Modern.az

Qəzet redaktorları Alla Puqaçovanın konsertinə niyə getmək istəmir?

Qəzet redaktorları Alla Puqaçovanın konsertinə niyə getmək istəmir?

4 Sentyabr 2009, 17:22

Bu gün SSRİ və Rusiyanın xalq artisti məhşur müğğəni Alla Puqaçovanın Bakıda konserti olacaq. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan tamaşaçıları tərəfindən də sevilən sənətçinin konsertinə media kapitanları da gedəcəkmi? Bu məqsədlə bəzi qəzet redaktorlarının fikirlərini öyrənməyə çalışdıq.

Modern.az-ın müxbirilə söhbətdə «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı bu konsertə getməyəcəyini bildirib. O, A.Puqaçovanın yaradıcılığı ilə maraqlanmadığını deyib: «Bununla bağlı mənə hansısa xüsusi dəvət də olmayıb. Amma mən həzz aldığım yerlərə gedirəm. Qaldı ki, Alla Puqaçovanın konsertinə, bu, məni heç maraqlandırmır. 21-22 yaşlarımda onun yaradıcılığını izləyərdim. Düzdü, ondan zəhləm getmir, lakin hazırda onun ifalarından zövq almıram».
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı bu konsertin özü üçün heç bir əhəmiyyət kəsb etmədiyini söyləyib: «Bu konsertə mənim marağım yoxdu. Ona görə də orada işitrak etmək fikrində deyiləm. Sadəcə, mədəniyyət yazarımız iştirak edərək, konsertdən bir yazı hazırlayacaq».
«Üç nöqtə» qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı isə sözügedən konsertə getməyə vaxtının olmadığını söyləyib. Onun sözlərinə görə, vaxtı olsa belə, Alla Puqaçovanın konsertinə getmək imkanı yoxdu: «Ən əsası vaxt çatışmazlığım var. İkincisi də bu konsertə getməyə maddi imkanım yoxdur. Çünki ailədə o qədər problemlər var ki, bilet almaqdansa, həmin pulu bu məsələlərin həllinə sərf edərəm. Pulsuz bilet verilsəydi, bəlkə də gedərdim». X.Hidayətqızı bu konsertə dəvət almadığını deyərək, qəzet əməkdaşlalarından birinin orada iştirak edəcəyini söyləyib.
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də Alla Puqaçovanın konsertinə getməyəcəyini diqqətə çatdırıb.
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də həmkarları ilə həmfikirdir: “Bu konsertə getməyə imkanım olmayacaq. Digər tərəfdən, Alla Puqaçova mənim zövqümdə olan müğənni deyil». E.Mirzəbəyli bu konsertə təşkilatçılar tərəfindən dəvət olunmadığını da söyləyib.

 

 

Aqil LƏTİFOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir