenatal qulluğun keyfiyyəti göstərilən yardımın keyfiyyəti, hamilə qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gediş inə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibb personalına ayrılır.

 

Tədbirdə qeyd edilib ki, bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur. Tibb işçisi qadına məlumatı düzgün şəkildə çatdırmalı, məsləhət vermə zamanı qərarı qadının özü qəbul etməli və bu qərar onun məlumatlılığına əsaslanır.

 

Tədbirdə həmçinin bildirilib ki, normal hamiləlik sağlam yeniyetmə, sağlam gələcək və dolayı yolla desək sağlam ana deməkdir. Ana sağlam olarsa dünyaya gətirəcəyi körpə də sağlam olar. Hamiləliyin normal fizioloji gedişinə nail olmaq hamləliyi hazırlıqdan və antenatal qulluğun düzgün idarə edilməsindən ibarətdir. Bəzi hallarda hamiləliyin gedişi ana və dölün həyatını təhlükədə qoyan patoloji vəziyyətlərlə də ağırlaşa bilər. Mamalıq təcrübəsində hamiləliyin düzgün idarə olunmasının vacib məqamlarından biri risk qruplarının təyinidir.

 

Bildirilib ki, hamiləliyi ağırlaşdıran faktorlar bir neçə qrupa bölünür. Bu sıraya sosial-bioloji faktorlar, yəni yaşı 18-dən aşağı, 40-dan yuxarı olan hamilələr, atanın yaşı 40-dan yuxarı olan hallar, zərərli vərdişlər və s. aiddir. Bu faktorlar cərgəsinə mama-ginekoloji anamnez də aiddir. Burada söhbət doğuşların sayı 4 və daha çox olan hamilə qadınlardan, təkrari və ya fəsadlaşmış abortlardan, uşaqlığın inkişaf qüsuru olan hamilə qadınlardan, sonsuzluqdan, induksiya olunmuş hamiləlikdən, uşaqlıq və artımlarda cərrahi müdaxilədən, inkişafdan qalmış hamiləlikdən və s. gedir.

 

Hamiləliyi ağırlaşdıran faktorlara ekstragenital xəstəliklər: hipertenziya, ürək-damar sisteminin xəstəlikləri, qan xəstəlikləri, hemostaz pozğunluqları, sidik-ifrazat sisteminin xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, psixi xəstəliklər, epilepsiya, endokrinopatiya, autoimmun xəstəliklər, onkoloji xəstəliklər, kəskin və xroniki infeksiyalar, HİV infeksiyalı aiddir.

 

Preeklampsiyanın risk faktorları sırasına birinci hamiləlik, anamnezində preeklampsiya/eklampsiya olan hamilə qadınlar, doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olan hallar, yaşı 18-dən aşağı, 35-dən yuxarı olan hamilə qadınlar, piylənmə – bədən çəkisi indeksi (BÇİ) 35-dən yuxarı, ailə anamnezində preeklampsiya halları (hamilənin anasında və ya bacısında preeklampsiya), diastolik təzyiq 80 mm.c.süt.-dan yuxarı olan hallar və s. aiddir.

 

Tədbirdə qeyd edilib ki, Səhiyyə Nazirliyi ölkədə antenatal qulluğun səviyyəsinin daha da artırılması məqsədi ilə zəruri addımlar atır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır