Modern.az

O “dahilər”, bu “seçilmişlər”, “çoxbilmişlər”…

O “dahilər”, bu “seçilmişlər”, “çoxbilmişlər”…

Aktual

11 Oktyabr 2017, 14:17

Hidayət Elvüsal


Bəzən elə sözlər eşidirsən ki, səviyyəsizliyin, savadsızlığın, daha nə bilim nələrin, hansı cəhətlərin necə çat verməsinə təəssüf edirsən. Ekranda azmı görmüşük? Səhnəyə addım atan, amma hələ də süründüyünün fərqində olmayan birisi, proqramda iştirak edən, sıradan ifaçını göstərib deyir:

- Burada dahi sənətkarımız əyləşib.

Bu “dahi sənətkar” və ya sənət adamları sadəcə olaraq, dediyimiz kimi sıradan bir insanlardır. Yaxşı səsləri var, istedadları var - oxuyurlar. Allahçünə, pis də oxumurlar. Amma onlar dahi deyil axı. Biz Cabbar Qaryağdıoğluna, Seyid Şuşinskiyə, Xan əmiyə, Yaqub Məmmədova, Qədir Rüstəmova, Əlibaba Məmmədova, Arif Babayevə, Zeynəb xanıma, Şövkət xanıma, Rübabə xanıma, Flora xanıma, İlhamə xanıma… Bülbülə, Rəşidə, Akif İslamzadəyə… dahi demədik. İndi nə oldu da sünnət toylarında, xınayaxdılarda, orda-burda oxuyan sıra adamlarına “dahi” deyildi? Və ən ağırı da budur ki, toyxanalardan savayı bir ifa meydanı görməyən o “dahi” cılızlar, deyilən komplementi rahat-hülqum kimi qəbul edirlər.

Belə səviyyəsizlər hazırlıqsız dinləyicini, tamaşaçını, oxucunu da çəkib, öz səviyyələrinə endirmək çabasındadırlar. Həm də bilərəkdən və bilməyərəkdən. Təsəvvür edin, opera tamaşası başlanır - “Leyli və Məcnun”, mükəmməl bir səhnə incisi. Tamaşa qurtarır və bayaqdan bəri hər epizodda az qala ağlayan birisi bütün hər şeyi bircə kəlmə ilə alt-üst edir:

- Öz aramızdı, Məsum yaxşı oxudu.

Vəssalam! Di gəl bunu başa sal ki, ay evi tikilmiş, bu konsert deyildi, teatr idi, tamaşa idi. Məsum yalnız oxumurdu, obraz yaratmışdı, Məcnun olmuşdu, məhəbbətin zirvəsinə qalxmışdı.

Deyə bilmirsən. Ona görə ki, o səhnədəki personajlardan birinin zil səslə oxumasını alqışlayırdı. O, tamaşaya yox, konsertə gəlmişdi - “Leyli və Məcnun” konsertinə.

Bax, bu hazırlıqsız insanlar ekranda “dahi” adlandırılan, sıradan sənətçilərə elə deyildiyi kimi baxırlar. Söz deyənin, söz eşidib susan “dahinin” və bu sözə inanan insanın səviyyəsi eynidir. Səhv etmirəmsə fizikada belə bir qanun var - birləşmiş qablarda (hər birinin ölçüsü müxtəlif olsa da) suyun səviyyəsi eyni olur.

Oxucunu yormayım.

Bir də “seçilmişlər” var. Bunları kim seçib, necə seçib, məlumdur. Amma iki-üç şeir, ya da mahnı, hekayə, rəsm əsəri, rol ifaçısı… deyəndə ki:

- Biz seçilmişlərik, - qalırsan mat-məəttəl.

Demək istəyirlər ki, əstəğfürullah, onlar guya Tanrı tərəfindən seçiliblər. Halbuki, sahib olduqları məhsul brakdır, çiydir. Daha burda nə seçilmək? Bir müğənni xanımı səs yarışmasında, sıradan ifaçılar, uzmanlar tərəfindən seçilməsi ilə, Tanrının seçməsi ayrı-ayrı qavramlardır. Bu xanımı daha sonra “sponsoru” seçir, Tanrı yox. Təbii ki, bu, hər kəsin ünvanına deyilə bilməz. Amma deyilə bilənləri kim tanımır ki?!

Çox istədim ki, onlardan heç olmasa bir-ikisinin adını çəkəm. Çəkmədim. Ehtiyac görmədim. O bataqlığın qoxusu uzaqdan ürək bulandırır. Toyu sənətin zirvəsi bilənlərdən nə deyəsən axı? Qanarlarmı ki, seçilmişlər - Nizamidir, Füzulidir, Nəsimidir, Üzeyirdir, Səməddir, Rəsuldur, Məmməd Arazdır, Atatürkdür, Məmmədəmindir, Heydərdir… sən deyilsən. Sən sısqa, zəif bir quşcuğazsan. Və sənin “dahi” dediklərin sadəcə istedadlı bir ifaçı, şair, yazıçı, rəssam, bəstəkar, həkim… ola bilər.

Bayaq misal çəkdim, biz hələ də Rəşid müəllimin dediyi kimi Mirzə Cəlilin, Sabirin, Üzeyirin, Haqverdiyevin qoyub getdiyi yerdəyik.

İndi də falçılar, həkimlər daraşıb ekranlara. Hamısına müxtəlif TV-lərdə baxmısınız. İndi yenidən internetdə axtarın və məsələn, bağırsaq xəstəliklərini, yaxud qara, ya ağ ciyərin, ürəyin, problemlərini hər birindən ayrı-ayrılıqda təkrar dinləyin. Tək bircə sözləri, diaqnozları, məsləhətləri üst-üstə düşmür. Deməli, çoxu boş-boş danışır və ekrana çıxıb, xəstə “tutmaq” istəyir.

Hələ biri var. Uzun zamandır ki, üç-dörd bankanı masanın üstünə düzüb, boş-boş danışır. Özü də etiraf edir ki, həkim deyil. Sadəcə o bankadakı düyünü-zadı satmağa gəlib. Həkim olmayan bu alverçi, ya da elə tacir az qala Hippokratın bacısıoğlu kimi təbliğ olunur. Ay qardaş, bizə muncuq düzdürdülər, “piramida” oynatdılar, pulumuzu “bankda”, bazarda yedilər. Dərs olmadı? Bizim həmkarımız Ərşad Əzimovu çıxarın o düyüsatanın qabağına, görün nələr baş verir? Az qala “dahi” kimi təqdim etdiyiniz bu alverçi əfəndi, arxasına baxmadan gəldiyi yerə kimi arxasına baxmadan qaçır.

Hazırlıqsız insanlara səviyyəsiz musiqi, şeir, rəsm, dava-dərman… təqdim etməklə onları Novruzəlinin gününə salmağımız göz qabağındadır.

O “dahilər”, bu “seçilmişlər”, o biri “çoxbilmişlər”… uydurmadır.

Uydurmadır, ay millət, uydurmadır!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür