Modern.az

“Aprel şəhidləri”nin yolu gənclərə nümunə göstərilir  

“Aprel şəhidləri”nin yolu gənclərə nümunə göstərilir   

10 Oktyabr 2017, 11:10

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Aprel şəhidləri” ilə bağlı daha bir layihə gerçəkləşdirir.

Modern.az xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə 2016-cı ilin aprel döyüşlərinin şəhidləri və bu döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin ictimaiyyətə  tanıdılmasına hesablanıb.

Məqsəd xüsusən də gənclər arasında vətənpərvərlik və milli şüur hissinin gücləndirilməsi sahəsində maarifləndirilmə işi aparmaqdır. Bunun üçün aprel döyüşü şəhidlərinin ailələri, hərbçi yoldaşları ilə görüşlər keçiriləcək, aparılan söhbətlər əsasında KİV-də yayımlamaq üçün informasiyalarla zəngin yazılar dərc ediləcək, fototəqdimatlar olacaq.

İctimai Birlik hesab edir ki, “Aprel şəhidləri” və aprel döyüşündə qəhrəmanlıq göstərmiş hərbçilərimizin mübarizə yolunu cəmiyyətə örnək, gənclərə nümunə göstərmək çox vacibdir.

“Aprel döyüşlərində Azərbaycan Ordusu əsl peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi, onlarla şəhid verdi, xeyli əsgər və zabitimiz yaralandı. Onlar Azərbaycan cəmiyyətinə vətənpərvərlik, fədakarlıq, məğlubedilməzlik nümunəsi göstərdilər.
Torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olduğunu nəzərə alsaq, şəhid və qəhrəmanlarımızın adının yaşadılması, hər fürsətdə onlardan bəhs edilməsi yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya məhəbbət ruhunu möhkəmləndirə, düşmə­nə isə ni­frət hissləri gücləndirə bilər. Hərbçilərimizin mübarizə yolunu cəmiyyətə örnək, gənclərə nümunə göstərməliyik. Çünki Azərbaycan cəmiyyətində, ailələrdə vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə olmadığından, ciddi narahatlığa əsas var”,- deyə İB-nin yaydığı məlumatda vurğulanır.

Layihə çərçivəsində “Aprel şəhidləri”nin barəsində yazılar dərc edilmiş qəzetlərin təhsil ocaqlarında pulsuz yayılması da təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir