Modern.az

Dünya Azərbaycanlılarının III Qurultayına 50 ölkədən 600 nümayəndə gələcək

Dünya Azərbaycanlılarının III Qurultayına 50 ölkədən 600 nümayəndə gələcək

Təhsil

9 İyun 2011, 12:52

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov Modern.az-a açıqlamasında iyulun 5-də Dünya Azərbaycanılıarının növbəti III qurultayının keçiriləcəyini deyib. Mətbuat xidmətinin rəhbəri qurultaya dəvət olunacaq şəxslərin siyahısının hələ tam dəqiqləşdirilmədiyini, amma yaxın günlərdə yekunlaşacağını bildirib.

 “2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 406 nümayəndə və 63 qonaq, 2006-ci ildə keçirilən II Qurultayda isə 49 ölkədən 593 nümayəndə və 388 qonaq dəvət olunmuşdu. Bu il keçiriləcək III Qurultayda isə təqribən deyə bilərəm ki, 50-ə yaxın ölkədən 600-ə yaxın nümayəndə dəvət olunacaq”. 

Mətbuat xidmətinin rəhbəri III qurultaya ayrı-ayrı ölkələrdən diaspor rəhbərləri, fəalları, üzvləri ilə yanaşı, qonaqların da dəvət olunacağını qeyd edib.

“Xarici ölkələrin dövlət və hökümət nümayəndələri, alimlər, ziyalılar, müxtəlif siyasi partiyaların üzvləri, eyni zamanda dövlət və hökümət nümayəndələri dəvətlilər arasındadır. O cümlədən mənşəcə azərbaycanlı olmasa da, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən şəxslər də dəvət olunacaqlar”.

 B.Nəzərov Dünya Azərbaycanlılarının III Qurultayında müzakirə olunacaq məsələləri də açıqlayıb. “III qurultayda ötən müddətdə, yəni 2006-ci ildə keçirilən II qurultayda qarşıya qoyulan məqsəd və vəzifələrinin nə dərəcədə yerinə yetirilməsinin hesabatı müzakirə olunacaq.  Daha sonra isə növbəti müddət üçün qarşıya hansı məqsəd və vəzifələrin, perspektiv üçün hansı işlərin görülə biləcəyi müəyyənləşəcək”. 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır