Modern.az

Cəbrayıl gülməcələri... (V)

Cəbrayıl gülməcələri... (V)

4 İyun 2011, 17:26

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını davam etdirir.


Amerikaya çatmaq və onu ötmək!

Xruşşov hakimiyyətə təzə gələn illər imiş. O vaxt Sovet hökuməti belə bir şüar irəlı sürür: “Amerikaya çatmalı və onu ötməli!”. SSRİ-nin hər yerində, o cümlədən də Azərbaycanda Kommunist Partiyasının yerli şöbələri bu şüarı zəhmətkeşlərin müzakirəsinə çıxarıb dəstək almaq istəyirdilər.


Əlqərəz, belə bir toplantı da Cəbrayıl rayonunda təşkil olunur. Rayonun ağsaqqallarını-qarasaqqallarını yığırlar 800-dən çox yaşı olan Xan Çınarın altına. Partiya fəalları növbə ilə çıxış eləyirlər, camaatı inandırmağa çalışırlar ki, Amerikaya çatmaq olar, hələ onu ötüb keçmək də olar. Lap axırda rayon Partiya Komitəsinin birinci katibi tribunaya qalxır, üzünü camaata tutub belə bir sual verir:

- Hə, camaat, nə deyirsiniz, Amerikaya çata bilərik?


Heç kim dinmir. Bunu görən katib bir də soruşur:


- Ürəkli olun! Deyirəm Amerikaya çata bilərik?


Bir kənarda, daşın üstünə döşəkcə qoyub outran, əlində təsbeh çevirən Seyid Oqtay təsbehinin ucunu Cəbrayılın ən varlı adamlarından olan Abdulla Məmmədova tuşlayıb yoğun səslə deyir:


- Yoldaş katib, mən Abdullaya çatanda, SSRİ də Amerikaya çatacaq.


Camaat arasında pıqqapıq düşür.


Deyirlər bu sözdən sonra həm Seyid Oqtayı, həm də Abdulla Məmmədovu Dövlət Təhlükəsizlik Komitəsi xeyli incidir, amma söhbət ətraf rayonlara da yayıldığından məsələni çox açıb-ağartmırlar.


At kuzova, Gorusda düzəldərik

Keçən əsrin 50-ci illərində Keçəlməmmədli Qara Məhəmməd Birləşmiş Soltanlı kolxozunun sədri imiş. Məhəmməd kişi təşkilatçılığı ilə məşhurmuş, heç vaxt da vədə verdiyi yerə gecikməzmiş.


Kolxozun bir “polutorka”sı (tonyarımlıq yük maşını) varmış. Yay vaxtı ferma yaylağa köç edibmiş. Məhəmməd kişi ferma işçilərinə həm ərzaq aparmaq, həm də yaylaqdakı vəziyyəti yoxlamaq üçün yola çıxır.
“Polutorka”nın kuzovuna on-on beş kisə un, üstündən də o ki var xiyardan, pomidordan yığdırır. Maşın zarıldaya-zarıldaya Qərbi Azərbaycanda olan fermalara tərəf yola düşür. Gorusa 20-25 kilometr qalmış “polutorka”nın sürücüsü İsmayıl maşını saxlayır, düşüb kapotu açıb baxır, başını bulayıb Məhəmməd kişiyə deyir:


- Yoldaş sədr, maşının radiatoru dağılıb.


Məhəmməd kişi acıqlı-acıqlı İsmayılın üstünə qışqırır:


- Sən nə danışırsan ə! Oynama orda, camaat bizi gözləyir. Cəhənnəmə dağılsın, gora dağılsın! Çıxart, at kuzova, Gorusda düzəltdirərik!  


O vaxtdan bu söz düşüb Soltanlı camaatının ağzına. Tələsik bir iş olanda deyirlər: oynama, nədisə, çıxart at kuzaya, Gorusda düzəltdirərik!


Ondansa, gedib öskürərəm

Cəbrayılda kəlmələri dillər əzbəri olan məşhur adamlardan biri də Cəbrayıl şəhər orta məktəbin müəllimi Tofiq Əliyevdi. Tofiq müəllimin “hökumət dərmanı”ndan həmişə zəhləsi gedib.


Bir dəfə Tofiq müəllim naxoşlayır. Öskürək onu cana yığır. Özü bildiyi, tanış-bilişin məsləhət elədiyi təbii üsulların hamısını sınaqdan çıxarır, xeyri olmur. Əlacsız qalıb aptekə yollanır. Elə öskürə-öskürə keçir birbaşa aptek müdirinin yanına:


- Akif doxdur, sən canın bax gör neyləyirsən, nə illah eləyirəm, bu zəhrimar öskürək məndən əl çəkmir.


Akif həkim bir tabletka çıxarıb ona verir:


- Bu, ən yaxşı dərmandi, Tofiq müəllim, həm tez təsir eləyir, həm də ən ucuzudu.


Tofiq müəllim “sağ ol” deyib həb qutusunu cibinə qoyur, 20 qəpik çıxardıb piştaxtanın üstünə atır:


- Bəs eləyər?


Akif həkim tərəddudlə:


- Tofiq müəllim, vallah, budey, üstündə qiyməti yazılıb, bunun qiyməti 1 manat 35 qəpikdi.


- Nə qədər?! 1 manat 35 qəpik?!!

Tofiq müəllim cibindən dərman qutusunu çıxardıb hirslə piştaxtanın üstünə çırpır:

- Rədd elə o yana, o qədər pulu ona verincə, gedib öskürərəm!

O vaxtdan Cəbrayılda bazarcı-dükançı müştəriyə baha qiymət oxuyanda, müştəri deyər: “Yox, almadım, ondansa, gedib öskürərəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir