Modern.az

Azərbaycan yay və qış vaxtına keçidi ləğv etməklə nə qazandı, nə itirdi...  

Azərbaycan yay və qış vaxtına keçidi ləğv etməklə nə qazandı, nə itirdi...   

4 Oktyabr 2017, 09:20

Artıq bir müddətdir, Azərbaycanda  yay və qış vaxtına keçid tətbiq edilmir. Zaman-zaman bununla əlaqəli narazılıqlarını ifadə edənlərin şahidi oluruq. Görünür, əksəriyyət hələ də bu rejimə öyrəşə bilmir.

Qeyd edək ki, 2016-cı ilə kimi hər ilin yaz və payızında Azərbaycan hökuməti saatların əqrəbini bir saat irəli və geri çəkərək, yay və qış rejiminə keçid tətbiq edirdi. Konkret olaraq hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə qış vaxtına keçirilirdi. Lakin  Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə saat əqrəbinin irəli-geri çəkilməsi dayandırıldı və Azərbaycan elə həmin müddətdə yay vaxtına keçid baş vermədi. Dolayısı ilə Azərbaycan qış rejimində qaldı.



Bəziləri düşünürlər ki, bu səhv qərar idi və Azərbaycanın Rusiyaya baxıb yay-qış rejimlərinə keçməkdən imtina etməsi düzgün variant deyildi.


Maraqlıdır, Azərbaycan saat əqrəbinin irəli-geri çəkilməsini dayandırmaqla nə qazandı və ya nə  itirir?

Saatların çəkilməməsi  iş müddətinin uzadılmasına səbəb olub

İqtisadçı alim Vüqar Bayramov Modern.az-a bildirib ki, yay və qış vaxtına keçid enerjiyə qənaət edilməsi baxımından vacib idi:


“Saatların irəli-geri çəkilmə prosesi bir sıra ölkələrədə dayandırılıb. Buna rəğmən Amerika Birləşmiş Ştatları, Avropa ölkələri və əksər inkişaf etmiş ölkələr saatların çəkilmə mexanizmindən istifadə edir. Əslində bu praktikanın tədqiq edilməsində əsas məqsəd enerjiyə qənaət edilməsidir. Bu, iqtisadi və o cümlədən digər sektoralar üçün də münasibdir. Hətta ABŞ buna təhlükəsizlik aspektindən də yanaşır. Yəni  bu üsulla şagirdlərin dərsə gedib-gəlməsində havanın işıqlılığı baxımından təhlükəsizliyə əməl etmək mümkündür.

Eyni zamanda, saatların çəkilmə prosesinin dayandırılması aqrar və xidmət sektorunda iş müddətinin uzadılmasına gətirib çıxarıb. Saatın əqrəblərinin irəli çəkilməsi aqrar sektorda işin daha tez başlamasına səbəb olurdu. Eyni zamanda, işin daha gec bitməsi xidmət sektorunda da iş müddətinin uzadılması baxımından vacibdir".

Saat əqrəbləri yenidən  geri və irəli çəkilməlidir

İqtisadçı alim  qeyd edib ki, Avropa ilə 2 saatlı  fərqi qoruyub saxlamaq daha məqsədəuyğundur:


“Bilirsiniz, iki ildir Azərbaycan da yeni sistemə keçid edib. Sözsüz, bunun tərəfdarları və buna qarşı çıxanlar var. Amma  biz həm iqtisadi, həm də siyasi baxımından Avropa məkanına daha yaxınıq. Avropa ölkələrində saatların çəkilmə prosesinin baş verdiyini nəzərə almaq lazımdır. Eyni zamanda, Avropa ölkə ixracatının ən əhəmiyyətli məkanıdır. Ümumi ticarət gəlirinin təxminən 40 faizi Avropanın payına düşür. Ona görə düşünürəm ki, Avropa ilə 2 saatlıq fərqi qoruyub saxlamaq daha məqsədəuyğundur. Bunun üçün isə saatların yenidən geri çəkilməsinə ehtiyac var.

Digər tərəfdən bilirsiniz ki, “Qarabağ” futbol klubumuz, Çempionlar Liqasında, milli komandamız Avropa çempionatında təmsil olunur. Əhalinin əksəriyyəti buna baxır. Lakin oyunlar gec başlayır və nəticə olaraq insanlar gec yatırlar. Bu zaman növbəti iş günü yorğunluq müşahidə olunur. Saat fərqi 3 saat olanda ümumiyyətlə iş məhsuldarlığına təsir göstərir. Amma 2 saatlıq fərqi qoruyub saxlasaq, yalnız nəqliyyat və ticarət əlaqələri baxımından deyil, həm də əmək qabiliyyətli əhali üçün də məqsədəuyğundur. Bu baxımdan saat əqrəblərinin geri və irəli çəkilməsinin tərəfdarıyam".

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub