Modern.az

Azərbaycan İsveç Krallığı ilə pensiya sahəsində əməkdaşlıq edəcək

Azərbaycan İsveç Krallığı ilə pensiya sahəsində əməkdaşlıq edəcək

9 İyun 2011, 15:01

 İyunun 9-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və Azərbaycanda  səfərdə olan İsveç Krallığının Sosial Sığorta Agentliyinin Baş direktoru xanım Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.

Daha sonra DSMF-də nümayəndə heyəti ilə görüş keçirilib. Fondun sədri Səlim Müslümov qonaqları salamlayaraq iki ölkənin sığorta-pensiya orqanlarının Beynəlxalq Sosial Təminat Assosiasiyası çərçivəsində əməkdaşlıq etdiklərini, bu əməkdaşlığın ikitərərfli müstəvidə dərinləşməsinin zəruri olduğunu bildirib. S.Müslümov qonaqlara Azərbaycanın sığorta-pensiya sistemi barədə də ətraflı məlumat verib. O vurğulayıb ki, Azərbaycanda 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Sığorta-pensiya modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir.

A.Lender Azərbaycana ilk dəfədir səfər etdiyini önə çəkərək, ölkəmizin sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun DSMF ilə daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, sığorta-pensiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi  məsələlərini İsveç və Azərbaycan tərəfi artıq bir neçə ildir müzakirə edir: “Azərbaycanın sığorta-pensiya sahəsində qıza zaman kəsiyində inkişaf etməsi  bizim marağımızdadır. Azərbaycan sığorta-pensiya sistemində islahatlara, bizim kimi ölkələrlə müqayisədə gec başlasa da, uğurlu nəticələr əldə edib. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Görüşdə DSMF  və İsveç Krallığının Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdirilib.  Fondda nümayəndə heyəti ilə görüşdən sonra İsveç nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən xüsusi təqdimatla çıxış edib. 

Səfər çərçivəsində nümayəndə heyəti İsveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir