Modern.az

Milli Kitab Mükafatının qalibi seçildi və qalmaqal düşdü

Milli Kitab Mükafatının qalibi seçildi və qalmaqal düşdü

4 İyun 2011, 16:19

“Əli və Nino” Nəşriyyat Evinin təsisçisi olduğu Milli Kitab Mükafatının builki qalibi məlum olub. Bu, yayazıçı Pərviz Cəbrayıldır. Onun "Yad dildə" romanı ən yaxşı əsər seçilib.

2-ci yerə Məqsəd Nur layiq görülüb.

3-cü yeri isə Natiq Rəsulzadə və Nəriman Əbdürrəhmanlı tutublar. Ən yaxşı tərcüməyə görə Kamran Nəzirli mükafatlandırılıb.

Qaliblər müsabiqənin onluğuna düşmüş aşağıdakı yazarlar arasından seçilib.

Aslan Quliyev - “Sonuncu”, roman
Azər Abdulla - “Sarı tağ”, roman
Etimad Başkeçid - “Kenterberri” silsiləsi, hekayələr
Məqsəd Nur - “Şəhər meri”, roman
Mirmehdi Ağaoğlu - “Küləyi dişləyən”, hekayə
Nəriman Əbdülrəhmanlı - “Yolsuz”, roman
Natella Osmanlı -  “Mən axmağam”,
Natiq Rəsulzadə - “Xunxarlar”, roman (rus dilində)
Pərviz -  “Yad dildə”, roman
Paşa Qəlbinur - “Qara su”, roman

Müsabiqəyə ümumilikdə 112 əsər təqdim olunmuşdu. Birinci yerin qalibinə 3 min, 2-ci yeri tutana 2 min, 3-cü yeri tutana isə 1000 manat pul mükafatı təqdim ediləcək.

Amerika səfirliyi isə ABŞ yazıçısının əsərini ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcümə etmiş müəllifə 1000 manat məbləğində mükafat verəcək.

Münsiflər heyətinin üzvləri:

Yazıçı Afaq Məsud,
yazıçı Çingiz Abdullayev,
ssenarist Rüstəm İbrahimbəyov,
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı,
kinorejissor Ramiz Fətəliyev,
Xalq şairi Vaqif Səmədoğlu,
BDU-nun professoru Rəbiyyət Aslanova,
“525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid,
“Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı,
aparıcı-jurnalist Nərgiz Cəlilova,
prodüser Balakişi Qasımov,
tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli,
AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev,
Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi,
“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu,
kinorejissor Ayaz Salayev 
rejissor Mehriban Ələkbərzadə

Milli Kitab Mükafatının sponsorları - “Bakcell” şirkəti və “Unibank”dır. 

”Azadlıq” radiosunun məlumatına görə, Pərviz Cəbrayılın qalib seçilməsi birmənalı qarşılanmayıb. Onun "Yad dildə" romanının Milli Kitab Mükafatının qalibi seçilməsinə etiraz olaraq Münsiflər Heyətinin 3 üzvü istefa verdiyini bildirib.

Bu barədə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, P.Cəbrayıl birinci yerə layiq deyil, onu münsiflər heyətindəki bəzi qruplaşmalar birləşib, sözü bir yerə qoyub qalib ediblər.

"Bu, MKM-ə ziyan vuracaq. Hətta sponsorlar da MKM-i dəstəkləməkdən imtina edə bilər. Mən gələn il MKM-in münsifləri sırasında olmayacam".

Daha iki münsif - parlamentin insan haqları komissiyasının sədri Rəbiyyət Aslanova və Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin də eyni addımı atdığı bildirilir.

Müsabiqənin təşkilatçısı Nigar Köçərli isə sözügedən münsiflərin belə bir addım atması haqda hələ məlumatı olmadığını, onların bunu etməsinə inanmadığını bildirib.

O deyib ki, belə bəyanatlar emosional reaksiya ola bilər. N.Köçərli inanmır ki, P.Cəbrayılın qalib elan edilməsi belə ciddi reaksiya doğura bilər.

O P.Cəbrayılın qalib gəlməsinin gözlənilməz olmadığını da bildirib. "Mən o əsərə inanırdım, ən azı ilk üçlükdə olacağına inanırdım".


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi