Modern.az

İsraildə erməni snayperinin öldürdüyü 9 yaşlı azərbaycanlıdan danışılıb

İsraildə erməni snayperinin öldürdüyü 9 yaşlı azərbaycanlıdan danışılıb

4 İyun 2011, 17:01

İsrailin Hayfa şəhərində “ELM, TEXNOLOGİYA VƏ İNNOVASİYA: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransı öz işini başa çatdırıb.
Beynəlxalq konfransın sonunda Hayfa bəyannaməsi qəbul olunub. YUNESKO-nun dəstəyi ilə keçirilən konfransın yekun bəynnaməsində bütün ölkələr, hökumətlər elmdə, texnologiyada və innovasiyarda qadınların rolunun artırılması istiqamətində daha böyük səylər göstərməyə çağrılıb. Bildirilib ki, bu sahələrdə qadınların rolunun aşağı olması gender bərabərliyinə də öz mənfi təsirini göstərir.
Beynəlxalq konfransın sonuncu günü millət vəkili, Azərbaycanın AŞPA-nın gender bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva Toqonun Qadın məsələləri üzrə naziri Amedjoqbe Henrietta Olivia Akossiva, YUNESKO-nun Baş direktorunun ofisində Gender bərabərliyi qurumunun rəhbəri Gülser Korat, Tailand Baş nazirinin müşaviri Suparta Masdit, Myanmar Qadın Assosiasiyasının prezidenti Var Var Htun, Ruminiya hökumətində Milli anti-dopinq qurumu baş katibliyinin rəhbəri, professor Qraziela Vajiala, Qazaxıstanın Milli İnnovasiya Fondunun Direktorlar Şurasının üzvü Zarina Arslanova, Şri-Lankanın Gender bərabərliyi üzrə rəsmi nümayəndəsi Kusum Athukorola, Yeni Zelandiyanın Viktoriya Universitetinin professoru Luamanuvao Vinne Laban, Cənubi Afrikanın Ticarət və Sənaye departamentinin rəhbəri Hlonela Nelisa Lupuvananın başçılıq etdiyi nümayəndə heyəti, Vyetnamın Elm və Texnoloji İnnovasiyalar Milli Agentliyinin baş direktorunun müavini Le Thi Khanh Van, Nepal və Kamerunun Təhsil və Qadın məsələləri üzrə qurumlarının rəsmi təmsilçiləri ilə görüşüb.

Görüş və fikir mübadiləsi zamanı millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarında qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi  barədə ətraflı məlumatlar verib.  Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə məlumatlar verib.
Millət vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. Qənirə Paşayeva Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb. O, Ermənistan Silahlı Qüvvələrinin 8 mart beynəlxalq qadınlar bayramı günündə Ağdam rayonunun 9 yaşlı sakini, ananın tək övladı olan Fariz Bədəlovun snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi kimi insanlıqdan kənar addımları barədə də ətraflı məlumatlar verib. 
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınıar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib və Azərbaycana dəvət edib.


Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir