Modern.az

1988-ci il, 18 sentyabr, Xankəndi şəhəri…

1988-ci il, 18 sentyabr, Xankəndi şəhəri…

18 Sentyabr 2017, 20:59

1988-ci ildə erməni millətçiləri yersiz torpaq iddiası ilə Dağlıq Qarabağda fəaliyyətə başlayanda ilk hədəf  Xankəndi idi. Xankəndi şəhərindən və Kərkicahandan azərbaycanlıları təmizləmək ermənilərin məkrli planlarında ən vacib məsələ kimi dururdu. Çünki Xankəndi şəhərində yaşayan azərbaycanlılar onilliklər boyu ermənilərin çirkin əməllərini ifşa etmiş, zaman-zaman onların Dağlıq Qarabağa sahib olmaq planlarını alt-üst etməyi bacarmışdılar. Məhz elə buna görə öz planlarını həyata keçirmək üçün ermənilər onlar üçün mane olacaq azərbaycanlıları şəhərdən uzaqlaşdırmağa nail olmaq istəyirdilər.

Modern.az saytı 18 sentyabr 1988-ci il tarixində ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər haqqında yazını təqdim edir.

 

Həmin ərəfədə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan  azərbaycanlıların kəskin  narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Və elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.

 

Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrildi, çoxlu sayda insan isə yaralandı.

 

Azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərininin miqyasını günü-gündən artırmağa başladılar. 1988-ci ilin 18 sentyabrı isə tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazıldı.

 

Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor  Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi.  18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırıldı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olundu.

 

Azərbaycanlıların daha çox yaşadığı Sabir küçəsində və Lesnoy küçəsində Kərpiçxana adlanan məhlədə isə ermənilər ciddi müqavimətə rast gəldilər. Əli yalın, silahsız azərbaycanlılar bu dəfə öz evlərini qorumağı bacardılar.

 

Ermənilərin digər bir böyük silahlı qrupu isə Kərkicahana hücum etdilər. Ermənilərin həmişə qorxu yeri olan, çəkindikləri kərkicahanlılar quldurların cavabını layiqincə verdilər. Həmçinin, həmin gün ermənilərin Xocalıya hücumu da dəf olundu.

 

Nəhayət, məcrasından çıxmış hadisələr haqqında Moskvada qərar qəbul olundu. Xankəndində komendant saatı tətbiq edildi. Gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndində yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar.

 

Bu hadisələri xatırladıqca təəssüf  hissi ilə qeyd etmək olar ki, əgər Xankəndi şəhərində, ümumi götürsək Dağlıq Qarabağda öz doğma torpaqlarında yaşayan azərbaycanlılara lazımi kömək göstərilsəydi ermənilərin başladığı uydurma torpaq iddiası bəlkə də elə həmin günlərdə iflasa uğrayacaqdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir