Modern.az

FİFA və UEFA prezidentləri Bakıdadır

FİFA və UEFA prezidentləri Bakıdadır

5 İyun 2011, 22:42


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul edib.
Dövlət başçısı Yozef Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı Yozef Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırladıb. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirib.
FİFA-nın prezidenti Yozef Blatter ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlət başçısına minnətdarlığını bildirib.
Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.

Modern.az AFFA-ya istinadən bildirir ki, iyunun 6-da, saat 18:30-da, «Excelsior» otelində FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Azərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi