Modern.az

Deputatın cəzalanma qaydası mübahisə doğurdu

Deputatın cəzalanma qaydası mübahisə doğurdu

Aktual

23 Oktyabr 2017, 14:53

Deputatın etik davranışı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə, Milli Məclisinin Daxili Nizamnaməsinə və Seçki Məcəlləsinə düzəlişlərin edilməsinə dair layihənin müzakirəyə çıxarılmamasının səbəbi məlum olub.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, buna səbəb deputat mandatının geri alınması qaydasının tənzimlənməsi istiqamətində bir sıra məsələlərdə ortaq məxrəcə gəlinə bilməməsidir.

Bildirilib ki, ziddiyyətlilik yaranan məsələlərdən biri deputatın cəzalanma qaydasıdır. Konstitusiyaya görə, deputat etik davranış qaydalarını pozduğu halda mandatdan məhrum edilə bilər. Deputatın mandatdan məhrum edilməsi işinin Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən, Milli Məclisin İntizam Komissiyasından ibarət olması istiqamətində çox variantlılıq var. Layihə ilə bağlı müzakirələr parlamentin növbəti sessiyasında aparılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir. Belə ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir. Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur.

Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir. Parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir