Modern.az

Əmək Müfəttişliyi: “Jurnalistin məzuniyyət huququnu pozan redaksiyaya xəbərdarlıq edirik”

Əmək Müfəttişliyi: “Jurnalistin məzuniyyət huququnu pozan redaksiyaya xəbərdarlıq edirik”

9 İyun 2011, 12:41

Dövlət Əmək Müfəttişliyi KİV redaksiyalarında Əmək Məcəlləsinə riayət edilməsi ilə bağlı monitorinqlər aparır

“Dövlət Əmək Müfəttişliyi Xidməti KİV redaksiyalarında Əmək Məcəlləsinə riayət edilməsi ilə bağlı daim monitorinqlər aparır”. Bu barədə Modern.az-a Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Nizami Əhmədov redaksiyada işləyən jurnalistlərin əmək hüququqlarının qorunmasına nəzarətlə bağlı sualı şərh edərkən bildirib.
N.Əhmədovun sözlərinə görə,  müfəttişlik hüquqi təşkilatların formasından asılı olmayaraq Əmək Məcəlləsinə riayət edilib-edilməməsini müəyyənləşdirmək üçün  daim dövlət nəzarəti həyata keçirir.

“Bununla bağlı daim monitorinqlər aparılır və burda KİV-lər də istisna hal təşkil etmir. Onlar da daim bizim nəzarətimizdədir və vaxtaşırı olaraq redaksiyalarda monitorinqlər həyata keçirilir”.

N.Əhmədov qeyd edib ki, monitorinqlərin nəticələrinə uyğun olaraq Əmək Məcəlləsinə riayət etməyən redaksiyalara əvvəlcə inzibati göstərişlər verilir. O, bu göstərişlərə əməl etməyən KİV-lərin cəzalandırıldığını bildirib. Sektor müdiri eyni zamanda müfəttişliyin cərimə qiymətlərinin də kifayət qədər yüksək olduğunu açıqlayıb. Bu cərimələr 20 və ya 25 min manat arasındadır.

“Monitorinqlərin aparılması zamanı təbii ki, hüquq pozuntuları üzə çıxır. Çox zaman əmək müqavilələrinin pozulması, vaxtaşırı ilkin tibbi müayinədən keçib-keçməməsi və icbarı sığortalanma hallarının pozulması halları ilə də rastlaşırıq. Jurnalistlər peşə vəzifəsini həyata keçirərkən həyatlarını riskə atırlar. Belə olan təqdirdə onların ailəsinin sonrakı taleyi necə olacaq? Ona görə onlar həyatlarını sığortalamalıdırlar, çünki sabahısı gün hər şey baş verə bilər”-deyə N.Əhmədov vurğulayıb.

Sektor müdiri işçilərin məzuniyyətə çıxmasının onunla bağlanan əmək müqaviləsində qrafiklə əks olunduğunu bildirib.
“Əgər monitorinqlər zamanı işçilərin məzuniyyət hüquqlarının pozulması hallarına rast gəlinirsə, o zaman rəhbərliyə icbarı göstəriş verilir, əməl edilmədikdə isə cərimələnir və işçinin məzuniyyət hüququ bərpa olunur”-deyə Nizami Əhmədov əlavə edib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub