Modern.az

DAK Gənclər Təşkilatından hökumətə təklif: "Şəhidin cənazəsi Azərbaycan bayrağına bükülsün"

DAK Gənclər Təşkilatından hökumətə təklif: "Şəhidin cənazəsi Azərbaycan bayrağına bükülsün"

3 İyun 2011, 12:02

Müharibə vəziyyəti illərdir davam edən Azərbaycanda milli-vətənpərvərlik şüurunun təbliği, psixoloji ruhun yüksək səviyyədə olması çox önəmli məsələdir”.

Bunu, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədri Seymur Həsənli “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına öz təkliflərini açıqlayarkən bildirib.
O, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin ictimai müzakirəyə çıxarılmasını müsbət hak kimi dəyərləndirir və təşkilat olaraq layihəyə bir neçə təkliflərinin olduğunu bildirir.
”Təkliflərimizdən biri odur ki, müharibə şəraitində yaşayan vətənimizdə şəhid olmuş insanlarımızın rəsmi şəkildə dəfn olunması həyata keçirilməlidir. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Gənclərimizdə vətənpərvərlik, dövlətçilik ruhunun yüksəlməsi, psixoloji durumun lazımı səviyyədə olması üçün şəhid olan insanlara verilən qiymət çox vacibdir. Veriləcək həmin qiymət, digər gənclərdə vətən uğrunda canından keçməyə stimul yaradacaq. Hər bir valideyn onun arxasında dövlətinin olduğunu hiss edəcək. Təklif edirik ki....

     - Şəhidlərin dəfn mərasimi yerli icra strukturu tərəfindən birbaşa həyata keçirilsin.

     - Şəhidin cənazəsi Azərbaycan bayrağına bükülsün.

     - Müdafiə Nazirliyində məsələ ilə bağlı xüsusi bir komisiya yaradılsın.

     - Dəfn mərasimində Müdafiə Nazirliyinin səlahiyətli nümayəndəsi iştirak etsin.

     - Ruhani idarədən bir qrup bu işə cəlb olunsun. Dəfn mərasiminin maddi tərəfi məhz bu qurum tərəfindən qarşılansın.

      - Dəfn mərasimində Azərbaycanın dövlət himni səsləndirsin.

      - Dəfn mərasiminin keçiriləcəyi yer və zaman televiziya vasitəsi ilə ölkə ictimaiyyətinə bildirilsin..

Azərbaycanın regionlarında atıcılıq mərkəzlərinin yaradılmasını və genişləndirilməsini təklif edən Seymur Həsənli həvəskar gənclər arasında xüsusi turnirlərin keçirilməsinin də vacibliyini bildirdi. O, bu yarışlar vasitəsilə gənclərdə döyüş ruhunun yüksələcəyinə inandığını diqqətə çatdırıb.

Təhsil sahəsi ilə bağlı olan digər təklif isə dünyada yaşayan soydaşlarımızın Azərbaycanda təhsil alması ilə bağlıdır. Seymur Həsənli bu sahədə güzəştlərin tətbiqinin labüdlüyünü vurğulayıb. “Məlum olduğu kimi dünyada yaşayan soydaşlarımız Azərbaycanda digər əcnəbilərə tətbiq olunan şərtlərlə təhsil almaq hüququna malikdirlər. Nəzərə almaq lazımdır ki, dünyada 60 milyona yaxın soydaşımız yaşayır. Azərbaycan Respublikasının əhalisi isə 9 milyondur. Biz düşünürük ki, xaricdən təhsil almağa gələn soydaşlarımızla əcnəbilər arasında fərq qoyulmalıdır. İllik təhsil haqqı məsələsi güzəştə gedilməli və digər imkanlar yaradılmalıdır. Hətta mənfur düşmənimiz ermənilər belə imkanlar yaradıblar. Bizim məlumatımıza görə, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunan qərarlarda təhsil probleminə toxunulmuşdu. Dünyada yaşayan soydaşlarımızın vətəndə təhsil alması üçün 5 faizlik yer ayrılmağı qərarına gəlinmişdi. Amma sonradan nəsə bu qərar icra olunmayıb” – deyə Seymur Həsənli bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir