Modern.az

Milli Məclisdə şeytanı lənətlədilər, dinlə bağlı qanuna dəyişikliyi təsdiqlədilər

Milli Məclisdə şeytanı lənətlədilər, dinlə bağlı qanuna dəyişikliyi təsdiqlədilər

10 İyun 2011, 17:52


Modern.az
xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsində hazırlanan “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik bu gün milli Məclisin müzakirəsinə çıxarılıb.

Əvvəlcə İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova qanuna edilən dəyişikliklər haqqında məlumat verib.

O, bildirib ki, dəyişikliklər ölkədə ziyarətgah yaradılmasını qadağan edir: “Əvvəl qanunda nəzərdə tutulurdu ki, dini mərkəz və idarələr ziyarətgah yarada bilər. Hazırda  Azərbaycanda 500-dən çox ziyarətgah var. Qanun dəyişəndən sonra kiminsə ziyarətgah yaratmaq arzusu gerçəkləşə bilməz”.

Komitə sədri əminliklə bildirib ki, indi ölkədə dini qurumların qeydiyyata alınması məsələsində heç bir problem yoxdur. Həm də, qanuna edilən dəyişikliklərdən sonra Azərbaycanda daha nəzir qutuları da yığışdırılacaq. 

Deputat İqbal Ağazadə məhz İslam təşkilatlarının hesabat verməsi tələbindən narazılığını bildirib: “Niyə məhz İslam təşkilatları öz səlahiyyəti haqqında hesabat verməlidir? Necə ola bilər ki, ölkədə olan dini qrupların bir qismi hesabat versin, digəri yox?”.
Deputat hesab edir ki, layihəni hazırlayanlar məsələyə bir qədər azərbaycansayağı baxıblar. Elə hesab ediblər ki, əhalinin 95 faizi müsəlmandırsa, bəsdir.
"Amma azsaylı insanların da bir yerə toplaşıb qeyri-islami icma yaratmaq imkanı verilməyib”.

Qüdrət Həsənquliyev qanunda İslama aid ayrıca bölmə salınmasını təklif edib. O, İslam dini icmalarının yaradılmasının qadağan edilməsini tələb edib: “Çünki İslamda və Quranda icma yaradılması məsələsi yoxdur. Onsuz da müsəlmanlar hamı qardaşdır. Əgər icma yaradırsa, deməli parçalanma yaratmaq istəyir. Əgər sən İslamdan digər siyasi məqsədlər üçün istifadə etmək istəmirsənsə, elə cümə günləri get məscidə”.
Deputat erməniləri ayaqda saxlayan əsas 2 ölkənin müsəlman olduğunu da vurğulayıb: “Bu, heç də Rusiya deyil, Türkiyə və İrandır onları saxlayanlar”.

Oqtay Əsədov bu qanun vasitəsilə Azərbaycanda din sahəsindəki pərakəndəliyə bir qədər nizam-intizam gətirmək istədiklərini bildirib: “Bir də görürsən, kimsə gəlib burda hansısa sekta yaradır, sonra da Avropa Şurasına yazır ki, imkan vermədilər. Bu, tolerantlıq məsələsi deyil”.

Siyavuş Novruzov isə çıxışına “Bismillahir-rəhmanir rəhim” deyib şeytanı lənətləməklə başlayıb. O, dini xadimlər üçün səliqə-səhmanlı bir geyim seçilməsini istəyib. Deputat həmçinin qeyd edib ki, Gürcüstanda baş verənlər ciddi təhlükədən xəbər verir:
“Yer adlarımızı dəyişdirdilər, dinmədik. Sonra çox iş gördülər. İndi də müsəlman idarəsi yaradırlar. Dələduzun birini də gətirib ora sədr qoyacaqlar. Gərək parlamentlərarası dostluq qrupu bu məsələyə münasibət bildirsin”.

Fəzail Ağamalı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasının zəruriliyndən söz salıb. Onun fikrincə, ölkəmizdə İslamla bağlı bütün məsələlər bu idarə vasitəsilə həyata keçirilməlidir. Azərbaycanlıların kompakt yaşadığı yerlərdə QMİ-nin nümayəndəlikləri də yaradılmalıdır”.

İslam Universitetinin rektoru Hacı Sabir Həsənli deputataların bəzi suallarını cavablandırıb.
Spiker Oqtay Əsədov Hacı Sabirə xitabən "İslamın mərkəzi yoxdur" deyib.
Hacı Sabir də bunu təsdiqləyərək "düz deyirsiniz, İslamın mərkəzi yoxdur" söyləyib.
"Elə o səbəbdəndir ki, pərakəndəlik var"-deyə O.Əsədov vurğulayıb.  

Daha sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir