Modern.az

Polis Akademiyasının rəisi təqaüdə göndərilib

Polis Akademiyasının rəisi təqaüdə göndərilib

27 May 2011, 17:23

Daxili Işlər Nazirliyi Polis Akademiyasının 36 illik rəisi təqaüdə göndərilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyində Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyevin daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə yola salınma mərasimi keçirilib.

Kollegiya üzvlərinin və ayrı-ayrı xidmət rəislərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər bir əməkdaşa örnək olası, anda və xidməti borca sədaqətli xidmətinə görə polis general-mayoru Ramiz Nağıyevə təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib.

O, qeyd edib ki, ömrünün 36 ilini daxili işlər orqanlarında şərəfli xidmətə həsr edən, bu müddətin  böyük bir hissəsini cinayət-axtarış və istintaq qurumlarında çalışaraq İdarə və Baş İdarə rəisi vəzifələrinədək yüksələn polis general-mayoru Ramiz Tağı oğlu Nağıyev hər zaman yüksək təşkilatçılıq qabiliyyəti və mənəvi keyfiyyətləri ilə seçilib, şəxsi heyət arasında böyük hörmət və nüfuz qazanıb.

R.Usubov qeyd edib ki, son illər Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsində, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasında, yüksək səviyyəli elmi kadrlarla təmin olunmasında, tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanmasında, müasir elmi-metodik və fənn kabinetlərinin, laboratoriyaların təşkilində R.Nağıyevin xüsusi rolu olub. 

General-polkovnik Ramil Usubov yüksək peşəkar, dövlətə və dövlətçiliyə hər zaman sadiq zabit kimi R.Nağıyevin xidmətlərinin ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onun polis                general-mayoru kimi ali  xüsusi rütbəyə layiq görüldüyünü, «Azərbaycan bayrağı» ordeni ilə təltif olunduğunu, çoxsaylı mükafatlar aldığını xatırlatıb. O, əmin olduğunu bildirib ki, Ramiz Nağıyev təqaüddə olan polis zabiti kimi bundan sonra da öz zəngin təcrübəsini, bilik və bacarığını gənc həmkarlarından əsirgəməyəcək, onların vətənə məhəbbət, ulu öndərin ideallarına, anda və xidməti borca sədaqət ruhunda tərbiyə olunmasına layiqli töhfəsini verəcək.

Daha sonra Ramiz Nağıyev haqqında deyilən xoş sözlərə, yüksək diqqət və qayğıya görə kollegiya üzvlərinə və şəxsən daxili işlər nazirinə minnətdarlığını bildirib, həyatının böyük hissəsini şərəfli xidmətə həsr etdiyi polis orqanları ilə bundan sonra da sıx əlaqə saxlayacağını, təcrübəsini, bilik və bacarığını hər zaman gənc əməkdaşlarla bölüşməyə hazır olduğunu vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür