Modern.az

Xocavənd işğal olunan gün... Qanlı hadisənin şahidi 25 il əvvəldən DANIŞIR  

Xocavənd işğal olunan gün... Qanlı hadisənin şahidi 25 il əvvəldən DANIŞIR  

2 Oktyabr 2017, 14:48

Bu gün Xocavənd rayonunun işğalından  25 il keçir. Rayon 2 oktyabr 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

 

“Sanki hər şey hansısa faciənin baş verəcəyini duyururdu” 


Keçmiş döyüşçü, Qarabağ müharibəsi veteranı Elxan Namazov  həmin hadisələrlə bağlı xatirəsini Modern.az-la bölüşüb. 


O bildirib ki, həyatda elə günlər, elə tarixlər var ki, üzərindən illər keçsə də  yaddaşlardan silinmir və sanki bu gün olmuş kimi xatırlanır: 


“1 oktyabr 1992 -ci il.  Həmin gün  yeni yaradılan  və  Kuropatkin kəndindəki üzüm emalı zavodunun birinci mərtəbəsində müvəqqəti məskunlaşan  Xocavənd rayon İcra Hakimiyyətində növbəti toplantı keçirilirdi. Daim atəş altında olmasına baxmayaraq, İcra Hakimiyyətinin fəaliyyət göstərməsi üçün seçilmiş bu yer nisbətən təhlükəsiz hesab edilirdi.  Yeni icra başçısı təyin olunan Eyvaz Hüseynov elə ilk gündən elan etmişdi ki, " kim iş, vəzifə istəyirsə, Kuropatkinə gəlsin". Mən daim Eyvaz müəllimi müşayiət edirdim. Toplantıdan  sonra o bildirdi ki, qaldırılmış müəyyən məsələlərlə bağlı günün ikinci yarısında Ağdaşa gedəcəyik. Onunla  Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Veys Məmmədov arasında yaxın dostluq münasibətləri var idi və problemlərimizin həllində Ağdaş da,ağdaşlılar da həmişə yanımızda idilər. Veys müəllim Muğanlıda Ağdaşdan olan könüllülərin rəhbəri idi və dəfələrlə bizimlə birgə  döyüşlərdə  olmuşdu.

 

Toplantıdan sonra  Eyvaz müəllimin əmisi oğlu Müşfiqin idarə etdiyi “Niva” maşını ilə birbaşa Muğanlıya, onun ata evinə getdik. Kənddə ölü bir sükut hökm sürürdü. Sanki canlı, cansız hər şey pis bir hadisənin, hansısa faciənin baş verəcəyini duyurdu və gözləyirdi. Kəndə çatanda  Müşfiq qonşudakı öz evlərinə, biz isə Eyvaz müəllimgilin həyətinə keçdik. Həyətdəki ağaclarda əla nar var idi, bilirdim ki, Eyvaz müəllim narı sevir. Xeyli  nar yığdım və birlikdə  doyunca yedik. Eyvaz müəllim həmişə olduğundan daha qayğılı görünürdü. Kəndin üzərinə çökmüş dəhşətli sükut və hüzn onun da əhvalına sirayət etmişdi. Hər şeyə, hər tərəfə dərin bir həsrətlə nəzər salırdı. Sanki doğulub boya-başa çatdığı kəndində sonuncu dəfə olduğu ürəyinə dammışdı. Həyətdən çıxıb gəldik kənddə yerləşən batalyonun  qərargahına. Qərargah kəndin aşağısında Quliyev İzahət Bostan oğlunun evində yerləşirdi. Batalyon komandiri mayor Abdurrəhman Əsgərov da orda idi. Ümumi vəziyyətlə bağlı bir xeyli söhbətdən sonra onlar qərargah yerləşən evin arxasındakı təpəyə çıxdılar.  Buradan  ermənilərin möhkəmləndiyi Plotəpə  yüksəkliyi aydın görünürdü və orada bir buldozerin işlədiyi açıq şəkildə müşahidə olunurdu.
Eyvaz müəllim Əsgərova dedi ki, o buldozeri vurmaq lazımdı, niyə dayanmısınız? Batalyon komandiri isə öz növbəsində  bildirdi ki, “ tı çto, bilmirsiniz ki atəşkəs var? Tapşırıq ciddir, atəşkəsi pozsam, məni güllələyərlər".
Belə ki, sentyabr ayının 25-də atəşkəs elan olunmuşdu və bir güllə belə, atılmırdı. Buna baxmayaraq, Eyvaz müəllim yenə də israrla dedi ki, o buldozeri təcili məhv edin, yoxsa sabah həmin yerdən erməni tankları başımıza od ələyəcək. Əsgərov isə yazıq bir görkəm alaraq bildirdi ki, “məni başa düşün, edə bilmərəm, tapşırıq var, bir güllə atsam, məni güllələyərlər”.
Doğurdan da həmin vaxt həqiqətən  bizim batalyona  və komandirə güclü təzyiqlər var idi. Sanki Eyvaz muəllimin də ona yazığı gəldi, xeyli baxdı və bildirdi ki, təcili olaraq briqadaya, komandanlığa  məlumat verin, tədbir görsünlər,  həmin texnikanı orada işləməyə  qoymaq olmaz, o düşmən tanklarının  atəş açması üçün yer hazırlayır.

Cəmi bir gün sonra məlum olduki,  Eyvaz müəllim haqlıymış, məhz həmin yerdən düşmən tankları bütün  mövqelərimizə çox rahat şəkildə  atəş açırdı. Bu, bizim Əsgərovla son görüşümüz  oldu”.

 

 
"...kəndlər getdi,  ürəyimə dammışdı, kaş ki gecə kəndə gedəydik!"

 

“Günün ikinci yarısı  Muğanlı kənd sakini, Xocavənd özünümüdafiə dəstəsinin yaradıcılarından biri, Eyvaz müəllimin yaxın dostu Quliyev Aslanla birlikdə Ağdaş rayonuna  getdik, Veys müəllimlə görüşdük. Onlar öz aralarında problemlər və cəbhədəki vəziyyətlə  bağlı xeyli söhbət etdilər. Gecə saatlarında geri qayıtdıq və çox gec olduğu üçün kəndə  qayıda bilmədik, gecəni Ağcabədidə qalası olduq.
Oktyabrın 2-si sübh tezdən ermənilərin hücum etməsi ilə bağlı xəbəri aldıq. Eyvaz müəllim dərindən köks ötürdü və təəssüf hissi ilə bildirdi ki, "...kəndlər getdi,  ürəyimə dammışdı, kaş ki gecə kəndə gedəydik!".
Həmkəndlimiz, hazırda rayon Maliyyə şöbəsinin müdüri vəzifəsində çalışan İbrahim Həsənov  “Niva” maşınını işə saldı, Aslanla mən arxada, Eyvaz müəllim qabaqda oturdu və biz birbaşa batalyonun ehtiyat qüvvəsinin yerləşdiyi peşə məktəbinə gəldik. Orada Eyvaz müəllim lazımi tapşırıqlar verdikdən sonra sürətlə Muğanlı istiqamətində hərəkət etdik. Ağcabədi rayonunun Salmanbəyli kəndinə gedən yolda Qarabağ kanalının üzərindəki körpüdə polislər dayanmışdı və heç kimi irəliyə buraxmırdılar. Artıq hər tərəfə xəbər yayılmışdı, insanlar nə baş verdiyini öyrənmək üçün körpünün üzərinə toplaşırdılar, eyni zamanda döyüş bölgəsindən yaralılar gətirilirdi. Polis əməkdaşları körpünün üzərindəki qarışıqlığın, sıxlığın tənzimlənməsində əməlli-başlı çətinlik çəkirdilər. Eyvaz müəllim polislərə möhkəm əsəbləşdi və biz bu sıxlıqdan çətinliklə də olsa çıxıb sürətlə yuxarıya doğru hərəkət etdik. Az bir vaxtdan sonra biz artıq Nərgiztəpədə idik.
Hər tərəfdən atəş səsləri gəlirdi. Erməni tankları Qaraçuğ dağı ilə Böyükoxlu istiqamətində hərəkət edirdi. Ermənilər demək olar ki, hər bir santimetri artileriya atəşinə tuturdular. Nərgiztəpədə bizi Xocavənd Polis şöbəsinin əməkdaşları və rəis müavini mayor Orucov Əlövsət qarşıladı. Eyvaz müəllim Əlövsətdən soruşdu ki, Kuropatkində kim var, o cavab verdi bizimkilərdir. Bu cavabı eşidən kimi o, Nərgiztəpədən aşaraq Kuropatkin kəndi istiqamətinə getməyə başladı. Mənə elə gəlir ki, Eyvaz müəllim bir an belə düşünmədi ki, onun ardınca gələn var ya yox. Mən və Aslan da istər-istəməz onun arxasınca çıxdıq. Təəsüf ki, orada olan polislərdən bir nəfər də olsun bizimlə gəlmədi. Mərmilər isə göydən yağış kimi yağırdı.

Nərgiztəpədən təxminən bir kilometr öndə artezian quyusu  və müxtəlif  köhnə tikililər var idi.  Kuropatkin kəndindən olan xeyli  adam nisbətən təhlükəsiz  olduğu üçün orada yaşayırdı. Biz  ora çatanda Kuropatkin kənd sakini Cəfərov Zahidin idarə etdiyi  “Belarus” markalı traktorun qoşqusunda təxminən 20 nəfərə yaxın qadın, uşaq və yaşlı insan gördük. Onlar tez bir zamanda bu cəhənnəmdən uzaqlaşmağa çalışırdılar. Məlum oldu ki, Zahidin bütün cəhdlərinə baxmayaraq, traktor işə düşmür. Hər tərəfin ardıcıl olaraq atəşə tutulmasına baxmayaraq, xoşbəxtlikdən atılan mərmilər bu sahəyə düşmürdü. Dayanmaq, gözləmək olmazdı. Qərara gəldik ki, traktoru bir balaca itələyib enişə doğru hərəkət etdirək ki, işə düşsün. Buna cəhd eləsək də, alınmadı, bu, üç nəfərin işi deyildi.  Qoşqunun içərisində olan qadınların, uşaqların çığırtısından qulaq tutulurdu. Elə bil Allah bizə güc verdi. Biz üçümüz və bir də  Zahid traktorun təkərlərindən yapışdıq və "Ya Allah!" deyib güc verdik, traktor yerindən sanki bir balaca tərpəndi, Biz dayanmadan, demək olar ki, ayaqlarımız və dizlərimiz yeri eşə- eşə çiyinlərimizlə  təkərlərə güc verdik, sanki möcüzə baş verdi və traktor yerindən tərpənməyə başladı, 4-5 metr getdikdən sonra enişə çatdı və Zahid qaçaraq traktora mindi, bir azdan sonra traktor  artıq xeyli uzaqlaşmışdı. Dərindən nəfəs alıb, yenidən  Kuropatkin istiqamətində hərəkətə başladıq. Bir az getmişdik ki, arxadan eşidilən partlayış səsinə geri döndükdə, dəhşətə gəldik. Mərmi  bir az əvvəl traktorun dayandığı yerə düşmüşdü. Bir az irəlidə  Xonaşen çayının üzərindəki körpünün yaxınlığında “Qoşa ev” deyilən iki ev var idi. Bu evlərdə Kuropatkin kəndindən Mirzəliyeva Səkinə, Quliev Əbülfət və Cəfərov Vahid ailələri ilə birlikdə yaşayırdılar. On iki uşağı olan  Mirzəliyevlər ailəsinin başçısı özbək Vahid olduqca  mehriban insan  idi.  Milliyətcə özbək olmasına baxmayaraq, yerli insanlarla tamam qaynayıb-qarışmışdı. 
Kənddə qalmaq təhlükəli olduğu üçün bu ailələr xeyli əvvəldən yığışıb burada yaşayırdılar.  Həmin evlərə çatmağa təxminən 100 metr qalmış gördük ki, oradan yedəkli motoskilet sürətlə Kuropatkin istiqamətinə çıxdı. Biz nə qədər qışqırdıq, çağırdıq, fit verdiksə, eşitmədilər və getdilər. Sonradan bildik ki, onlar özbək Vahid, Əmirallar kəndindən Axundov Müslüm və Muğanlı kəndindən Ayaz Quliyev imiş. Onlar kəndə çatmağa xeyli qalmış,  Kuropatkin kəndinin qəbiristanlığı yerləşən ərazidə ermənilər tərəfindən atəşə tutulmuş, Vahidlə Müslüm şəhid olmuş, Ayaz isə  çətinliklə salamat qala bilmişdi. Əgər bizi eşidib motosklieti saxlasaydılar, bizim də taleyimiz yəqin ki, onlarınkı kimi olacaqdı.
Qoşa evə çatanda Səkinə ağlaya-ağlaya qarşımıza çıxdı. Artıq İbrahim də “Niva” maşını ilə gəlib ora çıxdı. Səkinənin və Əbülfətin uşaqlarından bəlkə də onunu demək olar ki, basa-basla  maşına doldurduq və Eyvaz müəllim onların tezliklə buradan uzaqlaşdırmağı İbrahimə tapşırdı.  Körpünü keçdik və yenə də Kuropatkin istiqamətində qaçaraq addımlamağa başladıq. Səkinə arxamızca düşdü və Eyvaz müəllimə yalvardı ki,  "Eyvaz qadan alım, başına dönüm, getmə, səni öldürəcəklər, başsız qalacağıq". Eyvaz müəllim  ona acıqlandı və geri qayıtmasını tapşırdı”.

 

“Həyatımızın ən ağır günləri...”

 

“İrəli getməkdə davam edirdik. Sol tərəfimiz Xonaşen çayı, sağımız isə üzüm bağları idi. Kuropatkin kəndinin qəbiristanlığı yerləşən  yüksəklikdə əsgərlər görünürdi. Eyni zamanda bir ədəd sarı UAZ maşını var idi. Düşündük ki, bu, “kombat” Əsgərovun xidməti maşınıdır və yəqin ki elə o idi, çünki sonradan öyrəndik ki, o, bilmədən gəlib məhz burada ermənilərin mühasirəsinə düşmüş və sona kimi döyüşərək, şəhid olmuşdu. UAZ maşınla bərabər, burada əsgərlər və ekskovatorun işlədiyi də aydın görünürdü. Biz də demək olar ki, qaça- qaça həmin istiqamətdə gedirdik. Aslan bizdən bir az arxada idi, sadəcə çatmağa çətinlik çəkirdi. Qeyd etdiyim hərbçilərlə bizim aramızda təxminən 300 metr məsafə qalmış olardı. Qəflətən Eyvaz müəllim qışqırdı ki, "dayanın, ermənilərdir, tez girin  bağa".
Deməli ermənilər bizi görürmüşlər və sakit şəkildə onlara yaxınlaşmağımızı gözləyirmişlər. Sürətlə üzüm bağına girmək və sürünə -sürünə uzaqlaşmaqdan başqa yolumuz yox idi. Biz üzüm bağına dönən kimi  ermənilər bizi atəşə tutdular. Artıq tam aydın idi ki, onlar arxayın şəkildə bizi gözləyirmişlər. İndi isə dayanmadan bizə atəş açırdılar və xoşbəxtlikdən başımıza yağan güllələr bizə dəymədi. Çətinliklə də olsa Qoşa evə çatdıq. Orada ermənilərin olduğunu Eyvaz müəllim ermənilərə məxsus olan məhşur göy çadırlı KAMaz maşınını sırf təsadüf nəticəsində görəndə bilmişdi. Həmin bu KAMaz daim erməni postlarına gəlib-gedirdi və bizə o maşını tutmaq və ya məhv etmək tapşırığı verilsə də, müxtəlif səbəblərdən bunu icra edə bilməmişdik.  

 

Səkinə arvad durmadan ağlayır, özünü döyürdü. Bizi görəndə hamımızı qucaqladı və dedi ki, elə bildim sizi də öldürdülər.O, həyat yoldaşının orda qalmasını unudaraq bizim sağ- salamat qayıtmağımıza sevinir və dayanmadan ağlayırdı. Biz onu güclə sakitləşdirdik  və onlara məxsus  25 başa yaxın  qoyunu da qabağımıza qatıb yağış kimi yağan mərmilərin altında Nərgiztəpəyə gəldik. Burada bir nəfər də polis qalmamışdı, yəqin ki, ermənilərin əlinə düşdüyümüzü zənn edərək, çıxıb getmişdilər. Həyatımızın ən ağır günləri idi... Demək olar ki, bir həftə yatmadıq,   bir tikə çörək belə, yemədik. Batalyon komandirinin müavini Əbülfət Hüseynovu müalicədən yarımçıq geri çağırdıq, əsgərləri topladıq və yenidən toparlandıq!”.                     

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi