Modern.az

Mirzə Cəlil və “Molla Nəsrəddin” “təəssübkeşlərinə”!

Mirzə Cəlil və “Molla Nəsrəddin”  “təəssübkeşlərinə”!

Media

4 İyun 2011, 12:24

Artıq bir neçə gündür şəxsiyyətinə,insanlığına və intellektinə böyük hörmət bəslədiyim fəlsəfə elmləri doktoru, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət xanım Aslanovanın Modern.az saytında xalqımızın tarixində böyük rol oynamış  “Molla Nəsrəddin”  jurnalı ilə  bağlı səsləndirdiyi  fikirləri ətrafında geniş müzakirələr getməkdədir. Burada da əslinda qəribə heç nə yoxdur. Demokratik cəmiyyət iddiasında olan ölkə vətəndaşları öz fikirlərini açıq, sərbəst ifadə edə bilərlər və heç kimin də buna müdaxilə etməyə haqqı yoxdur. Unutmayaq ki, demokratik, azad cəmiyyət iddiası həm də tolerant olmanı şərtləndirir.

Ancaq mənə qəribə gələn , həm də təəssüf doğuran məqam odur ki, bu müzakirələr  bir o qədər sağlam əsaslara dayanmayıb. Konkret şəkildə ifadə etsəm, mənə qəribə gələn və narahat edən məqam Rəbiyyət xanımın fikirlərinə cavab xarakteri daşıyan, yəni, dostum-qardaşım, dəyərli qələm sahibi, türkçülüyü, millətçiliyi, Azərbaycansevərliyi ilə tanınan, səmimi inşan Akif Aşırlının  bu saytda yer alan yazısına verilən  bəzi “şərhlər”dir . Həmin “şərh” yazan insanlar bəri-başdan bir məqamı unudurlar, daha doğrusu, bir məqamı yadda saxlamalıdırlar ki,onların iddia etdiyi kimi, Rəbiyyət xanım məlum fikirləri söyləyərkən niyyəti xalqımızın özü qədər böyük və uca olan Cəlil Məmmədquluzadəni (Mirzə Cəlili) və ya çox dəyərli molla nəsrəddinçıləri hədəf almaq, onları ittiham etmək  ,yaxud, aşağılamaq olmayıb. O,sadəcə, vaxtilə həmin jurnalda tədim olunan bəzi obrazların, personajların, özünün təbirincə desək, bir qədər sərt, yalnış təqdimatına  iradlarını bildirib. İndi burada etiraz və qəzəb doğuracaq nə var, görəsən?

Yuxarıda qeyd etdiyim kimi,əgər demokratik cəmiyyət və demokratik dəyərlər daşıyıcısı olmaq iddiasındayıqsa, o zaman başqalarının da fikirlərinə hörmətlə, tolerantcasına yanaşmalıyıq. Daha hansısa şəxsi maraqlar üzündən fərqli fikirlərinə görə,kimlərəsə, konkret olaraq, Rəbiyyət xanıma az qala “Linç məhkəməsi” qurmamalıyıq. Ancaq “şərhlərə”  diqqət yetirdikcə hiss etmək olur ki, onlar əslində nə Akif Aşırlını, nə Mirzə Cəlili, nə də böyük molla nəsrəddinçiləri müdafiə etmək məqsədi güdür . Burada məqsəd hansısa səbəblərdən Rəbiyyət xanıma kin, qəzəb püskürməkdir. Əgər belədirsə- məhz belə anlaşılır - o zaman cox yaxşı olardı ki, həmin “şərh” yazanlar  bu “şərhləri”ni  açıq-aydın öz imzaları,  öz dəqiq adları , öz soyadları ilə yazaydılar və Rəbiyyət xanıma olan qəzəblərini də açıqcasına ifadə edəydilər. Amma görünür...

Şəxsən  neçə illərdən bəri Rəbiyyət xanımı yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, o heç zaman keçmiçdəki və indiki dəyərli ziyalilarımıza, sağlıqlarında belə klassiklərə çevrilən  söz-sənət adamlarımıza, ədiblərimizə azacıq da olsa belə, irad tutmaıb, onlara dil uzatmayıb,küfr yağdırmayıb. Əksinə, o, hər zaman ziyalılarımızın, aydınlarımızın ünvanına xoş sözlər söyləyib, onların qorunması, qədir-qiymətinin bilinməsi ilə bağlı mövqeyini ortaya qoyub. Buna misal kimi, bir necə il öncə istedadlı  ssenarist , dramaturq Rüstəm İbrahimbəyovun qəzetlərdən birinə müsahibəsilə bağlı onun ətrafında gedən müzakirələrə təmkinli münasibət sərgiləməsini qeyd etmək olar. Az qala əksər iqtidaryönlü siyasətçilərin, millət vəkillərinin Rüstəm İbrahimbəyovu  məhşər ayağına çəkdikləri bir məqamda Rəbiyyət xanım bu məsələdə əsl ziyalılıq nümunəsi nümayiş etdirdi. Yaxud məlum “sərhəd açılımı” məsələsinə görə bir müddət qardaş  Türkiyəylə münasibətlər gərginləşən zamanı Rəbiyyət xanım yenə  də obyektivliyin, həqiqətin, qardaşlığın yanında dayandı, doğma Türkiyəmizə qarşı –bəzi siyasət adamlarının yanlış addımları ortada olsa belə- çıxmadı. Bundan başqa, Türkiyə seriallarına ləhcə fərliliyinə görə , Azərbaycan efiri məkanında yasaq qoyulan zamanı Rəbiyyət xanım buna ilk etiraz səsini ucaldanılardan oldu və onun bu mövqeyi cəmiyyətin əksər, özü də fərqli kəsimləri tərəfindən təqdir olundu və alqışlandı...

İndi bunları bilə-bilə bəzilərinin özünü bilməməzliyə , görməməzliyə vurması, məlum fikirlərinə görə, ona qarşı son dərəcə ədalətsiz münasibət ortaya qoyması heç cür qəbuledilən  və ədalətli deyil.

Ümumiyyətlə, elə hesab edirəm ki, insanlarımız  vaxtilə başımıza gələnlərdən və gətirilənlərdən dərs götürərək öz ziyalılarını, aydınlarını qorumalı, müdafiə etməlidirlər.  Xüsusilə , Rəbiyyət xanım, eləcə də Zeynəb xanım , Gültəkin xanım-çox təəssüflər olsun ki, bu xanım-siyasətçi bəzi səbəblərdən  son seçkılərə qatılmadı və gün keçdikcə onun parlamentdəki və siyasətdəki yeri hiss olunur,
görünür- Gövhər xanım, Qənirə xanım, Flora xanım (Kərimova), Lalə xanım (Şövkət) kimi və digər əvəzsiz ziyalılarımızın,aydınlarımızın, siyasət və mədəniyyət xadimlərimizin,  millət vəkillərimizin qədrini-qiymətini bilməli, onları qorumalıyıq. Bu, hər şeydən öncə bizim vətəndaşlıq görəvimiz, borcumuzdur. Özümüz-özümüzün, özümüz-özümüzünkülərin qədrini bilməsə, heç kim bilməyəcək, ən əsası sonra gec olacaq, uduzan , itirən yalnız və yalnız bizlər olacaq.

Bir də ki, Şəxsiyyətin, xüsusilə, yaradıcı Şəxsiyyətin böyüklüyü, ucalığı ondadır ki, ölümündən sonra da onun adı ətrafında çeşidli müzakirələr gedir, daim anılır, xatırlanır, təriflənir, təhqir, yox sağlam əsaslarla tənqid olunur. Dahi , əzəmətli Mirzə Cəlilin və digər  molla nəsirəddincilərin də  böyüklüyü, ucalığlı elə məhz bundadır.

Allah, dünyadan köçən bütün insanlarımıza, ucalarımıza rəhmət etsin, məkanlarını cənnətlik etsin, qalanlarımıza da ucalarımızın  dəyərini bilmək üçün insaf versin.

Amin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı