Modern.az

Rəbiyyət Aslanova nəyi unudur? (Deputata cavab)

Rəbiyyət Aslanova nəyi unudur? (Deputata cavab)

Media

2 İyun 2011, 20:15

Azərbaycanın ictiami-siyasi həyatında öz intellekti ilə seçilən, məntiqdən doğan açıqlamaları ilə media əhlinin hörmətini qazanan millət vəkili Rəbiyyət Aslanovanın birdən-birə istiqaməti dəyişib mətbuat tariximizin "Molla Nəsrəddin"inə qarşı ittiham dolu münasibətini oxuyanda təəccübləndim. Ona görə yox ki, Rəbiyyət xanım fərqli fikirlər söyləyir, nəsə orjinal bir baxış ortaya qoyur. Təəccüblü məqam odur ki, 1906-cı ildə işıq üzü görən "Molla Nəsrəddin" guya, əsl Şeyxülislam, axund, molla obrazına kölgə salıb və bu zərərli meyl indi də davam edir. Bu ittihamın isə tək ünvanı dövrün inqilabı ruhunda al rəngdə nəşr olunan jurnal deyil, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər  Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əzim Əzimzadə, Əbdürrəhim bəy  Haqverdiyev kimi böyük mütəfəkkirlərin zəngin yaradıcılıq irsidir. Çünki bu kağız parçasına can, ruh və ideya  verən onların əsərləri, düşüncələridir. Bu böyük şəxsiyyətlər zamanında Azərbaycan xalqının milli şüurunu, bədii düşüncəsini formalaşdırıb, əsrlər boyu islahatlara möhtac olan islam cəmiyyətini fəallığa, inkişafa, yeniliyə çağırıb.

XX əsrin əvvəllərində yaşamış bu böyük Azərbaycanlıların fəaliyyətlərinin ana xətti xalqın maariflənməsi, geriliyin ləğvi, dünyəvi elmlərin tədrisi idi. Rəbiyyət xanımın açıqlamasından, sözün doğrusu, sovet dönəmi ideoloqlarının baxışı göründüyündən və bunu intellektinə həmişə rəğbət bəslədiyim xanım millət vəkilinə layiq bilmədiyimdən cavab yazmalı oldum.


Sirr deyil ki, tariximizin son 70 ilində Mirzə Cəlil kimi ədəbi şəxsiyyətlərin gerçək fəaliyyətini kənara qoyub, onların yanaşmalarını, yaradıcılıqlarını ateizmə bağlayır, tədqiqatlarını da müəyyənləşmiş qaydada aparırdılar. Məgər "Molla Nəsrəddin"də fundamental islamçılıq, islami dəyərlər və onların həqiqi təbliğçiləri olan şeyxülislamlar, ayətüllalar, mollalar, axundlar tənqid olunurdu?  Əsla yox. Fala baxıb rəml atan mollalar, islamı elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisinə qarşı çıxan axundlar, indiki kimi 9 yaşında qızları 40 yaşında kişilərə nigah etdirənlər, Aşura günü öz canına qıyanlar və buna çağırış edənlər gülüşün hədəfinə çevrilirdi.

"Molla Nəsrəddin"də o din xadimləri istehza obyektinə çevrilirdi ki, müqəddəs Qurban bayramında kəsilən heyvanların "başı da mollanın, döşü də mollanın" deyib, islamın ən əsas qanunu olan sosial ədalət prinsiplərini pozurdu. Əksəri dul qadınlara haram gözlə baxır, ölü diriltməklə məşğul olurdular. Rəbiyyət xanım bütün bunları bir kənara qoyub iddia edir ki, "Molla Nəsrəddin"in ələ saldığı şeyxülislam, ayətüllalar və molla obrazı heç də əsl gerçəkliyi əks etdirmir, jurnalda əsl din xadimi obrazı yoxdur. Əlbəttə, əsl molla və din xadimləri “Molla”nın hədəfi ola bilməzdi.

"Molla Nəsrəddin" bəzi sovet dövrü tədqiqatçılarının fikrinin əksi olaraq, əsrlər boyu xalqın inancı olan İslama qarşı cəbhə açmamışdı. Onun hədəfindəki din xadimləri obrazlarını "Qurani Kərim" də qəbul etmir.

Hörmətli millət vəkili XX əsrin əvvəllərində mütərəqqi din xadimlərinin olduğunu söyləməklə niyə məhz onlar barəsində yazılmadığını da söyləyir.

Fikrimizcə, bu məsələyə yuxarıdakı abzasda qısaca toxunduq. Rəbiyyət xanım axund Pişnamazzadənin dünyəvi məktəblərin açılmasında rolundan danışsa da, Əli Turabı da unudur. Hansı ki, Əli Turab və onun tərəfdarları  ərəb əlifbasının yalnız Quran üçün olduğunu deyir, insanların qəzet, kitab oxumağına qarşı çıxırdılar.
"Əkinçi"ni "Molla Nəsrəddin"i, "İrşad"ı küfr, şeytan əməli hesab edirdilər. Bir də ki, Pişnamazzadənin vəfatı ilə bağlı jurnalda çap olunan məqalədə qeyri-etik səslənən hər hansı bir ifadə yoxdur. Əksinə, məqalədə Pişnamazzadəyə mərhum, hörmətli şeyx deyə müraciət olunur.

Jurnalın bağlanmasında şeyxin deyil, "öz kəbinli övrətlərini buraxıb, mütribbazlıq edən, qəflət və cəhalət yuxusundan ayılmayan Şeytanbazar kişilərinin" rolu önə çəkilir. Hansı ki, o Şeytanbazar müsəlmanları Mirzə Cəlilin qətlinə fərman verib, onu öldürməyin yollarını axtarırdılar. Səbəb isə qadın hüquq və azadlıqları barəsində dərc olunan yazılar və bir də ki, günümüz üçün də  düşündürücü olan hicab məsələsi idi.

Azərbaycan sovet dövrünün bəzi tədqiqatçılarının uydurduqları kimi, mollanəsrəddinçilər hicaba qadağanın tərəfdarı deyil, hicablı xanımların valideynləri tərəfindən dünyəvi təhsil məktəblərinə buraxılmamasına qarşı idilər. 1907 -ci ildə "Molla Nəsrəddin"in 28-ci sayında nəşr olunan "Cavabımız" adlı yazını oxusaq, bu daha aydın olar:

"Hicab məsələsi barəsində idarəmizə çoxlu yazıb soruşurlar ki, övrət məsələsi bəs harada qaldı? Və nə yerdə tamam oldu? Cavabımız - biz həmin məsələni başlayanda da demişdik, indi də deyirik ki, qızlarımızı gərək oxudaq. Yenə qızlarımızı gərək oxudaq. Hicab məsələsinə  bundan artıq sözümüz yoxdur".

“Molla” bu fikirləri sanki 94 il əvvəl deyil, bu günümüz üçün yazıb. Heç təsadüfi deyil ki, Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının sədri Məleykə Abbasszadə mətbuat  konfranslarının birində ictimaiyyətə həyacanlı xəbər ötürdü: "Cənub bölgəsindən ali və orta  ixtisas məktəblərinə qızlar çox nadir hallarda sənəd verir".
Niyə? Sualın cavabını bir çoxumuz kimi, Azərbaycanın demokratik, mütərəqqi inkişaf xəttini dəstəkləyən, bu yolda fəallıq göstərən hörmətli Rəbiyyət Aslanova da gözəl bilir.

Modern.az-a açıqlamasının digər yerində müsahib başqa  bir fikir də vurğulayıb: "Mənim üçün maraqlıdır, "Molla Nəsrəddin" niyə 20-ci əsrin əvvəllərində Azərbaycan üçün böyük işlər görmüş ziyalılardan bir cümlə yazmayıb?".

Zahirən bəsit görünən bu sualın Rəbiyyət Aslanova kimi bir intellektual xanımın dilindən eşitmək istəməzdik. Bu sualın cavabı mətbuatın tipologiyası anlayışından doğur və görünür hörmətli Rəbiyyət xanım da bunun fərqində olmayıb.

Qeyd edək ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan məbtuatında sistemləşmə, indiki terminlə ifadə etsək ixtisaslaşma prosesinə keçid başlandı. "Məktəb", "Dəbistan" adlı uşaq nəşrləri, "Füyuzat", "Şəlalə" kimi fəlsəfi-bədii jurnallar çap olundu. İctimai siyasi yükü olan "Həyat", " İrşad", "Təkamül" qəzetləri oxucu qıtlığından qapandı və bu nəşrlərin heç biri xalq tərəfindən "Molla Nəsrəddin" kimi kütləvi qəbul olunmadı.

"Molla Nəsrəddin" xalq yumoru, satirası ilə cəmiyyətdə baş verən neqativ hadisələrə, cəhalətə, islam fundamentalizminə, təhsilsizliyə qarşı yeni jurnalistika məktəbi yaratdı. Mirzə Cəlilin timsalında Mollanəsrədinçilər təkcə "xalqa nə demək lazımdı" sualı üzərində düşünmədilər, onlar "sözü nə cürə demək lazımdır" üzərində dünüşdülər. Bunun yolu isə çox aydın idi: satira, xalq yumoru ilə xalqı inkişafa meylləndirmək, insan düşüncələrini zəhərləyən, ilkin islama zidd olan təbliğatın qarşısını almaq.
Məhz buna görə də "Molla Nəsrəddin" ilə eyni yolda olan, eyni düşüncəni paylaşan, xalqımıza böyük xidmətlər göstərən şəxsiyyətləri satira atəşinə tutmaq Mirzə Cəlil və onların məsləkdaşlarının fəaliyyətinə kölgə salardı və heç vaxt onlar buna yol verməzdilər.   

***

Böyük şəxsiyyətlərimizin əksəriyyətinin taleyinə yazılan məşəqqətlər Cəlil Məmmədquluzadənin də ömürlüyündən yan keçmədi. Taleyi qəribə və acınacaqlı oldu. Bütün dövrlərdə onu olduğu kimi nə təqdim etdilər, nə də ki, qəbul.
Azərbaycan Xalq Cümhuriyyəti  dönəmində ömür gün yoldaşı Həmidə xanım Cavanşirlə Qarabağa köçəndə barəsində hədyanlar yaydılar, müstəqilliyimizə guya şübhəli yanaşdığını uydurdular. Ancaq bir kimsə sual vermədi ki, o dövrdə "Anamın kitabı"nı kim yazdı?
1917-ci ilin noyabrında çap etdirdiyi "Azərbaycan" məqaləsi, bir qədər sonra "Cümhuriyyət" essesi hansı fikirdən, ideyadan qaynaqlandı?

Vətənin bütövlüyü ideyasını ilk dəfə ictimai fikrə gətirənlərdən olan C.Məmmədquluzadə "Azərbaycan" məqaləsində yazırdı: "Ax, gözəl Azərbaycan vətənim! Harda qalmısan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşım, ay keçə papaqlı meşkinli, sərablı, goruslu qardaşlarım. Gəlin, biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, hardadır bizim Vətənimiz?"

Müstəqilliyini əlindən alıb Vətənini sovetləşdirib, qan çanağına çəkənlər də Cəlil Məmmədquluzadə dühasından, istedadından, xalqın ona olan sevgisindən yararlanmağa çalışdı. AKP-nın göstərişi ilə Təbrizə, Cəlil Məmmədquluzadə ilə danışıq aparıb "Molla Nəsrəddin"i Bakıya köçürməyə nümayəndələr göndərildi. Yaradıcılıq sərbəstliyinin əlindən alınmayacağı vədi ilə Azərbaycana dönən Mirzə Cəlillə Mərkəzi Komitə arasında ixtilaflar başladı.
"Jurnal necə çıxacaq və nədən yazacaq" sualına o zaman Mirzə Cəlil belə cavab verirdi: "Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çıxarmağa icazə verilmir. Mən isə "Molla Nəsrəddin"i özüm yaratmışam, özüm satmışam, özüm də nə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksinizmi?".
Təbii ki, heç bir icazədən, yaradıcılıq sərbəstliyindən söhbət gedə bilməzdi. Buna görə də heç redaksiyaya da getmirdi, onun adından jurnalı Məmməd Səid Ordubadi çıxarırdı. Bu cür oyunları qəbul etməyən bu böyük mütəfəkkir M.S.Ordubadiyə yazırdı: "Səid, bildiyini elədin, gələn nömərədən mənim adım redaktor kimi yazılsa, mən bilirəm hara şikayət edəcəm".

Böyük şəxsiyyətin uzun-uzadı mübarizələrindən sonra adı redaktorluqdan silindi və "Molla Nəsrəddin" Allahsızlar Cəmiyyətinin orqanına çevrildi.

Cəlil Məmmədquluzadə heç vaxt Allahsızlar Cəmiyyətinin orqanına rəhbərlik edə bilməzdi və etmədi də.

C.Məmmədquluzadənin dəfnində Mehdi Hüseyn bu böyük düha  sahibinin qəbri üzərində ibrətamiz, bu günümüzlə də səsləşən bir fikir söyləmişdi: "Cəlil, sağlığında sənə qarşı necə amansız mübarizə aparılmışdısa, öləndən sonra da mübarizə o cür davam edəcək". 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır