Modern.az

Qeyri-ənənəvi dini icmalarla bağlı rəsmi AÇIQLAMA: “Hamısı destruktiv deyil”  

Qeyri-ənənəvi dini icmalarla bağlı rəsmi AÇIQLAMA: “Hamısı destruktiv deyil”  

Aktual

9 Oktyabr 2017, 11:21

Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur.

Ölkəmizdə təşkilat məsələlərində islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedir. Həmçinin qeyri-müsəlman dini  icmalarının Azərbaycanda və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə tabe olmaq və tabeliyini dəyişdirmək hüququ  var.

 

Maraqlıdır, hazırda Azərbaycanda nə qədər ənənəvi və qeyri-ənənəvi dini icmalar fəaliyyət göstərir?

 

Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov Modern.az-a açıqlama verib:

 

“Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də din sahəsi ilə bağlı digər qanunvericilik bazası etiqadından asılı olmayaraq vətəndaşların vicdan azadlığının təmin edilməsi və qorunması prinsipləri üzərində qurulub. Dövlətin din siyasəti də məhz bu qanunvericiliyi prioritet sayır, vətəndaşların əqidə seçiminə hörmətlə yanaşır, eyni zamanda bərabərhüquqlu şərait yaradır.

 

Dini icmaların “ənənəvi” və “qeyri-ənənəvi” formada təsnifatına gəlincə, bu ictimai-siyasi, yaxud hüquqi mahiyyət daşımır, bu yalnız tarixi-kulturaloji konteksdə başa düşülməlidir. Dolayısı ilə Azərbaycanda dini icmalar şərti olaraq “ənənəvi” və “qeyri-ənənəvi”lərə bölünür. Bu baxımdan tarixən Azərbaycanda İslam ilə yanaşı, Xristianlığın rus-pravoslav, gürcü-pravoslav, katolik, Alban-Udi, eləcə də yəhudi icmaları mövcud olub. Onlar ölkəmiz üçün ənənəvi dini icmalar kimi xarakterizə olunur. Digərləri isə ölkəmizdə nisbətən yeni yarandıqlarına görə qeyri-ənənəvi dini icmalar sayılır”.

 

Ə.Zülfüqarov qeyd edib ki, dövlətin dini icmalara münasibəti mövcud qanunlara əməl edib-etməməsinə görədir:

 

“2009-cu ildə dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 783 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların  755-i İslam, 28-i isə qeyri- İslam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

 

Lakin bəzən cəmiyyətdə yanlış olaraq belə fikir formalaşır ki, guya qeyri-ənənəvi dini icmaların hamısı qəbuledilməzdir, yaxud da fəaliyyətləri destruktiv mahiyyət daşıyır. Belə yanaşma doğru sayılmır. Yenə də o fikri vurğulayırıq ki, dövlətin dini icmalara münasibəti onların ənənəvi və ya qeyri-ənənəvi olmasına görə deyil, mövcud qanunlara əməl edib-etməməsinə görədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi