Modern.az

“Molla Nəsrəddin” qalmaqalı: tanınmışlar Rəbiyyət Aslanova ilə razı deyillər...

“Molla Nəsrəddin” qalmaqalı: tanınmışlar Rəbiyyət Aslanova ilə razı deyillər...

3 İyun 2011, 11:38

Modern.az saytında millət vəkili Rəbiyyət Aslanovanın “Molla Nəsrəddin” jurnalı ilə bağlı ittihamlardan ibarət fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Deputatın xüsusilə jurnalın din xadimləri barədə yaratdığı obrazları düzgün hesab etmədiyi barədə fikirləri bir çoxlarının etirazına səbəb olub. Xanım millət vəkili bildirib ki, jurnalda bəzən Azərbaycan axundu və mollası elə qələmə verilib ki, onların mənfi obarzı uzun illər gözümüzün önündən çəkilməyib və hətta bu gün də həmin mənfi yanaşma müşahidə olunur.

Modern.az-ın əməkdaşı deputatın fikirlərinə bir sıra tanınmış şəxslərdən münasibət öyrənməyə çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, “Molla Nəsrəddin” satirik jurnalının əsas qayəsini cəmiyyətdə baş verən qüsurlar, nöqsanlar, xurafat, geriliyi tənqid etmək təşkil edib.

“Bu baxımdan da o vaxt hansısa gerizəkalı, insanlar arasında cəhaləti və xurafatı yayan din xadimlərinin jurnalda tənqid olunması təbiidir və indinin özündə də xeyli din xadimi var ki, bunların danışıqlarına ancaq ironiya və satira ilə cavab vermək olar. Bunlar əslində xalqı geriliyə səsləyir, nifaq yaratmağa çalışırlar. Bu baxımdan “Molla Nəsrəddin” jurnalının missiyası bu cür insanları tənqid etmək və satira atəşinə tutmaq idi”.

R.Məcid hesab edir ki, dövrün qabaqcıl ziyalıları barədə yazılar vermək “Molla Nəsrəddin”in missiyası deyildi və həmin ziyalılar barədə o dövrdə çıxan bir sıra başqa mətbu orqanlarda yazılar gedirdi.

“Ümumiyyətlə din adamlarının təkcə “Molla Nəsrəddin”də deyil, həmin dövr və sovet dövrü ədəbiyyatımızda mənfi qələmə verilməsi bir tərəfdən ateist quruluş olan sovet ideologiyasından irəli gəlirdi və bir partiya tapşırığı kimi din adamlarına qarşı bu cür tənqidi məqamlar yer alırdı. O dövrün yazıçılarının çoxunun əsərlərində xalqa xurafat aşılıyan, cəhalətə sürükləyən, savadsız, dar dünyagörüşlü din adamları çox tənqid atəşinə tutulub”.

Müsahibimiz deyir ki, həmin dövrdə zəngin dünyagörüşlü, geniş biliyə malik din xadimləri də olub, amma onlar azlıq təşkil edib.

“Amma “Molla Nəsrəddin”in qayəsi və məqsədi o din xadimlərini təbliğ etmək deyildi. “Molla Nəsrəddin”in qayəsi, məqsədi cəmiyyətdə olan nöqsanlara, qüsurlara qarşı öz satirası ilə mübarizə aparmaq idi”.

R.Məcidin sözlərinə görə, 70 illik sovet ideologiyası dinə qarşı mübarizə aparan ideologiya idi və ona görə də onun xətti elə idi ki, ədəbiyyatımızda da mətbuatımızda din xadimləri tənqdi olunurdu.
“100 il bundan əvvəl xalqı cəhalətə sürükləyən din adamlarını tənqid atəşinə tutan ziyalılar əslində böyük işlər görmüşdü və heç kim də onların o maarifçilik işini dana bilməz”.

Həmsözhbətimizin sözlərinə görə, aradan 100 il keçməsinə baxmayaraq, təəssüf ki, bu gün də geri dünyagörüşlü, az savadlı insanları xurafata, cəhalətə sürükləyən din xadimləri qalmaqdadır.

“Və mən hesab edirəm ki, “Molla Nəsrəddin”in missiyası indi də davam etməlidir. Ümumiyyətlə, Mirzə Fətəli Axundzadədən başlamış Mirzə Cəlil, Sabirlə davam edən böyük maarifçilik hərəkatı və onun qarşısına qoyduğu məqsəd mənim fikrimcə, düz idi və Azərbaycan xalqı üçün gərəkli idi”.

Millət vəkili, dilçi alim  Nizami Cəfərov bildirib ki, əgər “Molla Nəsrəddin” Cəlil Məmədquluzadənin ideallarını ifadə edirsə, Cəlil Məmmədquluzadə islama, islam dininə, heç bir dinə aqresiv münasibətdə olmayıb.

““Molla Nəsrəddin”in tənqid etdiyi yalnız xurafatdır. Yəni Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı müasir dünyada bütün böyük dinlərdə və böyük dinlərin rühanilərində olan sağlam düşüncələri xurafata çevirməyi tənqid ediblər”.

“Molla Nəsrəddin”çilərin böyük əksəriyyətinin kifayət qədər böyük rühani olduğunu deyən millət vəkilinin sözlərinə görə, jurnalda böyük rühanilərə hər zaman xüsusi hörmət olub.

“Sadəcə olaraq sovet dövründə dinə qarşı aparılan kompaniyaya “Molla Nəsrəddin” jurnalının da cəlb olunması üçün adının dəyişilib “Allahsız” qoyulması təklif edilmişdi. Amma bütövlükdə jurnalın mahiyyətində elə bir dəyişiklik yox idi”.
N.Cəfərov ədəbiyyatın həmişə bir xarakteri olduğunu və “Molla Nəsrəddin”in ilk gündən özünü satira jurnalı elan etdiyini bildirib.

“Satirada gülünc, mənfi obrazlar da olur və mənfi obrazlar əsasında da müsbət ideal yaranır. Yəni obrazların mənfi olması bu janrın təbiətindən irəli gəlir. Amma Cəlil Məmmədquluzadənin öz yaradıcılığında, xüsusilə publisistikasında çoxlu belə müsbət obrazlar var. Ümumiyyətlə, bu satiranın təbiətdir. Müsbəti demir, mənfini deyir və bu mənfiyə olan münasibətdə müsbət ideal formalaşır. Bax bunu görmək lazımdır”.

Tanınmış publisist və jurnalist Qurban Yaquboğlu hesab edir ki, Rəbiyyət Aslanovanın “Molla Nəsrəddin”ə yönəlik ittihamları konkret siyasi qüvvəni təmsil edən bir şəxsin ötən əsrin jurnalistikasına və mətbuatına münasibəti kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, “tənqidi jurnalistikanı sevməyən bir siyasi qüvvənin bu sayaq “tarixi səyahəti” doğrusu bəzi ayıq kəslərdə yalnız təbəssüm doğura bilər”.

“O ki qaldı problemə, bu bəlli bir məsələdir. “Molla Nəsrəddin”çilərlə “Füyuzat”çıların mövqeyi fərqli idi və bu diskussiyanı zaman həll elədi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mirzə Cəlil ölkədən getdi. Nəriman Nərimanov bu dahi yazıçını ölkəyə-sovet höküməti zamanı  gətirməli oldu”.

Q.Yaquboğlunun fikrincə, “Molla Nəsrəddin” jurnalının dini liderlərə münasibətini təbii qarşılamaq lazımdır, hətta haqlı olmasa belə.
“Bu tənqidi jurnalistikanın bir keyfiyyətidir. O, qarşısına tərif yox, tənqidi məqsəd qoyur. Amma ümumilikdə ö dövrdə elə görkəmli din xadimləri də var idi ki, məsələn Əbu Turab Ağa kimi, onların varlığını danmaq, unutmaq mümkün deyil”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı