Modern.az

Elmlər Akademiyası özəlləşdirilə bilməz - AÇIQLAMA

Elmlər Akademiyası özəlləşdirilə bilməz - AÇIQLAMA

4 Oktyabr 2017, 12:50

“Elm haqqında” qanunun 30-cu maddəsinə əsasən dövlət elmi müəssisələri müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında, profilini saxlamaq şərti ilə özəlləşdirilməyə açıq elan oluna bilər.

Həmçinin qeyd olunub ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri özəlləşdirilə bilməz.

 

İndiyədək elmi-tədqiqat sahəsində fəaliyyət göstərən iki müəssisə (Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutu və “Azərikimya” Dövlət Elmi Tədqiqat Kimya İnstitutu) özəlləşdirilib.

 

Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutu səhmdar cəmiyyətinə çevrilib. Onun səhmlərinin təxminən yarısı satılsa da, nəzarət zərfi 10 ildir ki, özəlləşdirməyə çıxarılmayıb. “Azərikimya” Dövlət Elmi Tədqiqat Kimya İnstitutu kiçik müəssisə kimi satılıb.

 

Qeyd etdiyimiz kimi dövlət elmi müəssisələri profilini saxlamaq şərtilə özəlləşdirilir. Bu zaman həmin müəssisələrin əməkdaşları payların 15 faizini güzəştli şəkildə alırlar. Yerdə qalan payların 30 faizi də ilk növbədə onlara təklif olunur.

 

Qüvvədə olan qaydalara görə, müəssisənin 55 faizi ixtisaslaşdırılmış pul hərracına çıxarılır.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü  Asim Mollazadə Modern.az saytına qanunla bağlı  müvafiq elmi müəssisələrin özəlləşdirilə biləcəyini deyir.

 

“Hazırda dünya  təcrübəsi onu göstərir ki, bir sıra elmi sahələrdə uğurlar, eləcə də, praktik sahəyə aidiyyatı olan elmi araşdırmalar özəl müəssisələr tərəfindən həyata keçirilir. Bu  daha effektivdir. Eyni zamanda, dövlət xərclərinin büdcədən maliyyələşməni azaldaraq  yüksək elmi araşdırmaların keyfiyyətini artıra bilər. Bu təcrübə dünyada da mövcuddur”.

 

Asim Mollazadənin sözlərinə görə,  Azərbaycanda da qanunvericilik belə bir elmi fəaliyyətə icazə verib.

 

“Azərbaycanda belə müəssisələr var. Fundamental kəsb edən,  dövlət təhlükəsizliyi ilə bağlı olan sahələr özəlləşdirilə bilməz. Bir neçə dövlət əhəmiyyətli sahələr bura daxildir. O cümlədən,  Geologiya neft-kimya kimi sahələr özəlləşdirilə bilməz. Azərbaycan Milli Elmlər Akademiyası da özəlləşdirilə bilməz. Çünki bura müəssisə deyil”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir