Modern.az

Marşrut avtobuslarındakı əzaba DAVAM:  sərnişin limiti yoxdur – RƏSMİ

Marşrut avtobuslarındakı əzaba DAVAM:  sərnişin limiti yoxdur – RƏSMİ

15 Sentyabr 2017, 14:44

Bəzi avtobuslarda  sərnişin sıxlığı olduğu hər kəsə məlumdur. Təbii olaraq bu da narazılıqlara səbəb olur.

 

Yəqin ki, əksəriyyət sırf sərnişin çoxluğuna görə sürücü ilə dava edənlərin şahidi olub. Adətən belə hallarda elə ən çox günahlandırılan da sürücülər olur. “Adam çoxdur, hara saxlayırsan?” və ya “Dayanacaqda dayanma, birbaşa sür” kimi fikir səsləndirənlər məlumdur. Bu cür hallar insanların aqressiyasına səbəb olur.

 

Maraqlıdır, avtobusların sərnişin limiti varmı?  Sıxlıq yaranmasına səbəb olan sürücülər məsuliyyətə cəlb edilə bilərmi?

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu cür hallara qarşı hansısa reyd keçirilmir:

 

“Sərnişin sıxlığı ilə bağlı xüsusi reydlərin keçirilməsinə ehtiyac yoxdur. Əgər hər hansı avtobus qapısı açıq vəziyyətdə hərəkət edirsə, buna görə sürücü məsuliyyətə cəlb oluna bilər. Amma əməkdaşlarımız ayaqüstü sərnişin daşıma imkanı olan avtobus sürücülərini saxlayıb nəsə edə bilməzlər.

Bununla bağlı avtobus içərisindəki sərnişinlər öz etirazlarını bildirə bilər. Sərnişinlər qapıya yaxın hissədə durmağa üstünlük verdikləri üçün  bir az sıxlıq yaranır. Əlbəttə, bu məsələləri sürücü özü tənzimləməlidir. Avtobusun normadan artıq yükünün olması, sərnişinlərin  sıx vəziyyətdə daşınmasının özü də müəyyən təhlükələr yaradır. Düşünürəm ki, bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi və ya digər bölgələrin aidiyyatı qurumları sürücülər arasında maarifləndirmə işləri aparmalıdır”.

 

K.Əliyev qeyd edib ki, kənardan sərnişinlərin sayını müəyyən etmək mümkün deyil:

 

“Tormozlanma zamanı ayaq üstə dayanan sərnişinlərin bir-birinə dəyməsi  yaxud xəsarət alma təhlükəsi olduğundan  sürücü buna uyğun tədbirlər görməlidir. Yaxud harada sıxlıqlar varsa, həmin yerə daha çox avtobuslar cəlb edilməlidir. Yalnız bu cür tədbirlərlə sərnişin sıxlığını aradan qaldırmaq mümkündür. Normal olaraq sərnişinlərin əksəriyyəti getdikləri ünvana tez çatmaq istəyir.  Amma bizim əməkdaşların yalnız avtobus qapısı açıq olduğu halda sürücünü saxlayıb məsuliyyətə cəlb etmək haqqı var. Amma avtobusun qapısı bağlıdırsa, kənardan sərnişinlərin sayını müəyyən etmək olmur. Hər bir nəqliyyat vasitəsinin götürmə qabiliyyəti var. Amma konkret sərnişin sayı ilə bağlı hər hansı məlumat yoxdur. Bu baxımdan insanların sayına görə avtobusun daşıma qabiliyyətini müəyyən etmək  çətindir”.

 

Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev  deyib ki,avtobuslardakı sərnişin sayı ilə bağlı konkret limit yoxdur:

 

“Hər bir avtobusda neçə nəfərin otura və ya neçə nəfərin ayaq üstə dura bilməsi müvafiq qaydada müəyyənləşdirilir. Amma şəhər praktikasında belədir ki, heç kim buna əməl etmir. Avtobuslarda yer olduqca sərnişinlər bacardığı qədər bu fürsətdən istifadə edirlər. Əgər sərnişin sıxlığı varsa, mütləq şəkildə ora əlavə nəqliyyat vasitəsi cəlb olunmalıdır. Təbii, imkan olduqca bu cür tədbirlər görülür.  Amma avtobuslardakı sərnişin sayı ilə bağlı konkret limit yoxdur. Buna baxmayaraq mütəmadi olaraq bu məsələ ilə bağlı sürücülərə xəbərdarlıq edirik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir